Müəllimlər üçün kurikulum üzrə sınaq imtahanı | |
Avqustun 12-də “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start veriləcək. Sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.
20 sualdan ibarət olacaq sınaq imtahanında hər sualın düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar isə ümumi nəticəyə təsir göstərməyəcək. Sınaq imtahanının sonunda müəllimlər öz nəticələri ilə tanış ola biləcəklər.
Hər müəllim üçün sınaq imtahanında bir dəfə iştirak etmək hüququ verilir. “Kurikulumun tədrisi üzrə vebinarlar”ın sonuncu buraxılışında sualların düzgün cavabları təqdim olunacaq və bununla da artıq 3 aydır ki davam edən “Kurikulumun tədrisi üzrə vebinarlar” başa çatacaq.
Qeyd edək ki, sınaq imtahanı “Virtual məktəb”də Azərbaycan və rus bölmələri üzrə müəllimlər üçün keçirilən “Kurikulumun tədrisi üzrə vebinarlar”dakı mövzuları əhatə edir. Vebinarların keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirmə üzrə aparılacaq imtahanlara hazırlığa dəstək göstərməkdir.
İlk dəfə 14-24 iyul tarixlərində təşkil olunan sınaq imtahanlarında 5926 nəfər Azərbaycan bölməsi, 1583 nəfər rus bölməsi olmaqla ümumilikdə 7509 müəllim iştirak edib. Nəticələrə əsasən, iştirakçıların 87 faizi 15-dən çox suala düzgün cavab verərək sınaq imtahanından uğurla keçiblər. 68 nəfər isə təqdim olunan bütün sualları düzgün cavablandırıb.
|
|
11.08.2020 | 13:26 | |
|
|
|