ABŞ-ın bəzi universitetləri təhsil haqlarını azaldıb

Pandemiya səbəbindən müvəqqəti olaraq distant təhsilə keçmiş Amerika universitetləri,   getdikcə  daha çox təhsil haqqını azaltmağı tələb edən ictimaiyyət və tələbələr tərəfindən artan təzyiqlərə məruz qalır.  

 

"Financial Times"-in məlumatına görə, Corctaun Universitetinin 2 minə yaxın tələbəsi universitet rəhbərliyinə müraciət  ünvanlayaraq  bildirib  ki, distant təhsilə keçid fakültativ və ya praktiki məşğələlərin ixtisarına, bəlkə də tamamilə ləğvinə səbəb olub. Bundan əlavə,  pandemiya tələbələrin universitet kampusunun resurslarına çıxışlarını kəskin şəkildə məhdudlaşdırıb. Amma universitetdə təhsil haqqı yenə də əvvəlki kimi qalıb - ildə təxminən, 58 min dollar.

 

Tələbələrin fikrincə, bu cür qiymət "böyük yolda soyğunçuluqdur".   Tələbələrin müraciətindən sonra universitet rəhbərliyi təhsil haqlarını  10% azaltmağa razı olub.  İyulun əvvəlində  Prinston Universiteti tərəfindən də təhsil haqlarının azaldığı elan edilib.  "Biz etiraf edirik ki, uzaqdan verə biləcəyimiz və kampusda verə biləcəyimiz təhsil arasında fərq var",— deyə Prinston Universitetinin prezidenti Kristofer Aysqruber bildirib.

 

Uilyam Kolleci (Massaçusets ştatı)  də bütün yığımların 15%,  təhsil haqqının isə 10% azaldığını elan edib.
Lakin ölkənin digər universitetləri fərqli mövqedədir. Harvard Universiteti təhsil haqqını azaltmağın mümkünlüyünü istisna edib, Yel Universiteti isə onu 55,5 min dollardan 57,7 min dollara qədər qaldırıb.

 

Oruc MUSTAFAYEV

 



28.07.2020 | 10:18