Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb | |
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların nəzərinə çatdırıb ki, onların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılır.
DİM-dən verilən məlumata görə, 15 iyul saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72%-i qeydiyyatdan keçib.
DİM qeydiyyat tarixini uzadarkən, ali təhsil müəssisələrinin qeydiyyat müddətinin artırılması ilə bağlı müraciətlərini nəzərə alıb.
Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.
Xatırladılıb ki, cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. DİM tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.
Bildirilib ki, 2020-ci il iyulun 20-dək tələb olunan digər sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.
|
|
15.07.2020 | 13:09 | |
|
|
|