Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta təhsilə dəstəyi | |
Karantin
10 milyon əhalisi olan Azərbaycanda 4500 ibtidai və orta məktəb səviyyəsində 1 milyon 500 min şagird və 150 min nəfər pedaqoji heyət var. COVID-19 pandemiyasının yayılması səbəbilə martın 3-də ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlandı. II Dünya Müharibəsindən sonra tarixdə ilk dəfə idi ki, məktəblər ölkə səviyyəsində bu qədər uzun müddətə bağlanırdı.
Teledərslər
Məktəblərin bağlanması səbəbilə Təhsil Nazirliyi çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiyaları nəzərdən keçirdi. 1 nəfər də olsun şagirdin təhsildən kənarda qalmaması qarşıda duran ən vacib məsələ idi. Nazirlik martın 11-də yerli “Mədəniyyət” kanalında “Dərs vaxtı” layihəsinə start verdi. Çox keçmədi ki, digər bir kanal da - “ARB Günəş” də bu təşəbbüsə qoşuldu.
Bu günə qədər Təhsil Nazirliyi karantin dövrünə təsadüf edən və məktəbdə keçirilməli olan bütün fənn və mövzuları, eyni zamanda bütün sinifləri əhatə edən 1600-dən çox teledərs hazırladı.
“Virtual məktəb”: Qeydiyyat
Sosial məsafənin saxlanılması zərurətinin təhsilə yarada biləcək böyük çətinlikləri aradan qaldırmaq məqsədilə Təhsil Nazirliyi təhsil sahəsində uzunmüddətli tərəfdaşı olan Microsoft şirkəti ilə birlikdə aprelin 2-də “Virtual məktəb” layihəsinə start verdi. Öyrənmənin idarəedilməsi üçün effektiv sistem kimi Microsoft Teams platforması seçildi.
Şagird və müəllimlər “Virtual məktəb” (virtual.edu.az) sistemində fərdi olaraq, şəxsiyyət vəsiqəsinin və ya şagird nömrəsi, email və ya telefon nömrəsi ilə qeydiyyatdan keçmək üçün bütün imkanlarla təmin edildilər. Sistem hər bir namizədi Təhsil Nazirliyinin daxili proqram təminatı vasitəsilə yoxlayır və həmin şəxs hal-hazırda şagird və ya müəllimdirsə, o zaman sistem onun Microsoft Teams platformasında qeydiyyatına icazə verir. Namizəd özünün qeydiyyat məlumatlarını 48 saat ərzində əldə edir.
“Virtual məktəb”: Öyrənmə mühiti
“Virtual məktəb” şagirdlər üçün təhlükəsiz öyrənmə mühitidir. Yalnız Azərbaycanda məktəblərdə qeydiyyatdan keçmiş şagirdlər bu platformadan istifadəyə qoşula bilərlər. Eyni yoxlama prosesi müəllimlərə də şamil olunur.
Sistemə daxil olduqdan sonra şagirdlər (a) eyni sinif yaşlarında olmaqla 4500 nəfərlik geniş qruplarda və (b) qeydiyyatda olduğu məktəbin siniflərində olmaqla formalaşıblar: A) Təhsil Nazirliyi şagirdlər üçün geniş qruplar vasitəsilə test tapşırıqları və tədris məzmununa uyğun həftəlik teledərslər təşkil edir. Geniş qruplar Microsoft da daxil olmaqla özündə tədris məzmununu ehtiva edən Flipgrid, MakeCode, Kahoot, Minecraft, LegoEducation kimi digər həvəsləndirici tətbiqlərdən də yararlanırlar. B) Məktəb sinifləri vasitəsilə şagirdlər öz müəllimləri və sinif yoldaşları ilə ünsiyyət qura bilərlər. Sinif müəllimi öz hesabını aktivləşdirdikdən sonra bütün şagirdlər mövcud olan siniflərə avtomatik olaraq qoşulurlar. Bu cür texniki tənzimləmə metodları müəllim və şagirdlərin bir-birini onlayn şəkildə rahatlıqla tapması və dərslərə qaldıqları yerdən davam etmələri üçün mükəmməl imkanlar yaradır.
“Virtual məktəb” məsafədən tədris və təhsil üçün vacib olan bütün effektiv imkanları geniş formada təqdim edir. Şagird və müəllimlər ana səhifədə göstərilən təlimatlar vasitəsilə əlaqə qura, məktəb rəhbərləri isə bu prosesi izləyə bilərlər. Videozənglər vasitəsilə müəllim və məktəb direktorları 1 zəngdə 250 şagirdlə əlaqə qura və ya 10 minə qədər iştirakçını eyni video görüntüyə toplaya bilərlər. Videozəng etmək üçün istifadə edilən digər tətbiqlərdən fərqli olaraq Microsoft Teams platformasında zənglərin müddətinin limiti yoxdur.
Şagirdlər spesifik siniflərdə toplaşdıqları üçün müəllimlərin şagirdləri hansısa formada axtarmağa, digər əlaqə vasitələrindən istifadə edərək əlaqə saxlamasına ehtiyac yoxdur. Dərslərin yaddaşa köçürülərək saxlanması müəllimlərə imkan verir ki, dərsdə iştirak edən və hətta etməyən şagirdləri də sonradan həmin materiallarla təmin etsin.
Müəllim və şagirdlər hər hansı bir uyğunsuzluğun baş verməməsi üçün öz dərs cədvəllərini birlikdə planlaşdıra bilərlər. Platformanın bu xüsusiyyətinin olması ucqar bölgələrdə yaşayan və dərsə qoşulmaq üçün yalnız bir elektron alətdən istifadə edən ailələr tərəfindən çox yüksək qarşılanmışdır. Tapşırıqlar və Qiymətlər imkanının platformaya inteqrasiya edilməsi müəllimlərə müəyyən viktorinalar təşkil etməyə və verilmiş tapşırıqların qoyulan müddət ərzində uğurla təsdiqlənməsinə imkan verir. Fayl bölüşmə imkanları və Microsoft Office 365 məhsulları ilə qarşılıqlı inteqrasiya uğurlu qrup işlərinin təşkilinə və bilik mübadiləsinə çox yaxşı imkan yaradır.
“Virtual məktəb”: Vacib məqamlar
“Virtual məktəb” yarandığı ilk gündən Azərbaycanda ictimaiyyətin və medianın yüksək diqqətini çəkdi. Bir ay yarım ərzində 1 milyon müəllim və şagird platformada qeydiyyatdan keçdi. Layihə ölkənin bütün regionlarını əhatə etdi və hətta bəzi ərazilərdə ümumilikdə müəllim və şagirdlərin 80%-i qeydiyyatdan keçmiş oldu. Müəllim və şagirdlər platformaya şəxsi istəkləri və texniki imkanları daxilində qoşulma sərbəstliyinə sahib olduqları üçün özünü təminetmə strategiyası uğurla baş tutmuş oldu.
Təhsil Nazirliyinə tabe olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi Microsoft şirkəti və yerli şirkətlər olan BestComp, AzEduNet və Edumedia ilə yaxından əməkdaşlıq edərək mümkün texniki və digər problemlərin aradan qaldırılması üçün dəstək göstərdi. Təhsil Nazirliyi yerli “Təhsildə İnnovativ Texnologiyalar” Təhsil Mərkəzi ilə əməkdaşlıq edərək İKT biliklərinə ehtiyacı olan 14 min müəllim üçün vacib təlimlər təşkil etdi.
Bundan başqa, geniş auditoriya, müəllim və şagirdləri dəstəkləmək üçün bir neçə təlim videoları da hazırlanmışdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə razılaşdırılmış formada yerli mobil şəbəkə operatoru olan Azercell 30 min müəllimə pulsuz internet paketi təqdim etdi. AzEduNet isə digər mobil operator istifadəçiləri olan 10 min müəllim üçün internet data trafiki təqdim etdi.
“Virtual məktəb”: İrəliyə doğru
“Virtual məktəb” layihəsinin tətbiq olunması Azərbaycanda təhsil sisteminin sürətli rəqəmsallaşmasına kömək etdi. Çox qısa zamanda bir çox müəllim və şagird onlayn şəkildə sinif otaqlarına “geri dönüş” etdi. Rəqəmsal məzmun və data bizə rəqəmsal qərar vermək üçün möhkəm zəmin yaradır. Müəllimlər tərəfindən hazırlanmış məlumat bazasının əlçatanlığı və rahatlığı, ölkənin daha həssas və az imkanlı bögələrindən olan şagirdlərə şəhər mərkəzində yaşayan həmyaşıdları ilə eyni keyfiyyətli təhsil əldə etməyə imkan yaradır.
Platformanın ölkə miqyasında həyata keçirilməsi Təhsil Nazirliyinə öz işini daha yüksək sürətlə və səmərəli fəaliyyət göstərərək təhsil sistemini inkişaf etdirmək üçün vacib dəstək yaradır.
Görülən işlər və həyata keçirilən strategiya Təhsil Nazirliyinə təlim və tədris prosesini fasiləsiz davam etdirməyə imkan verməklə yanaşı, eyni zamanda hökumətin sosial məsafə planlarını dəstəkləmiş oldu.
Dolayı yolla, həmin portalın auditoriyası təhsil xidmətləri göstərən kiçik və orta biznes sahibkarları üçün iqtisadi çətinliklərdən çıxmaq üçün dəstək verə bilər.
Eyni zamanda “Virtual məktəb”də tətbiq olunan Ümumi İnternet Faylları Sistemi platformanın bir hissəsi olmaqla bir sıra hesabat vermə aləti kimi şəffaf fəaliyyəti təmin etmiş olacaq.
|
|
21.08.2020 | 15:44 | |
|
|
|