Azərbaycan Respublikası Təhsil Nazirliyinin orta ixtisas və ali təhsilə dəstəyi | |
Ümumi məlumat
10 milyon əhalisi olan Azərbaycanda ümumilikdə 56 orta ixtisas və 52 ali təhsil müəssisəsində 211716 tələbə əyani formada təhsil alır. Bu təhsil müəssisələrində 20514 nəfər pedaqoji heyət çalışır. 2020-ci ilin martın 3-də yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbi ilə ölkədə rəsmi karantin rejimi elan edildikdən sonra bütün təhsil müəssisələri bağlandı.
Ölkənin ali təhsil müəssisələrində əyani formada təhsil alan təxminən 40089 tələbə sonuncu tədris ilini fərdi kurs işləri formasında başa vurdu. 171627 tələbə və 20514 nəfər pedaqoji heyət isə məsafədən təhsilə cəlb edildi. Bunun üçün ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin bir çoxu məsafədən təhsilə qoşulmaq məqsədi ilə gərəkli rəqəmsal təchizat və hazırlıq işləri gördülər.
Ödənişsiz onlayn öyrənmə və əməkdaşlığın idarə edilməsi sistemi
Təhsil Nazirliyi sosial məsafə problemini və onun təhsilə olan təsirlərini azaltmaq üçün bu ilin martın 12-dən başlayaraq təhsil müəssisələrini ödənişsiz onlayn əməkdaşlıq və öyrənməni idarəetmə sistemi ilə təmin etmək təşəbbüsünə start verdi. Belə ki, Təhsil Nazirliyinin və onun uzunmüddətli əməkdaşlıq üçün tərəfdaşı olan “Microsoft” şirkətinin birgə dəstəyi ilə təhsil müəssisələri “Microsoft Teams” proqramının quraşdırılması, istifadəçilərin qeydiyyatı, texniki dəstək və metodik vəsaitlərlə təmin olundular.
Layihənin həyata keçirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün Təhsil Nazirliyinin tabeliyindəki qurumlar və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi birlikdə işçi qrup yaradıb.
Təhsil Nazirliyi “Microsoft Teams” platformasının qeydiyyatı üçün təhsil müəssisələrinə dəstək göstərməklə bərabər, eyni zamanda müəllim-şagird və dərs bölgüsünü, müəllimlər və texniki heyət üzvləri üçün Azərbaycan dilində təlim vəsaitlərini təmin etmişdir. Beləliklə, təhsil müəssisələri “Microsoft Teams” platforması da daxil olmaqla bütün bu imkanlardan ödənişsiz yararlanıblar.
“Microsoft Teams” platforması sərt karantin dövründə tələbələrin kurs işlərinin təqdim edilməsinə və təhsil prosesinin fasiləsiz, səmərəli, təhlükəsiz və məsafədən təşkil olunmasına əhəmiyyətli dərəcədə kömək edib.
Səmərəlilik
Onu da qeyd edək ki, “Microsoft Teams” platforması geniş həcmdə funksiyalar təqdim edir. Belə ki, burada onlayn təqvimdən istifadə etməklə dərs və mühazirələrin cədvəlini müəyyənləşdirmək, kurs materiallarının bölüşdürülməsi (tədris proqramları, mühazirələr, tapşırıqlar və s.), tədris materiallarının yüklənib saxlana bilməsi, qrup və fərdi işlərin təsdiq edilməsi, müəllim və şagirdlərin qarşılıqlı əlaqələrinin qurulması, müzakirələrin təşkili və s. işləri həyata keçirmək imkanları var. Sistemin əsas üstünlüyü isə yalnız qeydiyyatdan keçmiş insanların istifadə etməsidir ki, bu da təhlükəsiz formada məsafədən təhsil mühitinin yaradılmasını təmin edir.
Təhsil Nazirliyi həmçinin onlayn qiymətləndirmə funksiyasının sistemə inteqrasiya olunması imkanlarını da nəzərdən keçirir.
Məlumdur ki, təhsil prosesində yarana biləcək hər hansı bir ləngimə əlavə xərclərə ehtiyac yarada və dövlət büdcəsindən əlavə vəsaitin xərclənməsinə gətirib çıxara bilər. Məhz Təhsil Nazirliyinin vaxtında müdaxiləsi nəticəsində bu gün 39 ali və orta ixtisas təhsili müəssisəsi məsafədən təhsil platformalarına - imkanlarına sahibdir. Onlardan 35-i “Microsoft Teams” platformasından istifadə edir. 110 mindən çox tələbə və müəllim adıçəkilən platformanın aktiv istifadəçisidir. Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisələrinə təqdim edilən bu xidmətlər dərslərin ləngimə olmadan keçirilməsini və biliklərin bölüşülməsini, eyni zamanda milli qiymətləndirmə meyarlarına uyğun olaraq illik qiymətləndirmələrin aparılmasını uğurla təmin edir.
|
|
14.08.2020 | 13:30 | |
|
|
|