"Müəllimlər yenilikçi olmaq üçün yaradıcı olmalıdırlar"

İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatının (OECD)  Təhsil məsələləri üzrə direktoru,  "PISA"-nın atası Andreas Şleyxer karantin dövründə  öyrənmək üçün zəruri  resurslara malik şagirdlər və tədrisdən uzaq düşənlər arasında yaranan fərqlər barədə xəbərdarlıq edir. İspaniya mətbuatına verdiyi müsahibəsində A.Şleyxer pandemiya dövrünün təhsil şərtləri, növbəti dalğalar şəraitində təhsil  sisteminin cavab reaksiyaları, müəllimlərin hazırlığı kimi məsələlərə toxunub.

 

- Karantin dövründə təhsilin necə işlədiyinə dair ilk nəticələr hansılardır?

- Biz 36 ölkədən məlumat topladıq. Orta hesabla, pandemiyanın əvvəlindən öyrənmək üçün 46 gün itirildi və bu, böyük rəqəmdir. İspaniya kimi bəzi ölkələrdə  bu rəqəm daha böyükdür. Öz valideynlərinin dəstəyindən istifadə edən, motivasiya və müstəqil təhsil almaq qabiliyyətinə malik olan bəzi təhsilalanlar rəqəmsal texnologiyalar, elektron təhsil, radio və ya televiziya kimi alternativ təlim üsullarından istifadə edirlər. Onlar böhrandan çox yaxşı çıxdılar.

 

Lakin texnologiyalara çıxışı olmayan, valideyn dəstəyindən məhrum uşaqlar   müstəqil şəkildə çətinliklə öyrəndilər, çox əziyyət çəkdilər. Beləliklə, biz şagirdlər arasında artan fərqləri müşahidə edirik.

 

- Ölkələr arasındakı fərqlər onların texnoloji cəhətdən daha yaxşı hazırlanmasından qaynaqlanırmı?

- Bu, təhsilin mühüm hissəsi olan texnologiyalar, eləcə də müəllimlərin imkanları ilə bağlıdır.  Müəllimlərə  daha çox sərbəstlik, muxtariyyət verən sistemlər var. Hollandiya, Finlandiya və ya Estoniyada hətta adi vaxtlarda belə, müəllimlər müstəqil şəkildə məşğələlər təşkil edə bilirlər. Beləliklə, dəyişikliklərə  uyğunlaşmaq onlar üçün daha asandır. Hər şeyin mərkəzləşdirildiyi sistemdə isə müəllimlərə dəyişikliklərə uyğunlaşmaq çətindir. Siz,  əgər baxsanız ki,  Asiyada niyə  hər şey yaxşı getdi, məhz ona görə ki,  müəllimlər yalnız dərs keçmir.  Oradakı  müəllimlər sinifdənkənar məşğələlərə Avropada olduğundan daha çox vaxt sərf edirlər.

 

- İspaniya və ya İtaliyada məktəbləri açmamaq səhv idi?

- Hesab etmirəm ki, əvvəllər olduğu kimi, məktəbləri açmaq lazım idi. Məktəbdə sosial  məsafə tətbiq etmək lazımdır, sinifdə çox şagird ola bilməz;  evdə təhsil ilə məktəbdə təhsili uzlaşdırmaq lazımdır. Əgər bunlar  həyata keçirilsə, məktəbləri tez bir zamanda açmaq daha yaxşıdır.

 

- Təhsilalanlar  arasında böyük bir boşluq yarandımı?

- Nəzarətdən çıxanlar,  ehtimal ki, böhrandan əvvəlki dövrdə də tədrisdə  geridə qaldılar, buna görə ikiqat "cəzalandırıldılar". Məktəblər yenidən açılan zaman  hər kəsi siniflərə almaq mümkün olmasa da, əminlik lazımdır ki, onların öyrənmək üçün üz tuta biləcəkləri yer var.  Buna görə də məktəb yalnız akademik təhsil üçün deyil, həm də sosiallaşma üçün çox vacib yerdir.

 

- Uzaqdan öyrənmə onlara necə təsir göstərir?

- Problem ondadır ki, əgər sən  məktəbi sevmirsənsə, yaxşı şagird ola bilməyəcəksən. Müstəqil surətdə öyrənmək imkanlarına malik olmaq lazımdır. Əgər siz məktəb sistemindəsinizsə, hər gün müəllimlər sənə nə etməli olduğunu deyir,  kompüter qarşısında  oturarkən isə sən nə etmək lazım olduğunu bilmirsən. Distant təhsil müstəqil öyrənmə təcrübəsi olmayan gənclər üçün çox çətindir.

 

-  Növbəti dəfə   karantin tətbiq olunarsa, yeni təlim protokolunu hazırlamaq lazım olacaqmı?

- Mən olduqca optimistəm.  Düşünmürəm ki,  biz təkrarən ümumi karantin rejimini təkar edəcəyik. Düşünürəm ki,  şagirdlər üçün ayrı-ayrı siniflər yaradılmalıdır, şagird və müəllimlərin daha çox fərdi qiymətləndirmələri  olacaqdır. Növbəti dalğaya gəlincə, onun baş verməsi ehtimaldır,  bir çox ölkələrə əlavə hazırlıqlar tələb olunacaq.

 

- Müəllimlərin hazırlanmasında prioritetlər hansılardır?

- Müəllimlər yenilikçi bir təlimin inkişafına yaradıcı yanaşmalıdırlar. Bu, yalnız texnologiya məsələsi deyil. Onlar öz şagirdlərinə bələd olmalı, onlarla ünsiyyətdə olmalıdırlar.  Keçmişdə şagirdlər sinfə gəlirdilər, sizin qarşınızda otururdular və sadəcə olaraq dərsdə iştirak edirdilər. İndi isə şagirdlər yalnız onlara reaksiya verdiyinizə, onların kim olduğunu, hansı xəyallar, arzularla yaşadıqlarını bildiyinizə  görə dərsdə iştirak edirlər. Müəllimlər tədrisin sosial ölçüsü,  emosional inkişaf haqqında daha çox düşünməlidirlər. Şagirdlər onlara reaksiya verən müəllimləri, onlarla ünsiyyət saxlayan, münasibətlərin formasını quranları xatırlayacaqlar.

 

- Süni intellekt müəllimləri əvəz edə bilərmi?

- Süni intellekt və texnologiyalar yaxşı təlimləri gücləndirə və sürətləndirə bilər, lakin onlar pis təlimləri əvəz edə bilməzlər. Təlim bir əməliyyat fenomeni deyil, həmişə relational bir fenomendir. Texnologiya yaxşı müəllimlərin imkanlarını genişləndirməyə kömək edə, daha interaktiv, əyləncəli, adaptiv edə  bilər. Amma koronavirus yaxşı müəllimlər olmadan yaxşı bir öyrənmə olmadığını göstərdi.

 

- Böhran ölkələr arasındakı fərqləri onların vəziyyətə uyğunlaşmaq qabiliyyətinə görə dərinləşdirəcəkmi?

- Bəli, hesab edirəm ki, bu, baş verə bilər. Biz görürük ki, böhrana tez reaksiya verən, yaxşı təlim gücünə malik olan, çox tez uyğunlaşan ölkələr var. Digər ölkələrin bir sıra problemləri var.


 

- İspaniya hansı vəziyyətdədir?

- Mən çox təsirləndim. İspaniya  ən kiçik yaşlı uşaqlar üçün televiziya  təlimini, televiziya ilə öyrənməni  olduqca tez bir zamanda başlatdı. 15 gün ərzində İspaniya Fransadan daha yaxşı surətdə dəyişikliklərə adaptasiya olundu.  Həmçinin görünən odur ki, ispaniyalı təhsilalanlar indi daha çox fəqlidirlər.

 

Oruc MUSTAFAYEV

 

 



20.08.2020 | 12:22