LDU-da "açıq qapı" günü və məzun yarmarkası keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun-2018”  proqramı çərşivəsində "açıq qapı" günü və məzun yarmarkası keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunan tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.

 

Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun builki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər. İştirakçıları LDU-nun rektor vəzifəsini icra edən, riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov salamlayıb və  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə təbrik edib. LDU barədə ətraflı məlumat verən Natiq İbrahimov bu elm ocağında tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən danışıb. Əmək yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin bu il LDU-nu bitirən 360 məzuna iş probleminin həllində dəstək olduğunu , əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını,işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib.

 

Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə bu ildən praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi laboratoriyaların təşkil edildiyini, rayon rəhbərliyi tərəfindən təcrübə məqsədi ilə universitetə 5 hektar  sahə ayrıldığını  nəzərə çatdırıb. Qeyd edib ki, növbəti tədris ilindən universitetdə daha bir neçə yeni ixtisas üzrə kadr hazırlığına başlanacaq. 

 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev çıxışında universitetdə yaranmış təhsil, quruculuq, inkişaf ab-havasından məmnun olduğunu bildirib, bu ali təhsil ocağının işindəki dönüşə görə rəhbərliyə minnətdarlığını çatdırıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən digər natiqlər də "açıq qapı" günü və məzun yarmarkasının təşklini məzunların məşğulluğunun təminatında uğurlu addım kimi dəyərləndirərək təşkilatçılara minnətdarlıq bildiriblər.

 

Məzun yarmarkasına Lənkəranla yanaşı, cənub bölgəsində fəaliyyət göstərən 50 dövlət və özəl müəssisə  250 boş (vakant) iş yeri çıxarıb. 

                                                                                                                                                                                                           

Şakir CƏFƏROV

 

 



28.05.2018 | 12:21