Tətil dövründə şagirdlər üçün məktəbdənkənar fəaliyyət | |
Təhsil Nazirliyinin təşəbbüsü ilə yeni televiziya proqramının yayımına start verilib. “Mədəniyyət” telekanalında “Tətil vaxtı” adı ilə efirə gedən veriliş məktəblilərin yay tətili dövründə həftənin II və VI günləri saat 12.20-də yayımlanacaq.
Yeni verilişin hazırlanması koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunması, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsini təmin etmək məqsədi daşıyır.
Proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və s. sahələr üzrə dərslər təqdim edilir.
Eyni zamanda şagirdlərin yay aylarını səmərəli və maraqlı keçirməsini təmin etmək məqsədilə “Virtual məktəb” platforması üzərindən məktəblilər üçün təşkil olunan məktəbdənkənar dərnəklərin fəaliyyəti davam etdirilir. İyulun 6-dan şagirdlərin maraqlarına uyğun təşkil edilən “Bədii qiraət”, “Şahmat”, “Xalq çalğı alətləri”, “Rəqs”, “Toxunma əl işləri”, “Bacarıqlı əllər” kimi 6 fərqli istiqamət üzrə dərnəklərə səkkiz minə yaxın məktəbli qoşulub.
Xatırladaq ki, hər gün saat 15:00-da keçirilən tədbirlər barədə ətraflı məlumat “Virtual məktəb”in ümumi şagird qruplarında həftəlik olaraq qeyd olunur. Şagirdlər tədbirin linkinə keçid etməklə qeydiyyatdan keçmədən canlı görüşə qoşula bilir, ödənişsiz formada təşkil olunan dərnəklərdə Azərbaycan və rus bölmələri üzrə bütün şagirdlər iştirak etmək imkanı əldə edir. Dərnəklərdə real vaxt rejimində iştirak edə bilməyən şagirdlər üçün dərslərin video yazısı “Microsoft Stream”in “Virtual məktəb” kanalında yerləşdirilir və dərsləri təkrar izləmək imkanı yaradılır.
|
|
14.07.2020 | 15:53 | |
|
|
|