Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar MDU-da iclas keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Microsoft Teams platforması üzərindən online formatda keçirilən iclas karantin rejiminin uzadılması məsələsinə həsr olunub.

 

MDU-nun rektoru Şahin Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması barədə məlumat verib. Qərarın detalları barədə ətraflı danışan rektor infeksiya ilə mübarizə sahəsində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və qabaqlayıcı addımların atıldığını diqqətə çatdırıb.

 

Ş.Bayramov karantin dövrünün tələb və tövsiyələrinə daha ciddi əməl olunmasının, o cümlədən tibbi maska taxılması, sosial məsafə saxlanılması və dezinfeksiyaedici məhlullardan davamlı istifadə edilməsinin vacibliyini vurğulayıb. Ciddi ehtiyac yaranmadığı təqdirdə evdən çıxmamağın və ictimai yerlərdə digər şəxslərlə kontaktın minimuma endirilməsinin önəmini qeyd edən rektor universitet əməkdaşlarını virusla mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsində fəal iştiraka dəvət edib.

 

Karantin müddətində MDU-nun fəaliyyətinin məsafədən həyata keçiriləcəyini bildirən Ş.Bayramov bununla əlaqədar struktur bölmə rəhbərlərinə müvafiq tapşırıqlar verib, sözügedən qərar barədə ətraflı məlumatın kafedra və şöbə iclaslarında online qaydada bütün əməkdaşlara çatdırılmasını tövsiyə edib.

 

İclasda karantin müddətində tələbə, magistrant və valieynlərdən daxil olan bütün müraciətlərə operativ qaydada baxılması ilə bağlı da müvafiq tapşırıqlar verilib.

 

 



03.07.2020 | 15:15