Rezidenturaya qəbul imtahanının I mərhələsi başlayır

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə çatdırıb ki, imtahan avqustun 5-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

 

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni artıq çap edə bilərlər.

 

“İmtahana buraxılış vərəqəsi”  və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni  çap etmək üçün  https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=32 linkinə daxil olmaq lazımdır.

 

Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. 

 

Bildirilib ki, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

 

Xatırladılıb ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədi ilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

 

Qeyd edilib ki, imtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

 

İmtahan iştirakçısı “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə ehtiyac yaranarsa, onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap edə bilər. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imzası ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

 

 



29.07.2020 | 14:01