1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum | |
İyulun 8-də Təhsil Nazirliyi, Milli Məclisin Elm və təhsil komitəsi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə tədris ilinin yekununa dair onlayn forum keçirilib.
"Virtual məktəb" platforması üzərindən təşkil olunan virtual tədbirə respublikanın müxtəlif bölgələrini təmsil edən 1700-dən artıq müəllim və təhsil işçisi qatılıb. Forumda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri Bəxtiyar Əliyev və Şahin Seyidzadə də iştirak edib.
Koronavirus pandemiyası ilə əlaqədar distant təhsil formatına keçən Azərbaycan təhsil sistemi və müvafiq istiqamətdə görülən işlər haqqında geniş məlumat verən Təhsil naziri Ceyhun Bayramov bu dövrdə təhsildə fasiləsizliyin və davamlılığın təmin olunması üzrə teledərslər, videodərslər və digər elektron tədris resurslarından səmərəli istifadə olunduğunu xüsusi qeyd edib. “Dərs vaxtı” və “Virtual məktəb” imkanları vasitəsilə təhsilalanların təhsildən geri qalmaması, təhsilverənlərin böyük zəhmət və fədakarlıqlarından söz açan Təhsil naziri post-pandemiya dövrü üçün təhsil sisteminin əsas hədəflərini açıqlayıb və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Təhsil sahəsində yeni çağırışlar və əsas istiqamətlər haqqında danışan millət vəkili Bəxtiyar Əliyev bu müddətdə qanunverici orqanda da təhsil sahəsində bir çox normativ-hüquqi sənədlərin hazırlanaraq qəbul olunduğunu bildirib. Millət vəkili qeyd edib ki, rəhbəri olduğu Elm və təhsil komitəsi pandemiya şəraitində təhsillə bağlı bir sıra onlayn görüş, iclas və tədbirlər təşkil edib. Bəxtiyar Əliyev Təhsil Nazirliyi ilə sıx əməkdaşlıqda çalışdıqlarını və birgə addımların atılması istiqamətindəki fəaliyyəti müsbət qiymətləndirib.
Millət vəkili Şahin Seyidzadə tədris ilində görülən işlər, pandemiya şəraitində ənənəvi təhsilin virtual təhsilə transferi, post-pandemiya dövrü üçün fəaliyyətlər, o cümlədən, onlayn platformalarda müəllimlərin və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə qısa məlumat verib, təhsil işçilərini və AGMA-nı gələcək addımlarda təşəbbüs və təkliflərlə çıxış etməyə dəvət edib.
Sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının keçdiyi yol və gördüyü işlər, pandemiya şəraitində və post-pandemiya dövrü üçün fəaliyyəti, gələcək tədbirlər barədə təqdimat olub.
Forum qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib, müəllimlərin sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.
|
|
08.07.2020 | 19:22 | |
|
|
|