MİLLİ VARLIĞIMIZIN SİYASİ TƏSDİQ GÜNÜ: 28 may 1918-ci il

GDU-da  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib.

 

Konfransı açan humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva   bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu qərarı Azərbaycan xalqının dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”, – deyə G. Fətəliyeva qeyd edib.

 

“Ümumi tarix” kafedrasının professoru Həsənbala Sadıqov qeyd edib ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

 

GDU-nun dosenti Cavid Bağırzadə bildirib ki, Rusiya imperiyasının dağılması ilə Azərbaycanda azadlıq mübarizəsi güclənib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb.

 

“Azərbaycan tarixi” kafedrasının baş müəllimi Vüqar Abbasov AXC dövründə Milli Ordu quruculuğundan danışıb. “Ümumi tarix” kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov çıxışında yenicə yaranmış AXC-nin xarici dövlətlərlə əlaqələrinin zəifliyinin  müstəqil dövlətimizin beynəlxalq aləmdə tanınmasına böyük əngəllər yaratdığını qeyd edib.



27.05.2018 | 13:51