Ənənəvi, onlayn, ya hibrid... | |
Dünyanı bürümüş COVID-19, demək olar ki, çox qısa vaxt ərzində bir milyarddan çox tələbə gənci ali təhsildən kənarda qoydu. Ayrı-ayrı ölkələr yalnız təhsil texnologiyaları vasitəsi ilə tədrisin fasiləsizliyini təmin edə bildi. Hazırda universitetlər növbəti dərs ili ərəfəsində özlərinin tədris və təlim sistemlərini yenidən qurmaq üçün səylər göstərirlər. Yeni tədris ili dünya universitetlərində necə başlayacaq - onlayn, yoxsa əvvəllər olduğu kimi, universitet divarları arasında? Əyani və distant təhsilin nisbəti necə olacaq? Növbəti yazımızda bütün bu suallara cavab tapmağa çalışdıq.
Ali məktəblər hibrid modeli üzrə təhsilə qayıdacaqlar
Türkiyənin ali məktəbləri yeni tədris ilinə oktyabrın 1-dən başlayacaqlar ki, bu da planlaşdırılandan bir neçə həftə gec baş verəcək. Ali məktəbə “qayıdış” hibrid modeli üzrə həyata keçiriləcək - təhsil müəssisələri müstəqil surətdə təlim forması barədə qərar verəcək: fərdi şəkildə və ya uzaqdan təhsil. Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarında bildirilir: “Universitetlərə 1 oktyabr 2020-ci ildən tədris prosesinə başlamaq təklif olunub. Universitetlərdə müvafiq şuralar bölgələrdə epidemioloji situasiyaya uyğun olaraq tədris forması barədə qərar qəbul edəcəklər”.
Qərar Səhiyyə Nazirliyi ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Hibrid modeli hər bir regionda pandemik vəziyyət maksimum dərəcədə qiymətləndirilməklə seçilib. Universitetlərə müstəqil olaraq təlim modelini seçmək təklif olunur: fərdi iştirak, uzaqdan öyrənmə forması və ya qarışıq.
Məktəblərdən fərqli olaraq, ali təhsil müəssisələri Türkiyədə tədris prosesinin planlaşdırılması üzrə daha geniş imkanlara malikdirlər və təhsil müddətinin ümumi tələbləri əsasında təhsilin başlanğıcını və sonunu müstəqil müəyyən edirlər.
Ali məktəblərdən fərqli olaraq, ümumtəhsil müəssisələrində tədris prosesi planlaşdırıldığından əvvəl başlanacaq: avqustun 31-dən tədris distant təhsil üzrə başlayacaq, tamməzmunlu məktəb prosesi isə sentyabrın 21-də start götürəcək.
Ən yaxşı universitetlərin payız hazırlıqları
Amerika universitetlərinin yarıdan çoxu qarşıdan gələn yeni tədris ilində öz qapılarını tələbələr üçün açmağı planlaşdırır, lakin auditoriyada iştirak edənlərin sayı əhəmiyyətli dərəcədə azaldılacaq, onlar onlayn dərslərini davam etdirəcəklər.
Pandemiya ilə əlaqədar xüsusilə gənclər arasında xəstələnənlərin sayı sürətlə artmaqda davam edir ki, bu da universitetlərin COVID-19-a qədər adət etdikləri ənənəvi təhsilə necə və nə vaxt qayıda biləcəyi ilə bağlı suallar yaradır.
“The Chronicle of Higher Education” portalının son məlumatlarına əsasən, ABŞ-ın 1200 -dən çox ali təhsil müəssisəsindən yalnız 53 faizi öz tələbələrinə universitet məşğələlərinə başlamaq imkanı verməyi planlaşdırır, 31% isə onlayn və fərdi təhsili birləşdirən hibrid modelinin tətbiqinin mümkünlüyünü nəzərdən keçirir, daha 10% isə distant təhsili seçir.
Ənənəvi təhsil formasına qayıtmağı planlaşdıran təhsil müəssisələrinin böyük hissəsi kiçik özəl kolleclərdir. Bununla yanaşı, iri özəl və dövlət müəssisələrinin əksəriyyəti hibrid təhsil forması təklif edirlər, öz tələbələrinin təxminən yarısı üçün kampusları və auditoriyaları açacaqlar, lakin tədris əsasən distant şəkildə davam edəcək.
ABŞ-ın ən yaxşı ali məktəbi olan Harvard Universiteti öz tələbələrinin 40%-i üçün qapıları açmağı planlaşdırdığını açıqlayıb. Universitetdə hesab edirlər ki, məhz bu qədər tələbəni pandemiya şəraitində sosial distansiya tələblərini nəzərə alaraq, öz ərazisində yerləşdirə bilər. Qarşıdan gələn payız semestrində Harvardda üstünlük ilk dəfə ali təhsilə başlayan birinci kurs tələbələrinə veriləcək, yazda, əksinə, onlar məsafədən oxuyacaqlar, kampusa isə məzunları, eləcə də birinci semestrdə onlayn kursların öhdəsindən gələ bilməyənləri buraxacaqlar. Harvarddan verilən məlumata görə, universitet ərazisində koronavirus xəstəliyi baş qaldırarsa, 250 nəfər üçün eyni zamanda karantin imkanı təmin ediləcək.
Kaliforniyadakı Stanford Universitetinin prezidenti hələ iyunun əvvəlində elan edib ki, payız semestri sentyabrın 14-də adi dövrlərdən bir həftə əvvəl başlayacaq və noyabrın 20-dək davam edəcək. Bunun necə baş verəcəyi, hələ ki, məlum olmasa da, universitet artıq payızda birinci kurs tələbələrinə həyatının gözəlliklərini öyrənməyə, müəllim və tələbə yoldaşları ilə əlaqələr qurmağa başlamaq imkanını təmin etməyə ümid edir. “Universitet ərazisində dərslər keçilsə də, kursların əksəriyyəti 2020-2021-ci tədris ilində onlayn keçəcək”, - deyə Stanford rəhbərliyi bildirib. Məlumata əsasən növbəti ildə distant təhsil nüfuzlu universitetin tələbələri üçün əsas tədris forması olacaq.
Massaçusets Texnologiya İnstitutu (MIT) xəbərdarlıq edib ki, sentyabrın 1-də başlayacaq payız semestrində ərazisinə yalnız 4,5 min tələbənin gəlməsinə icazə verəcək. Prioritet hər hansı bir səbəbdən evdən öyrənə bilməyənlərə və gələcək məzunlara veriləcək. Yazda MIT birinci kurs tələbələri üçün qapıları açmağa ümid edir. “Payızda keçiriləcək kursların əksəriyyəti onlayn olacaq, kampus ərazisində olacaq şəxslər mümkün olduqca kiçik qruplarla əlavə məsləhət alacaqlar”, - deyə universitet rəhbərliyi qeyd edir. Universitetin yataqxanalarında ümumi mətbəxlər bağlanacaq, lakin yeməkxanalarında və kafelərdə yemək üçün 40% endirim təklif olunacaq. Maraqlıdır ki, bu, MIT -ın öz yetirmələrinə yeganə güzəşti deyil: təhsil formasından asılı olmayaraq, təhsil haqlarının dəyişməyəcəyini bildirən Harvarddan fərqli olaraq, MIT qarşıdakı tədris ili üçün nəzərdə tutulan qiymət artımını ləğv edib, həmçinin bir sıra digər kompensasiyalar təklif edib, o cümlədən hər bir tələbəyə 5 min dollar qrant və ödənişli tədqiqat və ya digər işlərin növbəti tədris ilinin ən azı bir semestri ərzində başa çatdırılmasına zəmanət verib.
ABŞ-ın ən nüfuzlu dövlət universitetlərindən biri, Kaliforniya Berkli Universiteti (University of California at Berkeley) də hibrid model təklif edir, kampus dərsləri “arzuedənlər üçün” məhdud qruplarda keçiriləcək. “Tələbələrdən dərslərə getməyi və ya universitet ərazisində olmağı tələb etməyəcəklər, demək olar ki, bütün dərslər uzaqdan əlçatan olacaq”, - universitetdən məlumat verilib.
Yuxarıda təqdim olunan hibrid modellə tədrisi Nyu-Yorkda yerləşən özəl Kolumbiya Universiteti də təklif edir. “Kurslar müxtəlif formatlarda keçiriləcək, demək olar ki, onlayn təlim əsas seçimlərdən biri olacaq. Mümkün olduqca biz təlimi bərpa edəcəyik, biz texniki cəhətdən hər bir tələbənin sinifdə olub - olmamasından asılı olmayaraq, dərslərdə iştirak edə bilməsi üçün sinifləri təchiz edirik”, - deyə universitetdə qeyd edirlər. Plana əsasən, sentyabr ayında Kolumbiya Universiteti I və II kurs tələbələrinin yaşaması üçün öz ərazisini açacaq, yazda isə yataqxananı III və IV kurs tələbələri tutacaqdır. Universitet bununla yanaşı, qeyd edir ki, bu plan tamamilə real vəziyyətdən asılı olacaq və yalnız o halda mümkündür ki, Nyu-Yorkda koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasının dördüncü mərhələsi tətbiq edilsin.
Daha bir nüfuzlu ali məktəb - Yel Universiteti (Konnektikut ştatı) də qarşıdan gələn payız semestri üçün hibrid modeli seçib. “Tələbələr yeni kampus ərazisinə qayıda və “ aşağı sıxlıq” şəraitində yaşaya bilsələr də, əksər hallarda dərslər uzaqdan təşkil olunacaq”, - deyə universitetdən bildirilib.
ABŞ-da COVID-19 xəstəliyinə tutulanların sayının 3,7 milyonu ötdüyü bir şəraitdə bu cür yanaşmanın rezonans doğurduğunu Cənubi Kaliforniya Universitetinin fəxri professoru Uilyam Tierney təsdiq edir. “Ənənəvi təlim prioritetdir, lakin pandemiya şəraitində onlayn təlim yanvar ayına qədər yeganə seçim olaraq qalır”, - deyə ekspert bildirib.
Zərurət yarandığı təqdirdə dərslər onlayn keçiləcək
“The Brussels Times” qəzetinin məlumatına əsasən, Belçika ali məktəbləri sentyabrın sonuncu ongünlüyündə fəaliyyətə başlayacaq. Leven Universitetinin rektoru Lyük Sels qeyd edib ki, hər şey ölkədə koronavirusun göstəricilərindən asılı olacaq. “Dərslərin başlanması universitet həyatı, müəllimlər və tələbələr üçün yaxşı bir xəbərdir. Universitet auditoriyaları yüksək səviyyədə tələbələrimizlə dolacaq və bununla bağlı kampusda bir çox tədbirlər təşkil edə bilərik”.
Söhbət təhsil müəssisələri tərəfindən pandemiya ilə əlaqədar təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunacağı və praktikada necə tətbiq ediləcəyi məsələsi ilə bağlıdır. Belçikada tədris ili koronovirus təhlükəsinin “sarı səviyyəsi” ilə başlayacaq. Sarı səviyyə o deməkdir ki, təhsil müəssisələri fəaliyyətini davam etdirəcək, lakin tədris maksimum dərəcədə tələbə şəhərciyinin ərazisində təşkil olunacaq. Bundan əlavə, zərurət yarandığı təqdirdə tədrisin onlayn təşkili nəzərdə tutulur.
Tədris uzaqdan təşkil olunacaq
İsrailin bir sıra ali təhsil müəssisələri kimi Tel-Əviv Universitetində də yeni tədris ilinin ən azı birinci semestrinin sonuna qədər dərslər məsafədən təşkil olunacaq. Universitet administrasiyası avqustun 16-da bu barədə qərarını açıqlayıb. Eyni zamanda, tələbələrin fiziki iştirakını tələb edən laboratoriya işləri və digər məşğələlər Səhiyyə Nazirliyinin göstərişlərinə əməl edilməklə adi rejimdə həyata keçiriləcək. Ölkənin Yəhudi Universiteti, Bar-İlan Universiteti və Neqevdə Ben-Qurion adına Universitet də analoji bəyanatlarla çıxış edib.
Distant təhsil qismən tətbiq olunacaq
Ölkənin ali təhsil müəssisələrində yeni tədris ilinin sentyabrın 1-də ciddi təhlükəsizlik tədbirlərinə əməl edilməklə başlanması planlaşdırılır. Litvanın Təhsil, Elm və idman naziri Algirdas Monkyaviçus universitetlərin birinci kurs tələbələrinə və professor-müəllim heyətinə tədris ilinə daha gec başlamağı da tövsiyə edib, çünki koronavirus infeksiyasına görə orta məktəblərin buraxılış imtahanları gec keçirilib və yalnız avqustun sonunda ali məktəblərə qəbul başa çatacaq.
Nazir orta məktəblərin yuxarı sinif şagirdləri üçün distant təhsilin qismən tətbiqini istisna etməyib. Onun fikrincə, məktəbəqədər və ibtidai təhsil üz-üzə olmalıdır. Nazir kiçikyaşlı uşaqların evdə tək qalmasının mümkün olmadığını açıqlayıb, buna görə də məktəbəqədər müəssisələrdə və ibtidai siniflərdə onlara şərait yaradılmalıdır.
Ənənəvi və distant format
Rusiya ali təhsil müəssisələrinin əksəriyyətində yeni tədris ili sentyabrın 1-də əyani formatda lazımi profilaktik tədbirlərə əməl olunmaqla başlayacaq. Bu barədə Elm və ali təhsil naziri Valeri Falkov Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib. V.Falkov qeyd edib ki, “Rospotrebnadzor” tərəfindən koronavirus infeksiyasının profilaktikası üzrə xüsusi tövsiyələr hazırlanıb. Universitetlər onlarla tanış olublar.
Xatırladaq ki, nazir bir qədər əvvəl ali məktəblərdə dərs ilinin onlayn formatda başlanmasını istisna etməyib. O, həmçinin qeyd edib ki, yeni tədris ilində müəllimlər və tələbələr üçün maskalardan istifadə mütləq tələb olacaq. Bununla belə, müəllimlər maskalar olmadan mühazirələr oxuya biləcəklər. Əcnəbi tələbələr isə Rusiya Federasiyasına gəldikdən sonra 2 həftə karantində qalmalı və testdən keçməlidirlər. Ali məktəblərdə məsafədən tədrisin təşkili də istisna olunmur.
Bununla belə, ölkənin bir sıra nüfuzlu ali məktəblərində yeni tədris ilinin ənənəvi, distant təhsil formalarından istifadə olunmaqla başlanmasını istisna etmirlər. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi qeyd eib ki, yeni tədris ili MDU-da distant formatda başlaya bilər. “Düşünürəm ki, çevik ssenari var, bəlkə də tədris əvvəlcə bir qədər məsafədən, sonra isə əyani şəkildə başlaya bilər”. Rektor əcnəbi tələbələrin bir semestr distant tədrisə cəlb olunacağını deyib.
MDU ilə yanaşı Ural Federal Universiteti, Moskva Fizika Texnik İnstitutu, Kazan Federal Universiteti, Tomsk Politexnik Universiteti, Novosibirsk Dövlət Universiteti, İ.Kant adına Baltik Federal Universiteti, Uzaq Şərq Federal Universiteti və digət təhsil müəssisələrində də əcnəbi tələbələr üçün dərs ili distant formatda başlayacaq.
Oruc MUSTAFAYEV |
|
21.08.2020 | 11:43 | |
|
|
|