MDU-nun İctimai Nəzarət Şurasının iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib. 2019/2020-ci tədris ilinin başa çatması münasibətilə virtual şəkildə  keçirilən iclasda Şuranın bütün üzvləri iştirak ediblər.

 

Universitetdən verilən məlumata görə, MDU-nun rektoru Şahin Bayramov ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında geniş hesabatla çıxış edib. Rektor hesabat dövründə həyata keçirilən  struktur islahatları, profesor-müəllim və inzibati-texniki heyət üzvlərinin əmək haqlarının artırılması ilə bağlı atılmış addımlar, idarəetmə prosesində tələbələrin iştirakı üçün yaradılmış imkanlar haqqında məlumat verib.

 

Ş.Bayramov Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə yaradılmış əməkdaşlıqdan, Mingəçevir şəhərində yerləşən dövlət və özəl müəssisələrlə qurulmuş qarşılıqlı faydalı işbirliyindən bəhs edib. Rektor MDU-nun təbliği, kütləvi informasiya vasitələri ilə işin təkmilləşdirilməsi, universitetin fəaliyyətinin elekron informasiya resurslarında və sosial şəbəkələrdə yayılması istiqamətindəki yeniliklərdən danışıb.

 

Ali məktəbin rəhbəri cari tədris ilinin yaz semestrində məsafədən dərslərin təşkili istiqamətində həyata keçirilən kompleks tədbirlər və ilk dəfə olaraq online formatda təşkil olunan imtahan sessiyasında əldə edilən uğurlar barədə də məlumat verib.

 

İclasda MDU-nun İctimai Nəzarət Şurasının bütün üzvləri çıxış ediblər. Çıxışlarda universitetin müasirləşdirilməsi, milli ali təhsildəki mövqeyinin gücləndirilməsi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Şura üzvləri MDU-nun tanıtımı istiqamətində həyata keçirilən tədbirlərin müsbət nəticələr verməsini və pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsinin mühüm nailiyyət olduğunu diqqətə çatdırıblar.

 

Tədbirdə uzun müddət təhsil idarəetməsi sahəsində çalışmış Mirzə Cavadov MDU-nun İctimai Nəzarət Şurasının yeni üzvü seçilib.

 

Qeyd edək ki, 2019-cu ilin 28 dekabr tarixində yaradılmış, doqquz üzvdən ibarət  MDU-nun İctimai Nəzarət Şurasının əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarətdir.



20.07.2020 | 17:21