Riyaziyyatın tədrisi zamanı zəif şagirdlərlə iş

İbtidai siniflərdə hələ riyaziyyat təliminin ilk mərhələlərindən başlayaraq müxtəlif vasitələrdən istifadə edərək ardıcıl təmrinlər veririk ki, şagirdlərdə riyazi vərdişlər yaransın. Bu zaman müxtəlif optimal üsullardan istifadə edirəm. Mən də ibtidai sinif şagirdlərinə riyaziyyatı tədris etdiyim zaman müxtəlif didaktik materialların - çöplər, kublar, şəkillər, düymələr, çötkə, lobya və s. köməyindən yararlanıram. Böyüdükcə hesab taxtasından, 100 kv. cədvəlindən və 20 dairəsində toplama və çıxmanı öyrətmək üçün ədəd oxun üzərində irəli və  geri  saymaqla,  ədədin  ikiqatından  istifadə  etməklə  və  digər üsullara  müraciət edirəm.

 

Təbii ki, sinifdəki bütün şagirdlərin qavrama və öyrənmə qabiliyyəti eyni olmur. Yaxşı qavrama qabiliyyəti olan şagirdlərlə yanaşı, sinifdə zəif şagirdlər də olur. Zəif şagirdləri yaxşı oxuyan yoldaşlarına çatdırmaq, düşünürəm ki, müəllimin borcudur. Odur ki, əvvəlcə sinifdəki zəif uşaqları müəyyən edirəm və onlarla məşğul oluram. Əgər belə olmasa, zəif şagirdlər kollektiv qruplarla iş, cütlərlə iş zamanı fəal şagirdlərin “kölgəsində” qalacaqlar. Hətta qruplarla iş zamanı öz yoldaşları belə zəif şagirdləri öz qruplarında görmək istəmirlər. Bu çətinliyi aradan qaldırmasaq, vəziyyət getdikcə daha da ağırlaşır, nəticədə zəif şagirdlərin əsas fənlərdən biri sayılan riyaziyyatdan uzaqlaşmasına səbəb olar. Çünki belə hallar şagirdlərdə özünə inamı aşağı salır. Bu problemi həll etmək üçün əvvəlcə şagirdə özgüvən hissini aşılamaq lazımdır. Özünə inamı olmayan şagirdlər isə bu cür çətinliyin öhdəsindən gələ bilmirlər. Odur ki, belə şagirdlərə deyirəm ki, sən toplama və çıxmanı öyrənə biləcəksən. Mən sənin yanındayam. Gəl hesablayaq. 82+2=?     7+5=?     9+4=?       8+6=?       9-3=?    14-5=? və s. Böyük ədədi ədəd oxundan  tap. Kiçik ədədi üstünə say. Və ya böyük  ədədi  tap,  kiçik  ədədi  geriyə  say  və s.”

 

Ancaq bu yollar vaxtı uzadır. Tez hesablama üçün toplama zamanı öyrədirəm ki, böyük ədədi yadında saxla (8), kiçik ədədi (2) barmağınla üstünə say. 7+5=? Bu zaman şagird 7 rəqəmini yadında saxlayır, 5 rəqəmini barmağı ilə üstünə sayır. Və yaxud 78+8=? Bu suala cavab axtaran şagird 70 rəqəmini yadda saxlayır, 8 rəqəmini üstünə sayır və s. Bu işlərin müntəzəm təkrarı şagirdin hesablama qabiliyyətini artırır.

 

Çıxmanın tədrisi zamanı da zəif oxuyan şagirdlərə işi belə təşkil edirəm. Daha çox da onluq ayrılan hal üçün belə bir üsuldan istifadə edirəm. Bəzən valideynlər də mənə müraciət edirlər ki, necə tez öyrətmək olar. Belə bir çıxma əməliyyatını icra edək: Azalan 27, çıxılan 8. Azalandan - 2 onluqdan (20) 1 onluq (10) götürüb çıxılanı (8) çıxıram (2), üstünə azalandakı təkliyi (7) gəlirəm və cavabı alıram (19).

 

Şagirdlərdən soruşuram: 94-6=? Cavabları belə olur: 10-dan 6-nı çıxıram, 4 alınır. 4-ün üstünə 4 gəlirəm (4+4=8). Biz yuxarıda 94 rəqəmindən 1 onluq götürdüyümüz üçün yerdə 80 qalmışdı. Aldığımız 8 rəqəmini də 80-nin üstünə gəlib cavabı alırıq (88).

 

83-7=? Bu çıxma əməlinin cavabını tapmaq üçün belə bir üsuldan istifadə edirik: 10-7+3=6. Sonda alınan 6 rəqəmini 70-in üzərinə (çünki 80-dən bir onluq götürmüşdük) gəlib cavabı alırıq (76) və s.

 

Üçrəqəmli ədədlərin çıxılmasını şagirdlərə daha yaxşı mənimsətmək üçün də  bu üsul köməyimə gəlir:

 

 

 

10-dan 9-u çıxıb üstünə 6 gəlirik: 10-9+6=7

10-dan 8-i çıxıb üstünə 3 gəlirik: 10-8+3 = 5

 

Dördrəqəmli ədədlərin çıxılmasında da bu üsuldan istifadə edirik:

 

Onluqdan 6 təkliyi çıxıb 2-ni üstünə gəlirik: 10-6+2=6

1 onluqdan 8 təkliyi çıxıb üstünə 6 təkliyi gəlirik: 10-8+6=8

1 onluqdan 7 təkliyi çıxıb üstünə 5 təkliyi gəlirik: 10-7+5=8

Çubuqlu bölmənin çıxma hissəsində də bu üsul əlverişlidir:

 

 

 

 

Bir onluqdan 8 təkliyi çıxıb üstünə 7 təkliyi gəlirik: 10-8+7=9

Bir onluqdan 8 təkliyi çıxıb üstünə 3 təkliyi gəlirik: 10-8+3=5

 

Bu kimi üsullardan istifadə etməklə ibtidai siniflərdə riyaziyyatın tədrisində hədəfə çatmaq mümkündür. Bu, yuxarı siniflərdə riyaziyyat və başqa fənlərin mənimsənilməsini asanlaşdırır. 

 

Ziba İSMAYILOVA,

Şəki rayonu Cumaykənd tam orta məktəbinin ibtidai sinif müəllimi 

 



24.07.2020 | 14:24