37299 abituriyent üçün qəbul imtahanları | |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13-14 avqust 2020-ci il tarixlərində qəbul imtahanları keçiriləcək.
Qurumdan verilən məlumata görə, imtahanlar respublikanın 35 şəhər və rayonunda olacaq.
Qeyd edilən tarixlərdə konkret kimlərin və hansı qruplar üzrə imtahan veriləcəyi göstərilib: • cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları; • I və IV ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.
İmtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Bildirilib ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi; - Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilərlər.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.
Xəbərdarlıq edilib ki, bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 164 ümumi imtahan rəhbəri, 490 imtahan rəhbəri, 3754 nəzarətçi–müəllim, 328 buraxılışı təşkil edən əməkdaş, 164 bina nümayəndəsi ayrılıb.
Avqustun 13-də keçiriləcək imtahanlarda 19197, avqustun 14-də keçiriləcək imtahanlarda isə 18102 nəfər olmaqla, ümumilikdə 37299 abituriyentin imtahanlarda iştirakı nəzərdə tutulur. Bunlardan 14232 nəfər II ixtisas qrupu, 22607 nəfər III ixtisas qrupu üzrə qəbul imtahanının ikinci mərhələsini, 460 nəfər isə I və IV ixtisas qrupları üzrə əlavə xarici dil imtahanını verənlərdir.
Bildirilib ki, ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır.
|
|
12.08.2020 | 10:04 | |
|
|
|