UFAZ tələbələri ActİnSpace beynəlxalq yarışının qalibi olub

Mayın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) keçirilən ActİnSpace beynəlxalq müsabiqəsində 24 saatlıq hakaton başa çatıb və qaliblər müəyyən olunub.

 

Bakının müxtəlif universitetlərindən 100-dən çox tələbənin 24 komandada mübarizə apardığı yarışmada tələbələrin hazırladıqları startap layihələr ekspertlər tərəfindən dəyərləndirilib və 2 layihə final mərhələsinə keçib. Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Kosmik tədqiqatlar Mərkəzinin direktoru Jan-İv Lö Gol və Azərkosmos ASC-nin sədri Rəşad Nəbiyevdən ibarət münsiflər heyəti tərəfindən qalib komanda seçilib.

 

Fransanın Kosmik tədqiqatlar Mərkəzinin direktoru Jan İv Leqal yarışmanın Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edərək kosmik texnologiyalar sahəsində gənclərin maraqlı olduğunu və bu yarışma vasitəsilə bacarıqlarını nümayiş etdirmək imkanı qazandıqlarını qeyd edib.

 

Sonda müsabiqənin qalibləri elan olunub. UFAZ-ın “Sooners” komandası Azərbaycan üzrə birinci yerin, “Tensor Science” komandası isə ikinci yerin qalibi olublar.

 

Qeyd edək ki, qalib komanda iyunun 27-i Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

 

 

 



29.05.2018 | 13:37