BSU-da Slavyan yazısı və mədəniyyəti günü

Mayın 24-də Bakı Slavyan Universitetində (BSU) slavyan xalqlarının böyük maarifçiləri Kiril və Mefodinin xatirə gününə həsr olunmuş Slavyan yazısı və mədəniyyəti günü qeyd olunub.

 

Tədbiri  açan Rusiya tədris-mədəniyyət mərkəzinin müdiri Gülnarə Novruzova hər il BSU-da Slavyan yazısı və mədəniyyəti gününün xüsusi qeyd olunduğunu diqqətə çatdırıb. O bildirib ki, bütün slavyan dünyasında yüzilliklərdən bəri keçirilən bu bayram slavyan xalqları əlifbasının baniləri Kiril və Mefodi qardaşlarının mədəni və mənəvi irsinə həsr edilib.

 

Sonra pedaqoji fakültənin ikinci kurs tələbələri Kiril və Mefodi qardaşlarının həyatı, onların slavyan mədəniyyətinə verdikləri töhfələr, Slavyan əlifbası və mədəniyyəti gününün əsl xalq bayramı kimi qeyd olunması haqqında ətraflı məlumat veriblər.

 

Tədbir çərçivəsində Kiril və Mefodinin slavyan xalqlarının həyatında xüsusi xidmətlərindən bəhs edən filmin nümayişi olub.

 

BSU-nun professoru Lidiya Qranovskaya slavyan yazısının oktyabr inqilabından sonrakı tarixi barədə geniş məruzə  edib.

 

Tədbirdə iştirak edən Arxangelsk Beynəlxaq Universitetinin prorektoru, professor Mixail Sobolev Bakı Slavyan Universitetində slavyan xalqlarına məxsus milli bayramların təntənə ilə qeyd olunmasını sevindirici hal kimi dəyərləndirib. Mixail Sobolev  Arxangelsk vilayətinin Azərbaycan diasporunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsində Bakıya gəlməsinin səbəbindən də söz açıb.

 

BSU-da fəaliyyət göstərən “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı ilə yaxından tanış olduğunu deyən qonaq jurnalda dərc olunan məqəlalər barədə müsbət fikirlər səsləndirib. M.Sobolev çıxışının sonunda Arxangelsk vilayətinin Azərbaycan diasporunun dəstəyi ilə Gənc Türk Yazarlar Birliyi və Rus Yazıçılar Birliyinin Azərbaycan-rus dillərində hazırladığı “Fəzanın cazibəsi” adlı kitabı BSU-nun kitabxanasına bağışlayıb.

 

Sonra tədbir bədii hissə ilə davam edib.

 



26.05.2018 | 13:17