“Yeni çağırışlar və hədəflərə doğru”

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Yeni çağırışlar və hədəflərə doğru” adlı gənc müəllimlər üçün onlayn görüş keçirilib.

 

200 nəfərə yaxın təhsil işçisinin iştirakı ilə təşkil olunan görüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkilləri Etibar Əliyev və Şahin Seyidzadə iştirak ediblər.

 

Görüşdə Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, bəşəri və mədəni dəyərlərə hörmət aşılanmasının əsas yer tutduğunu xüsusi qeyd edən Təhsil nazirinin müavini Firudin Qurbanov son illərdə ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş və hazırda icrası davam etdirilən bir çox dövlət proqramlarında istedadlı gənclərin müəyyən edilməsi, yüksək intellektual bacarığa malik insan kapitalının formalaşdırılmasının müstəsna əhəmiyyətini vurğulayıb. Nazir müavini pandemiya və post-pandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artması və müxtəlif sahələrdə qlobal fəaliyyətə onların cəlb edilməsinin ölkənin təhsil sisteminin əsas məqsədlərindən biri olduğunu bildirib.

 

Firudin Qurbanov müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən işlərdən, ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının şəffaflıq və obyektivlik baxımından təkmilləşdirilməsindən danışıb, həmçinin bu sahədə davamlı olaraq stimullaşdırıcı tədbirlərin həyata keçirildiyini vurğulayıb.

 

Azərbaycanda gənclərlə iş sahəsində həm hökumət strukturlarının, həm milli donor institutlarının və eləcə də ictimai qurumların uğurlu fəaliyyətini, səmərəli əməkdaşlığını qeyd edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəhbərlik etdiyi qurumun gənclərə və onların birləşdiyi gənclər təşkilatlarına yönəlik fəaliyyətlərini, hədəflərini və gələcək addımlarını gənc müəllimlərin diqqətinə çatdırıb. Fərid Cəfərov gənc müəllimlərin təhsil və sosial inkişaf sahələrinə marağını nəzərə alaraq, onları Gənclər Fondunun imkanlarından fərdi və təşkilat olaraq yararlanmağa dəvət edib.

 

Gənclərin müasir dövrün tələblərinə uyğun yeni çağırış və hədəflərə doğru bilik və bacarıqlara yiyələnməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən millət vəkili Etibar Əliyev gənc müəlimlərin üzərinə düşə bilən vəzifələri sadalayıb. Cəmiyyətdə gənclərin aparıcı qüvvə olduğunu bildirən millət vəkili gənc müəllimlərin beynəlxalq və regional inteqrasiya sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadilələri aparmalarının təhsilə müsbət nəticələr gətirəcəyini vurğulayıb.

 

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin real nəticələrini, gənclərin həyat və fəaliyyətində təsirli dəyişikliklərini qeyd edən millət vəkili Şahin Seyidzadə gənc kadrlara yaradılan imkanları və görülən işləri nəzərə çatdırıb. Şahin Seyidzadə pandemiya şəraitində gənc müəllimlərin aktiv, onlayn və sosial fəaliyyətini və eləcədə post-pandemiya dövrü üçün davamlı addımlarını yüksək qiymətləndirib.

 

Onlayn görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.

 

 



14.08.2020 | 13:49