Dövlət Proqramı məzunları ilə ”Təhsildə keyfiyyət təminatı” mövzusunda növbəti videogörüş

Avqustun 19-da Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları olan və hazırda ali təhsil müəssisələrində çalışan gənclər arasında növbəti videogörüş keçirilib. 

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə baş tutan görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuraraq  ölkəmizin ali təhsil müəssisələrində çalışmaqda olan məzunların təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı düşüncə, təklif və tövsiyələri ilə  tanışlıq olub. 

 

Tərəflər arasında baş tutan müzakirələr zamanı təhsil sahəsinin strateji inkişaf hədəflərinin reallaşdırılması, müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin  formalaşdırılması və pandemiya dövründə ali təhsildə keyfiyyətin təmin olunmasının mexanizm və alətləri müzakirə olunub. 

 

Görüşdə çıxış edən Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri Dövlət Proqramı məzunlarının təhsilin keyfiyyətinin yüksəldilməsinə verə biləcəyi töhfələrin təhsilimizin inkişafı üçün müstəsna əhəmiyyət daşıdığını və müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin  formalaşdırılmasında xüsusi önəm kəsb etdiyini qeyd ediblər. 

 

Qeyd edək ki, daha əvvəl iyulun 20-də də belə məzmunda görüş baş tutmuşdur.

 

 



20.08.2020 | 20:46