BDU-nu fərqlənmə diplomu ilə bitirən məzunlar | |
Dörd il əvvəl başlanan ali təhsil onlar üçün artıq bitdi. Seminarlar, həyəcanlı imtahanlar, ev tapşırıqları, kurs işləri, sərbəst işlər, daha nələr geridə qaldı və yeni bir yolun başlanğıcına qədəm atıldı. Onlar Azərbaycanın ilk ali təhsil ocağı Bakı Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən məzunlardır. Qarşılaşdıqları çətinliklər onları heç vaxt ruhdan salmadı. Artıq müxtəlif sahələr üzrə hazır mütəxəssislərdir.
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi universiteti fərqlənmə diplomu ilə bitirən məzunların kövrək notlu təəssüratlarını təqdim edir...
Fizika fakültəsinin məzunu Dilarə Piriyeva: BDU-da təhsil almaq uşaqlıq xəyalım olub. Orta məktəb illərində hər il televiziya ekranlarından BDU-dakı məzun gününü izləyəndə o hissləri, doğrudan da yaşayırmış kimi qəribə bir həyəcan keçirirdim. Nəhayət, 2016-cı ildə 561 balla fizika fakültəsinin fizika ixtisası üzrə ingilis bölməsinə daxil oldum. İlk dərs gününü səbirsizliklə gözləyirdim: yeni insanlar, yeni müəllimlər, yeni və fərqli mühit... Fakültəmizdə təşkil olunan ali məktəb tələbələrinin Respublika elmi konfransında iştirak edib, “Ən yaxşı tələbə tədqiqat işi”nə görə diplomla təltif olunan tələbələr sırasında yer tutdum. Bakı Ali Neft Məktəbində təşkil olunan Ümummilli lider Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş “Respublika Tələbələrinin Elmi Texniki Konfransı”nda I dərəcəli diploma layiq görüldüm. Universitet həyatımın maraqlı keçməsində TEC, TGT, THİK kimi tələbə təşkilatlarının da böyük rolu olub. Fakültəmizi müxtəlif yarışlarda, təhsil sərgilərində təmsil etmişəm. Universitetimizin 100 illiyinə həsr olunmuş tədbirdə fizika fakültəsini təmsil edən heyətin üzvü olmuşam. Bütün bunları qeyd etməkdə məqsədim universitet tələbələrinin və tələbə adını daşıyacaq abituriyentlərin elmi tədbirlərə vaxt ayırmalarının vacibliyini vurğulamaqdır. Sevdiyiniz ixtisas üzrə təhsil alırsınızsa, bütün çətinliklərin öhdəsindən gələ bilirsiniz.
Jurnalistika fakültəsinin məzunu Nərmin Məmmədova: Dönüb arxada qoyduğum dörd ilə baxdığım zaman hər anını doya-doya yaşadığımın fərqinə varıram. BDU-ya qəbul olmaq mənim uşaqlıq arzum idi. Məktəb illərində hansı peşəyə yiyələnmək istədiyimi sual verdiklərində, mən ağız dolusu “Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olacam”- deyirdim. Nə xoş ki, bu arzu indi bir xatirəyə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq böyük qürurdur; yaxşı ki, mən də BDU-nun məzunuyam! Universitetimizin tələbəsi və məzunu olan hər kəsə, xüsusilə jurnalist ixtisasını bitirlənlərə hər yerdə yaşıl işıq yanır. Fərqlənmə diplomunu əldə etməyi çox arzulayırdım. Dörd ilimi hər zaman oxuyaraq, çalışaraq, müəllimlərimin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olaraq başa vurmuşam. Hər semestrdə özüm-özümlə yarışırdım, sanki. İmtahan nəticələrimi yüksək tutmağa, akademik göstəricilərimdə hər zaman irəliləyiş əldə etməyə çalışırdım. Çətin, məsuliyyətli, əyləncəli və ən əsası təcrübələrlə dolu dörd il gəldi-keçdi...
Mən ixtisasımla bağlı hər zaman uğur qazanmışam. Fakültəmizdə mütəmadi şəkildə tədbirlər, seminarlar, təlimlər təşkil olunurdu. Peşəkar media nümayəndələri ilə tez-tez bir araya gəlir, onlardan yeni-yeni biliklər öyrənirdik. Jurnalistika fakültəsinin təşkilatçılığı ilə bu cür tədbirlər və seminarlar çox keçirilirdi. Tələbəlik illəri unudulmaz olur- deyirdilər, elə imiş həqiqətən də. Dostlarımla birlikdə yaddaşımıza həkk olunan yüzlərlə xatirəmiz var: qrup yoldaşlarım, fakültə tələbələri ilə keçirdiyim hər gün mənə görə yaddaqalan idi – akt zalında quruluş verdiyimiz tamaşalar, tele-radio studiyasında ərsəyə gətirdiyimiz verilişlər, layihələr. Hazırda Baku TV-də xarici xəbərlər departamentində müxbir kimi çalışıram. Dörd il ərzində nəzəri cəhətdən öyrəndiklərimi təcrübədə tamaşaçıya təqdim edə bilmənin qürurunu yaşayıram. Karyerama fokuslanmaq və bu yolda uğur əldə etməyi planlayıram. İnanıram ki, məndə alınacaq.
Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmli: Qəbul olacağım universiteti, gələcək tələbəlik həyatımı düşünərkən, hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçimim qəti şəkildə BDU oldu. Universitetdə tam 6 il- 4 il bakalavr, 2 il isə magistratura pilləsində təhsil aldım. Tələbəlik illəri mənə təkcə elm, savad qazandırmadı. Eyni zamanda bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz rol oynadı. Tələbəlik illərində aktiv sosial həyat da vacibdir. Bu baxımdan BDU-da tələbələr üçün əlverişli şərait yaradılıb. Mən də bir çox seminarların, tədbirlərin iştirakçısı olub, müxtəlif sertifikatlar əldə etmişəm. Universitetimizdə Qazaxıstandan, Türkiyədən gələn tətqiqatçılar və tələbələrlə elmi müzakirələr aparmışıq. İmtahan sessiyalarında böyük səylə çalışan tələbələr hər zaman yüksək qiymətləndirilir. Magistraturaya qəbul olmağa qərar verdikdə, düşündüyüm tək məqam vardı: qəbul imtahanında yüksək bal toplamaq və yenidən BDU-nu seçmək. Çox şükürlər olsun ki, 2018-ci ildə tarix ixtisası üzrə qəbul imtahanında respublika üzrə ən yüksək balı (117) toplayıb yenidən BDU-ya daxil oldum. Magistr illərim də bakalavr illəri qədər maraqlı və məhsuldar keçdi. Öyrəndiklərimi möhkəmləndirdim, biliklərimi daha da genişləndirdim və fərqlənmə diplomunu qazandım.
Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Samirə Məmmədli: BDU mənə ixtisasım üzrə lazımi bilik və təcrübə verdi; professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaratdı, yaxşı dostlar qazandırdı. Təhsil aldığım ixtisas üzrə bir neçə müəssisədə təcrübədə olmuşam. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübi tərəfini öyrənmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilmiş tədbirlər universitet həyatımı daha da rəngarəng edib. 2020-ci ildə Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Magistraturada təhsil aldığım müddətdə bakalavrların dərs prosesində iştirak edərək pedaqoji təcrübə toplamışam. Bu proses biliklərimi təkrarlamaqda və möhkəmlətməkdə mənə çox kömək olub.
Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə göyə sığmadıq. Bu gün universiteti fərqlənmə diplomu ilə bitirməyin qürurunu yaşayıram.
Hüquq fakültəsinin SABAH qrupları məzunu Sevinc Sadıqova: Unudulmaz tələbəlik illərini BDU-da keçirmək çox sevindiricidir. Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağımda əsas rol oynadı. SABAH qruplarında yaradılan imkanlar, müəllim kollektivi və qrup yoldaşlarımızla rəqabət mühiti oxumağa daha da həvəsləndirirdi. Tələbələrin əksəriyyəti kimi seminarlara, imtahanlara hazırlaşmaq, sərbəst işlər yazmaq üçün çox çalışmışam. Təhsil aldığım müddətdə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişəm. “Hüquq” jurnalının icraçı redaktoru vəzifəsində çalışaraq bu sahənin incəliklərini öyrənmişəm. İmitasiya məhkəmə müsabiqələrində iştirak edərək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində çalışmışam.
Gələcəyin ədalətli, savadlı hüquqşünaslarından biri olmaq istəyirəm. Xüsusən dövlət strukturlarında çalışmaq ən böyük arzumdur. Mən hər zaman fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam.
Geologiya fakültəsinin məzunu Elnur Qasımov: Təhsilimin bakalavr və magistratura pilləsini BDU-da başa vurmuşam. Universiteti fərqlənmə diplomu ilə bitirmək çox az sayda tələbəyə nəsib olur. Bunun üçün gündəlik dərslərdə iştirak edib, standart tapşırıqları həll etmək kifayət etməz. Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm, üçüncü kursdan etibarən AMEA-nın Geologiya və Geofizika İnstitutunda böyük laborant vəzifəsində çalışmağa başladım. Tələbə kimi AMEA-da çalışmaq mənim üçün çox böyük uğur idi. Çalışmağa başladığım andan etibarən çoxsaylı respublika və beynəlxalq konfranslarda iştirak edib beynəlxalq sertifikatlara, SOCAR-ın Fəxri fərmanına layiq görülmüşəm. Əlavə olaraq SOCAR-ın 2019-2020-ci il üzrə “Daxili Təqaüd Proqramı”nın qalibi və 2019-cu il “Yay məktəbi”nin iştirakçısı olmuşam. Bütün bu sadaladığım uğurlarımda BDU-nun rolu danılmazdır.
Biologiya fakültəsinin məzunu Səkinə Rzayeva: BDU 4 il ərzində mənə mükəmməl dostluq münasibəti, məzun olduqdan sonra da ünsiyyətimizin davam edəcəyi müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırdı. İkinci kursdan etibarən Bitki fiziologiyası kafedrasında aparılan elmi təcrübələrə qoşuldum, elmi konfransda çıxış etdim. Üçüncü kursda oxuyanda “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. BDU-dan fərqlənmə diplomu ilə məzun olmaq qürurverici bir hissdir. Çəkilən əziyyət heç zaman yerdə qalmır. Çox şanslıyam ki, BDU-nun məzunuyam. |
|
11.08.2020 | 12:15 | |
|
|
|