Məktəb seçiminə start veriləcək

Ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibədə uğur qazanmış uşaqların I sinfə qəbulu üçün məktəb seçiminə iyulun 8-i saat 11:00-dan start veriləcək.

 

Valideyn (qanuni nümayəndə) şəxsi kabinetə daxil olaraq qeydiyyatda olduğu ünvana uyğun təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

 

Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı süni şagird sıxlığının qarşısını almaq məqsədi ilə ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan uşaqların üstünlük hüquqları təmin olunur. 2020-2021-ci tədris ili üçün I sinfə qəbul prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan bir sıra məktəblərdə boş yerlər yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər növbəyə yazıla bilərlər.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat sisteminin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

 

 



06.07.2020 | 14:02