SDU-da tətbiqi fizika və energetikaya dair konfrans işə başlayıb

Mayın 24-də  Sumqayıt Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş  “Tətbiqi fizika və energetikanın aktual məsələləri − 2018” Beynəlxalq elmi-texniki konfransı öz işinə başlayıb.

 

Konfransda Rusiya, Tatarıstan, Özbəkistan  Başqırdıstan, Cənubi Koreya, Belarus və Gürcüstanın, o cümlədən ölkəmizin   aparıcı universitetlərinin alimləri  iştirak ediblər.

 

Konfransı Sumqayıt Dövlət Universitetin rektoru, Rusiya - Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov açaraq bildirib ki, Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Bu gün ölkəmiz nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi olmaqla yanaşı, geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərir..

 

Beynəlxalq Elmi konfrans çərçivəsində Kazan Dövlət Energetika Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalandı.

 

Konfaransda  SDU-nun fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova “Azərbaycan enerji sisteminin inkişaf perspektivləri və enerji effektliyi məsəslələri”, Kazan Milli Tədqiqat Texniki Universitetinin rektoru, Tatarıstan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor Albert Gilmutdinov “Лазерные аддитивные технологии. Современное состояние и перспективы”, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Afiq Həsənov, “Fotoelastik effektin xüsusiyyətlərinin bir sıra radiotexniki məsələlərinin həlli ücün tətbiq imkanı”, Sankt-Peterburq Politexnik Universitetinin “Nəzəri elektrotexnika və elektromexanika” kafedrasının müdiri, professor Nikolay Korovkin “Новые подходы к оптимизации статических режимов энергосистем”, Kazan Dövlət Energetika Universitetinin elmi işlər üzrə prorektoru, professor Emil Şəmsutdinov “Казанский государственный энергетический университет как центр технологического развития региона”, Özbəkistan Respublikası Elmlər Akademiyasının Fizika-Texniki İnistitutunun laboratoriya müdiri, professor Amin Saidov “Выращивание твердого раствора (Si2)1-x-y(SiC)x(Sn2)y на Si подложках из жидкой фазы”,  Çunqbuk Milli Universitetinin Fizika departamentinin professoru Seong- ChoYu “The Magnetocaloric Effect on Magnetic Materials”, SDU-nun “Bərk cisim və yarımkeçiricilər fizikası” kafedrasının müdiri, professor Məhəmmədəli Zərbəliyev “Tallium halkoindianatları və onların ərintiləri əsasında nadir torpaq elementli yarımkeçiricilər”, Belarus Milli Elmlər Akademiyasının  laboratoriya müdiri, professor Yanuşkeviç Kazimir İosifoviç “Магнитные полупроводники на основе xалькогенидов 3d-элементов” mövzularında məruzə  ediblər.

 

Konfrans iştirakçılarına Sumqayıt Dövlət Universitetinin tələbələrinin ifalarında konsert proqramı təqdim olunub.

 

Qeyd edək ki, beynəlxalq konfrans öz işini səkkiz bölmə üzrə iki gün ərzində davam etdirəcək. Konfransa 198 tezis qəbul edilib və onlar toplu şəklində çap olunub.

 



26.05.2018 | 10:21