ADPU-da tədbir: “Qafqaz İslam Ordusu” | |
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qafqaz İslam Ordusu” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırman, mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, universitetin müəllim və tələbələri iştirak ediblər. ADPU-da təhsil alan türkiyəli tələbələrin İdarə Heyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.
Qeyd edilib ki, 31 Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına kömək etmək məqsədilə Osmanlı dövləti tərəfindən yaradılmış Qafqaz İslam Ordusunun bu gün 100-cü ildönümüdür.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Azərbaycanla-Türkiyə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. İki qardaş ölkə bir çox sahələrdə, o cümlədən elm və təhsil sahəsində uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda fəal iştirak edən ADPU Türkiyənin müxtəlif universitetləri ilə beynəlxalq simpoziumlar, konfranslar və digər elmi tədbirlər keçirir. ADPU gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırman, mədəniyyət və tanıtma müşaviri İrfan Çiftçi, türkiyəli tələbələrin İdarə Heyətinin sədri Hakan Köseyi çıxış edərək Qafqaz İslam Ordusunun Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınlarının qarşısının alınmasındakı rolundan və Dağıstan müsəlmanlarına göstərdiyi köməkdən danışıblar.
Tədbirdə Qafqaz İslam Ordusu Hərəkatının 100-cü ildönümü ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib, tələbə-gənclər şeirlər səsləndiriblər.
“Savalan” qrupunun bədii rəhbəri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatırının solisti Nicat Novruzlu mahnılar ifa edib.
Sonda xatirə şəkli çəkdirilib. |
|
27.05.2018 | 13:19 | |
|
|
|