Naxçıvan Müəllimlər İnstitutu I yarımilin hesabatını verib | |
Naxçıvan Müəllimlər İnstitutunda 2020-ci ilin I yarımilinin yekunları müzakirə olunub.
İnstitutun rektoru Azad Novruzov çıxış edərək bildirib ki, ali məktəbin formalaşdırılması, elmi-pedaqoji kadr potensialının artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, ümumrespublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində görülmüş işlər 2020-ci ilin birinci yarımilində də davam etdirilib.
Rektor bildirib ki, institutda 2019-2020-ci tədris ilində bakalavr səviyyəsində buraxılış kurslarında 5 ixtisas üzrə 302 tələbə olub və onların hamısı attestasiyadan müvəffəqiyyətlə keçib.
“Magistratura səviyyəsində isə 2 ixtisas üzrə 38 tələbə olub, hamısı attestasiyadan müvəffəqiyyətlə keçib. İnstitutda 11 iхtisаs üzrə bаkаlаvr, 3 ixtisas üzrə magistr hаzırlığı aparılır. Hazırda bakalavriat səviyyəsində buraxılış kursları istisna olmaqla 945, magistratura səviyyəsində 25 nəfər təhsil alır. 2020-2021-ci tədris ilindən əvvəlki ixtisaslarla yanaşı, bakalavr üzrə Fizika müəllimliyi, İnformatika müəllimliyi, Musiqi müəllimliyi, Texnologiya müəllimliyi və Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisaslarına, magistratura üzrə Riyaziyyat müəllimliyi və Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul aparılacaqdır”-deyə A.Novruzov bildirib.
İclasda məlumat verilib ki, 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Müəllimlər İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktorantura yaradılıb və qəbul aparılıb.
Həmçinin bildirilib ki, 2019-2020-ci ilin yaz semestr imtahanları pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar muxtar respublikadan olan tələbələr üçün yazılı, Azərbaycanın digər şəhər və rayonlarından olan tələbələr üçün onlayn qaydada şifahi təşkil olunub. Dərs və imtahan cədvəlləri hazırlanaraq məlumatlar institutun saytında yerləşdirilib.
Qeyd olunub ki, hazırda 87 əməkdaş Naxçıvan Müəllimlər İnstitutunun profilinə uyğun elm sahələri, istiqamətləri üzrə, əsasən ölkənin ictimai-siyasi və tarixi prosesləri, maddi-mədəni dəyərlər, Naxçıvanın regional məsələlərinə aid və digər ümumelmi 87 mövzu üzrə tədqiqatlar aparır.
2020-ci ilin I yarımilində institut əməkdaşlarının, ümumilikdə 135 əsəri, o cümlədən 12 kitab, kitabça və broşüru, 82 elmi və elmi-metodik məqaləsi və 41 konfrans materialı (tezisi) çap olunub. Məqalələrdən 14-ü xaricdə, o cümlədən 7-si impakt faktorlu jurnallarda dərc edilib. Elmi-metodiki məqalələrlə yanaşı, 2020-ci ilin birinci yarımilində institut əməkdaşlarının ənənəvi və elektron mətbuatda 100-dən artıq çıxışları olub. Mövcud pandemiya şəraitində kütləvi tədbirlərin təşkilinə qoyulmuş məhdudiyyətlərə görə mart ayının əvvəllərində cari planlara bir sıra korrektələr edildiyi vurğulanıb, nəzərdə tutulmuş tədbir və iclasların onlayn qaydada reallaşdırıldığı söylənilib.
2020-ci ilin birinci yarısında da xarici əlaqələr sahəsində işlər diqqət mərkəzində saxlanılıb. Fevral ayında İstanbul şəhərində “EURAS” universitetlər birliyinin ənənəvi olaraq təşkil etdiyi “EURİE” beynəlxalq təhsil sərgisində Naxçıvan Müəllimlər İnstitutu da iştirak edib. Sərgidə bir sıra olkələrin nüfuzlu ali məktəbləri və beynəlxalq layihələrin təşkilatçıları ilə əlaqələr yaradılıb, müqavilələr, niyyət protokolları imzalanaraq mübadilə proqramları həyata keçirmək üçün gərəkli işlər görülüb.
Naxçıvan Müəllimlər İnstitutunda 2019/2020-ci tədris ilindən etibarən əcnəbi tələbələrin qəbuluna başlanılıb. Hazırda institutda 6 əcnəbi tələbə təhsil alır.
Türkiyənin Kocaeli, Sakarya, Anadolu universitetləri ilə Mevlana Mübadilə proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir. Hesabat dövründə də tələbələri bu proqram haqqında məlumatlandırmaq üçün 5 günlük “Mevlana Mübadilə Proqramı” təlimi keçirilib. Türkiyənin bir neçə universiteti və Erasmus + mübadilə proqramı çərçivəsində Avropa universitetləri ilə əməkdaşlıq üçün işlər görülməkdədir. Hazırkı şəraitdə bu işlər onlayn formatda davam etdirilir.
İclasın sonunda onlayn tədrisdə daha çox fəallıq göstərmiş professor-müəllim heyəti və tədrisə köməkçi heyət təşəkkürnamələrlə təltif edilib.
|
|
29.07.2020 | 11:23 | |
|
|
|