“Xəyallarımdakı o ideal müəllim obrazını həyatda da yaratmağa çalışacağam”

Rəna Hüseynova Gəncə Dövlət Universtitetinin məzunudur.  Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan gənc müəllim öz üzərində işləməklə, insanın nələrə nail ola biləcəyini 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda göstərib: “Mən bu gün 22 baldan 60 bala qədər yüksəlməyin, sadəcə sevincini yox, həm də qürurunu yaşayıram. Müəllim olmaq istəyənlərin hamısına öz təcrübəmdən irəli gələn bir məsləhət vermək istəyirəm. Onları əmin edirəm: insan çalışanda, öz üzərində işləyəndə onun bəhrəsini mütləq qazanır. Bu gün əldə etdiyim uğur bunu sübut edir. Savadıma güvənib ilk dəfə müəllimlərin işə qəbulu müsabiqədinə qatılsam da, 22 balla çıxdığım o imtahan mənim üçün xəyal qırıqlığı oldu. Ancaq bu, uzun sürmədi və  qarşıma 22-dən sonra 60 bal toplamağı hədəf qoydum. Əzmim, qətiyyətim bugünkü uğurumun əsl səbəbidir. Bir daha əmin oldum ki, insan qarşısına məqsəd qoyanda  heç bir çətinlik ona əngəl yaratmır ”.

 

Rəna Hüseynova ilk uğursuzluğunu belə izah edir: “Müəllimlərin işə qəbulu imtahanına ilk dəfə 2018-ci ildə qatıldım. Qarşıma çıxan məntiqi suallar zəif tərəfimi çox acı təcrübə ilə göstərdi. Hər hansı xüsusi hazırlıq keçmədən yaxşı müəllim olmaq üçün bu və başqa axsayan tərəflərimi inkişaf etdirməyə başladım. Bu yolda əsas bələdçim isə Günel İsmayılova oldu. Gəncədə yaşayan Günel müəllimin “WhatsApp” qrupu var. Müəllimlərə bu yolla məsləhətlər - hansı kitablardan, necə hazırlaşmaqla bağlı tövsiyələr verir. Həmin qrupda mən də öz testlərimi müəllimlərlə paylaşmışam. Haırlaşarkən, sadəcə hazır test həll etmirdim, həm də özüm suallar hazırlayırdım. Həmin testləri digər hazırlaşanlarla paylaşmaqla işimdən başqalarının da faydalanmasına nail olurdum. Əslində, bununla həm də özümə stimul verirdim. Beləcə, mənə hardan başlayacağıma, necə hazırlaşmalı olduğuma dair məsləhətlər verən Günel müəllimin göstərdiyi istiqamətdə yola çıxdım və nəticəm göz qabağındadır ”.

 

Hazırda Yevlax şəhərində yaşayan Rəna sentyabrda ilk dəfə sinifə girəcək. İndidən çoxlu planları var.  Necə müəlim olacağına gəlincə, həmin müəllim hələlik onun xəyallarındadır: “Hər  bir şagirdinə fərdi yanaşan, onların psixoloji xüsusiyyətlərini nəzərə alan, yeri gələndə müəllim, yeri gələndə ən yaxın insan olan xəyalımdakı o ideal müəllim obrazını həyatda da yaratmağa çalışacağam. Şagirdlərimin hər birini qiymətləndirib, nailiyyətlərinin artması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Məntiq ilk girdiyi imtahanda gözünü necə qorxudubsa, builki dəyişiklik onu sevindirib: “Nə gizlədim, məntiqi sualların testdən çıxarılmasına çox sevindim. Özümü inkişaf etdirmək üçün bu istiqamətdə də hazırlaşmışdım, ancaq qorxularım hələ də vardı. Hətta düşünürəm ki, bəlkə məntiqi suallar olsaydı, 60 balı toplaya bilməzdim” .

 

Ruhiyyə 

 



21.08.2020 | 13:58