Peşə təhsili müəssisəsində bir ilk

Bu dərs ilində təhsil sistemi koronavirusun səbəb olduğu pandemiyadan ən az zərərlə çıxmağa çalışdı. Təhsildə böyük təcrübəyə sahib, məsafədən təhsili artıq müəyyən səviyyədə tətbiq edən təhsil müəssisələri bu mərhələni uğurla başa vurdu. Tədris ilində çatışmazlığı olanların onu növbəti illərdə aradan qaldırmaq şansını nəzərə alsaq, pandemiyanın fəsadlarının həmin müəssisələrdə o qədər də ağır olmayacağını düşünə bilərik. Amma verdiyi təhsilin daha böyük hissəsi - 60 faizi praktik məşğələ, təcrübədən ibarət olan bir təhsil ocağı - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil 1 illik olduğundan artıq Mərkəz ilk məzunlarını əmək bazarına təqdim edib. Üstəlik, fəaliyyətinin ikinci ilinə böyük yeniliklərlə başlayacaq. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində pandemiya şəraitində vəzifələrinin öhdəsindən necə gəldiklərindən, eyni zamanda qarşıya qoyduqları planlardan danışdı.

 

Pandemiya dövrü

 

- Ötən tədris ilini necə başa vurdunuz?  Qarşıya  qoyduğunuz  hədəflər  koronavirusun  kölgəsində   qalmadı ki?

-Etiraf edim ki, koronavirusun səbəb olduğu pandemiya bütün sahələrdə nisbi də olsa, öz təsirini göstərdi. Həmin sahələrdən biri də təhsildir. Ancaq ölkəmizdə bir çox təhsil müəssisələri bu vəziyyətdən ən az zərərlə çıxaraq tədris ilini uğurla başa vurdular. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məhz o təhsil müəssisələrindəndir. Bu dövrdə seçdiyimiz düzgün metodologiya, tədris strategiyası, təhsilə yanaşma, innovativlik, tədbirlərin vaxtında və lazımi sistem üzərindən yerinə yetirilməsi qarşılaşdığımız vəziyyətin təsirini minimallaşdırmağa kömək etdi.  Mərkəz təhsilalanları üçün Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platforması üzərindən nəzəri dərslərin və praktik tapşırıqların qavranılması və tətbiqinə imkan yaratdı. Düzdür, bəzi praktiki məşğələlər keçirmək mümkün olmadı. Ancaq teledərslər, mərkəzin “Microsoft Teams" distant təhsil platforması və təlimçilərin tədrisə kreativ yanaşması bu təsiri azaltmağa kömək etdi.

 

8 texniki ixtisas üzrə 30-dan çox videodərsin çəkilişi aparıldı və “Youtube” kanalında yayımlandı. Həmin  resursdan nəinki Peşə Təhsil Mərkəzimizin təhsilalanları, hətta ali məktəb tələbələri də yararlandı. Bundan başqa, dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanaraq qurulan özəl sektorla əməkdaşlıq çərçivəsində tədris müddəti bitsə belə, məzunlarımızın əmək bazarında iş imkanlarını daha rahat əldə etmələrinə xidmət edən müxtəlif mövzularda vebinarlar təşkil olundu.

 

Bir sözlə, pandemiya dövründə onlayn/distant təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini düşdüyü kritik situasiyadan xilas etdi. Böhran bir Mərkəz olaraq gələcəkdə tədrisin necə təşkil edilməsi üzərində yenidən düşünmək imkanı verdi.

 

- Çətin proqram, koronavirus və tamamilə yeni olan peşə təhsil mərkəzi. Mənimsəmə faizi qaneedici oldumu? Sizcə, əmək bazarı ilk buraxılışınızdan razı qalacaqmı? Ümumiyyətlə, ötən bir ildə əmək bazarının nəbzini yoxladınız... Necə bilirsiz, bu bazarın tələbini ödəyə biləcəksinizmi?

- Bəli, Mərkəzdə 2019-2020-ci tədris ili birillik tədris proqramı üzərindən həyata keçirildi. Əmək bazarında hazırda tələb olunan ixtisaslar üzrə müvafiq təkliflər irəli sürüldü. Tədris ilinə başlamadan öncə şirkətlərin tədris proqramlarına dair rəylərini topladıq və tətbiq etdik. Bununla yanaşı, tədris ili ərzində texniki ixtisaslarla bağlı təsnifatları nəzərdən keçirdik. Peşə təhsil sistemində yenilik olan Koreya peşə modelinə əsaslanan tədris proqramı ilə bu birillik sınaqdan təhsilalanların təhsilə olan həvəsi, mühəndis-pedaqoji heyətin öhdəliyə qarşı olan məsuliyyəti, əməkdaşlıq etdiyimiz dövlət və özəl sektorun nümayəndələrinin aramsız dəstəyi, innovativ texnologiya vasitələrinə düzgün yanaşma və qabaqlayıcı tədbirlər sayəsində uğurla çıxdıq. Tədris prosesi zamanı əmək bazarında apardığımız fasiləsiz araşdırmalar, yeni-yeni əməkdaşlıqlara atdığımız imza, əməkdaşlıq etdiyimiz şirkət mütəxəssislərinin mütəmadi tədris prosesində iştirakı yetişdirdiyimiz kadrların müasir tələblərə cavab verəcəyinə dair əminlik yaradır.

 

Tələbə qəbuluna start verildi

 

- Artıq yeni tədris ilinə hazırlıqlar başlayıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iyulun 6-dan etibarən pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna start verib.

 

- Bəli, Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə (http://bii.edu.az) iyulun 24-dək elektron qeydiyyatdan keçmək imkanına malikdirlər. Qeydiyyat başa çatdıqdan sonra elektron ərizələrin qiymətləndirilməsi həyata keçiriləcək. Ərizələrdəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra yüksək nəticə əldə edən namizədlər növbəti mərhələyə dəvət ediləcəklər.

 

- Yüksək nəticəni kimlər əldə edəcək?

- Tam orta təhsil və ixtisas fənləri üzrə qiyməti yüksək olanlar. Onlara ikinci mərhələdə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim ediləcək.

 

- Bu ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yüksək texniki peşə təhsili, subbakalavr proqramlarında təhsil almaq da mümkün olacaq?

- Elədir. Təhsil almaq üçün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  tam orta təhsil bazasından “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta” adlı  fərqli ixtisaslar üzrə 1 illik  (texniki peşə təhsili), “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə isə 3 illik subbakalavr, yüksək texniki peşə təhsili) proqramlarda təhsil almaq mümkündür. Uğur qazanan namizədlər üçün geniş imkanlarımız var. Bilirsiniz ki, Mərkəz ən müasir maddi-texniki baza ilə təchiz edilib. Koreyalı ekspertlərlə birgə hazırlanan tədris proqramları əsasında tədris aparan mühəndis-pedaqojı heyətin əksəriyyəti Koreya Respublikasında 3 ay müddətində ixtisasartırma təlimlərində olub. Tədris 4300-dən çox Koreya istehsalı avadanlıqla təchiz olunan 25 laboratoriyada həyata keçirilir.

 

- Qəbul həyata keçirilən ixtisaslar üzrə müəyyən rəy yaratmaq və təhsilalanların həmin ixtisaslar üzrə maraqlarını üzə çıxarmaq məqsədilə sənəd qəbuluna başlamazdan öncə təlimlər təşkil etməyi planlaşdırırdınız. Nəzərdə tutulan həmin təlimlər baş tutdumu?

- Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanması, eyni zamanda Mərkəzin peşə təhsili imkanları ilə daha çox gəncin məlumatlandırılması məqsədi ilə müəyyən fəaliyyət planımız var. Sözügedən təbliğat planına dair işlərin bir qismi pandemiyadan öncə görülmüşdü. Belə ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaratdıq. Həmin qruplar bir sıra ümumtəhsil məktəblərində şagirdlərlə görüşlər keçirdi. İyun ayı ərzində “Virtual məktəb” layihəsi çərçivəsində “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbirlər keçirildi. Tədbirlər Mərkəzin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə baş tutdu. Görüşdə Mərkəzdə tədris olunan ixtisaslar,  həmin ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verildi. Zəngin maddi-texniki bazası olan Mərkəzlə daha yaxından tanışlığı təmin etmək üçün  strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil edildi. Həmin görüşlərdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən də söz açıldı. Qəbuldan qabaq iki texniki istiqamət üzrə mexanika və avtomatika istiqamətləri üzrə qısamüddətli təlim kursları fəaliyyətə başladı. Pandemiya ilə əlaqədar olaraq, bütün ixtisaslar üzrə video dərslər hazırlanaraq sosial kanallarda yerləşdirildiyindən və hər kəs həmin resurslardan yararlandığından bu vasitə bir Mərkəz kimi fəaliyyətimizi tanıtmaqda köməyimizə gəldi və təbliğatımızın qurulmasında bir addım qabağa düşdük.

 

- Bəlkə gənclərin marağını çəkməyin ən yaxşı yolu ən çox həvəs göstərdikləri ixtisaslar üzrə hazırlıqların təşkilidir. Məsələn, “Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisası üzrə kadr hazırlığı  nəzərdə tutulurdu. Bu istiqamətdə yenilik varmı?

- “Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisası üzrə kadr hazırlığı  iyul ayının sonunadək yekunlaşacaq. Qarşıdan gələn tədris ilində sözügedən ixtisas üzrə qısamüddətli ixtisasartırma təlimlərinin proqramı tərtib olunmaqdadır. Qeyd etmək istərdim ki, burada “Cisco” şirkəti ilə əməkdaşlıq vacib rol oynayır.

 

Genişlənən əməkdaşlıqlar yeni layihələr vəd edir

 

- “Cisco” demişkən, “Cisco Şəbəkə Akademiyası”  ilə imzalanan anlaşma, “Huawei”lə  razılaşmanızın nəticələri ilə bağlı  nə deyərdiniz? Pandemiyadan əməkdaşlıqlarınız zərər gördümü, yoxsa insanlar arasına məsafə qoyan virus şirkətləri birləşdirir?

- Məncə, pandemiyanı işlərin irəliləməsində bir maneə olaraq görmək doğru olmaz. Hədəflərə çatmaq üçün hər zaman alternativ yol var. Artıq bir aydır ki, “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən “Cisco Şəbəkə Akademiyası”nda metodist-təlimçilər üçün peşəkar bacarıqların inkişafı mövzusunda növbəti distant təlimlərə başlanılıb.  Təlimlər “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən keçirilir. Tədris proqramına nəzəri biliklərlə bərabər, “Cisco” avadanlıqları üzərində distant təcrübi məşğələlər və simulyasiyalar daxildir. Belə ki, real avadanlıq və “Cisco Packet Tracer” simulyatorundan istifadə edərək, Mərkəzin təlimçiləri real texniki problemləri həll etmə bacarıqlarını təkmilləşdirir, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanırlar.

 

“Cisco” şirkəti ilə qurulmuş uğurlu əməkdaşlıq nəticəsində Mərkəzin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası” informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün çox gözəl imkandır.  Qeyd edim ki, “Cisco Şəbəkə Akademiyası” Mərkəzdə təhsil alan tələbələr və çalışan mütəxəssislərə müasir məzmun və müvafiq sertifikasiya proqramlarına çıxış imkanı yaradır.

 

Növbəti tədris ilində  “Huawei”lə əməkdaşlıqdan təhsilalanlarımızın ixtisaslaşmasında və kadrların hazırlanmasında yararlanacağıq. Hazırda “Huawei (HAINA) Akademiyası” qurulur və burada ilkin mərhələdə çinli ekspertlərlə birgə İKT istiqaməti üzrə təlim materialları hazırlanacaq.

 

- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi fəaliyyətinin ilk ilini çox böyük tərəfdaşlarla başa vurdu. Bu tərəfdaşlıqların nəticəsi olaraq “Cisco Şəbəkə Akademiyası” kimi maraqlı layihələr ortaya çıxdı.  “Huawei (HAINA) Akademiyası” qurulması xəbəri belə layihələrin davamlı olacağına işarədir?

- Bəli, 2019-2020-ci tədris ili bizə əməkdaşlıq sahəsində də çox böyük imkanlar yaratdı. 30-dan artıq şirkətlə əməkdaşlıq şəbəkəmiz yarandı. Qurulmuş əməkdaşlıqlar yeni layihələrə yol açdı. Mərkəz nəzdində yeni ödənişli və ödənişsiz qısamüddətli ixtisasartırma kursları təklif olundu. Hazırda bu əməkdaşlıq daha da genişlənir. Özəl sektorla onlayn (distant) görüşlət təşkil olunur. “Cisco” şirkəti ilə yaranan əməkdaşlığın nəticəsi olan şəbəkə akademiyasının fəaliyyətə başlaması pandemiya dövrünə düşdü. Buna baxmayaraq, Mərkəzdə fəaliyyət göstərən mühəndis-pedaqoji heyət üçün ixtisasartırma təlimlərinə başlanıldı. Növbəti tədris ili üçün yeni təlim materialları hazırlandı və məsafədən tədris təşkil olundu. 

 

Avtomobil istiqaməti üzrə dünyada tanınmış “Mercedes-Benz”, “Toyota”, “Mitsubishi”,  “Honda”, “Subaru”, “Mazda”, “Opel” və digər beynəlxalq brendlərin Azərbaycanda rəsmi nümayəndələri ilə birgə əməkdaşlığa başladıq. Nəticədə, Peşə Təhsil Mərkəzinın mühəndis-pedaqoji heyəti tədris ili ərzində təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olmaq imkanı qazandılar. Təcrübə proqramı çərçivəsində texniki xidmət mərkəzlərinin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yarandı. Tələbələrimizə avadanlıqların iş prinsipi əyani olaraq nümayiş etdirildi. Bununla yanaşı, təcrübə proqramında iştirak edən təhsilalanlar texniki xidmət mərkəzinin ixtisaslı texniki kadrları ilə birlikdə nəqliyyat vasitələrinə texniki xidmət göstərdilər.

 

-  Peşə Təhsil Mərkəzinın peşə sistemi üzrə beynəlxalq reytinqlərdə öz yerini tutması üçün peşə təhsili üzrə beynəlxalq yarışlara qatılmağa hazırlaşırdınız. Məsələn, “World Skills”da Mərkəzi təmsil edəcək komanda qururdunuz. Komandanız hazırdır?

- İyulun 1-dən “World Skills Asia” təşkilatı  üzv ölkələr üçün İKT istiqaməti üzrə 8 peşə bacarığı üzrə onlayn təlimlərə başlayıb. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin İKT, mexanika və avtomatika istiqamətləri üzrə təlimlərə 4 metodist-təlimçisi qatılıb. 130-dan çox nümayəndənin qatılacağı təlimlər İKT şəbəkə sistemlərinin idarəedilməsi, biznes üçün İKT həlləri, veb dizayn və bu kimi digər sahələri əhatə edir. Onlayn qaydada keçiriləcək təlimdə Azərbaycandan 5 peşə istiqaməti üzrə 6 mütəxəssisin iştirakı nəzərdə tutulur.

 

Ruhiyyə DAŞSALAHLI

 



10.07.2020 | 11:09