Rus bölməsi abituriyentləri üçün son gün

Aprelin 22-də keçirilmiş Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət alan və ya imtahanda iştirak etməyən rus bölməsi abituriyentləri ikinci dəfə imtahan verəcək.

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə ikinci imtahana qeydiyyat başa çatır.

 

Ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən (1-27 mart tarixlərində elektron ərizəsini təsdiq etmiş), lakin aprelin 22-də keçirilən Azərbaycan dili imtahanından “qeyri-məqbul” qiymət  alan və ya imtahanda iştirak etməyən abituriyentlər günün sonunadək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak etməlidirlər.

 

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından kolleclərə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri də (22 aprel 2018-ci il tarixində keçirilmiş “Azərbaycan dili” imtahanından "qeyri-məqbul" qiymət alan və ya imtahanda iştirak etməyən) ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

 

Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər. 

 

Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək üçün tələb olunan məbləği (10 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların kabinetlərindəki hesablarından çıxılır.

 

Rus bölməsinin abituriyentləri üçün ikinci “Azərbaycan dili” fənni imtahanı iyunun 10-da Bakı və Naxçıvan şəhərlərində keçiriləck.

 

Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 



29.05.2018 | 12:59