Cümhuriyyətin 100 illiyi ADPU-da qeyd olunub | |
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tarix və coğrafiya fakültəsinin təşəbbüsü və təşkilatçılığı, ADPU rəhbərliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds, tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri ADPU-nun rektoru, professor Cəfər Cəfərov açaraq bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyi, Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamları ölkə rəhbərliyinin Cümhuriyyətə verdiyi yüksək qiymətin əyani ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq, istiqlal duyğularının güclənməsində mühüm rol oynayıb, həyatımızın bir çox sahələrində, o cümlədən elm və təhsil sahəsində mühüm tədbirlər həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyəti bizim qürur mənbəyimizdir. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutu” mövzusunda çıxış edən ABŞ-ın Prinston Universitetinin professoru Maykl Reynolds Qafqaz və Yaxın Şərq ölkələrinin tarixinin tədqiqi sahəsində apardığı elmi-tədqiqatlar barədə ətraflı məlumat verib. Vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin araşdırılması onun apardığı elmi tədqiqatlarda xüsusi yer tutur. Cümhuriyyət mürəkkəb beynəlxalq siyasi şəraitdə fəaliyyət göstərib. Birinci Dünya müharibəsi, Osmanlı imperiyasının süqutu və Rusiya amili bu mürəkkəb beynəlxalq siyasi vəziyyəti səciyyələndirən əsas cəhətlər idi. Cümhuriyyət liderləri demokratik, dünyəvi dövlət qurmağa çalışırdılar.
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist, Azərbaycan Radiosunun “Gecə düşüncə” proqramının müəllifi və aparıcısı Nəcibə Bağırzadə “Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti” mövzusunda çıxış edib. Tədbirdə “Azərbaycan tarixi” kafedrasının baş müəllimi Elman Mirzəyev “Şərqdə ilk demokrarik dövlət” mövzusunda məruzə ilə, həmin fakültənin III tədris ili tələbəsi Aytək Rəhimli isə təqdimatla çıxış edib. Çıxış və təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının baş müəllimi Taleh Cəfərov və b. çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və onun dövlətçilik tariximizdəki mövqeyi ilə bağlı fikir və mülahizələrini bölüşüblər. |
|
28.05.2018 | 13:29 | |
|
|
|