Web of Science platformasında Mingəçevir Dövlət Universitetinin profili yaradılıb

Dünyanın aparıcı elmi-məlumat bazası olan “Web of Science®” platformasında Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilat profili yaradılıb.

 

Universitetdən bildirilib ki, bu profil MDU əməkdaşlarının elmi nəticələrini ölçməyə, onların müəllifliyi ilə nəşr olunan məqalələri və həmin məqalələrə edilən istinadları daimi izləməyə imkan verəcək. Belə ki, “Web of Science®” digər elmi bazalardan fərqli olaraq informativ funksiya ilə yanaşı, elmimetrik funksiya da daşıyır. Başqa sözlə, bu baza elmin müxtəlif istiqamətləri üzrə yalnız informasiyanı toplamaqla deyil, həmçinin elmi informasiyanı emal etmək, onu vacib və mühüm olma baxımından prioritetləşdirməklə də məşğuldur.

 

Yeni yaradılan profilin cari göstəricilərinə əsasən, bu vaxta qədər MDU əməkdaşlarının doqquz məqaləsi “Web of Science®” bazasında indekslənən elmi nəşrlərdə dərc olunub. Həmin məqalələrdən üçü yüksək impakt faktorlu jurnallarda çap edilib. MDU əməkdaşlarının məqalələri üzrə ümumilikdə 23 istinad var.

 

MDU alimlərinin “Web of Science®” bazasına daxil olan elmi məqalələri əsasən kimya mühəndisliyi, yanacaq energetikası, riyaziyyat, tətbiqi kimya və multidissiplinar kimya sahələrinə aiddir. Hamısı ingilis dilində yazılmış məqalələr Azərbaycan, Almaniya, Polşa , Rusiyanın müxtəlif elmi təşkilat və tədqiqatçıları ilə birgə əməkdaşlıq nəticəsində ərsəyə gəlib.

 

MDU-nun “Web of Science®” bazasında profilinin yaradılması Clarivate Analytics şirkəti ilə universitet arasında yaradılmış faydalı tərəfdaşlıq nəticəsində mümkün olub. Sürətlə inkişaf edən bu tərəfdaşlıq çərçivəsində MDU-nun sözügedən baza üzrə göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə Clarivate Analytics tərəfindən MDU əməkdaşları üçün müvafiq vebinarların təşkil edilməsi nəzərdə tutulub. Bu sıradan ilk vebinar cari ilin 25 iyun tarixində keçirilib və online təlimdə MDU-nun 70-dən artıq əməkdaşı iştirak edib.

 

Qeyd edək ki, ölkəmizin ali təhsil müəssisələrində elmi fəaliyyətin təkmilləşdirilməsi və Azərbaycan alimlərinin beynəlxalq elmi məlumat bazalarına çıxışını təmin etmək məqsədilə Təhsil Nazirliyi ilə Clarivate Analytics şirkəti arasında əməkdaşlığın əsası 2015-ci ildə qoyulub. 2018-ci ildə yenidən imzalanmış müqaviləyə əsasən, MDU da daxil olmaqla ölkəmizin 40-dan çox ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib. Bununla Azərbaycan alimlərinin dünyanın ən reytinqli və nüfuzlu elmi jurnallarına, konfrans materiallarına və monoqrafiyalarına çıxışı təmin olunub, onların  tədqiqat nəticələrinin dünya elmi ictimaiyyətinə çatdırılması dəstəklənib.

 

 



08.07.2020 | 21:10