34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq | |
2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Elə həmin vaxtdan Proqram çərçivəsində iki komponent - xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi və ikili diplom proqramlarının təşkili üzrə işlərə start verilib. Azərbaycan iqtisadiyyatı üçün prioritet sayılan ixtisas sahələri üzrə xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi komponenti üzrə həyata keçirilən ilk qəbulun nəticələri artıq bəllidir. Bununla da, yaxın illər ərzində Azərbaycan təhsil sistemi və əmək bazarı üçün dünyanın 500-ə yaxın ən yüksək səviyyəli universitetində təhsil almış azərbaycanlı tələbələrin doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsinə başlanılır. Sentyabr ayından başlayacaq bu prosesin sonunda təhsilini tamamladıqdan sonra ölkəsinə qayıdaraq iqtisadiyyatın inkişafına töhfə verəcək 34 nəfərin adı açıqlanıb. Həmin şəxslər 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili almaq hüququ qazanıb.
9 yerli ali təhsil müəssisəsi bu prosesdə iştiraka qoşulub
Təhsil Nazirliyinin “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən, Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib ki, ümumilikdə 67 nəfər sənəd verərək “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün müraciət edib. Onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsində 29 nəfər müsbət, 8 nəfər mənfi nəticə alıb. 7 nəfərin namizədliyi birbaşa təsdiq edilərək müsahibədən azad olunub. 2 nəfər müsbət nəticə alan namizəd şəxsi məsələlərə görə təhsil almaqdan imtina edib.
Proqramın ilk iştirakçıları Türkiyə, Almaniya, Birləşmiş Krallıq, İtaliya, Belçika, ABŞ, Fransa, Rusiya, Niderland Krallığı və Lüksemburqda təhsilini davam etdirəcəklər. Doktorantura səviyyəsi üzrə də Türkiyədə təhsilə üstünlük verənlər çoxluq təşkil edir. Tələbələr arasında hazırda həmin ölkələrdə təhsil alanlar da var. Təhsilalanların seçdiyi əsas tədqiqat sahəsi təbiət ixtisasları üzrə (26 faiz) olub. Müraciət edənlərin 20 faizi iqtisadiyyat və idarəetmə ixtisaslarını, 18 faizi səhiyyə və rifah, 15 faizi texniki və texnoloji ixtisasları seçib. 9 yerli ali təhsil müəssisəsi bu prosesdə iştiraka qoşulub. İştirakçılar Dövlət Proqramı çərçivəsində təhsillərini bitirdikdən sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan həmin yerli ali təhsil müəssisələrində fəaliyyətə cəlb ediləcəklər. Yerli ali təhsil müəssisələri siyahısında Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin adı yer alıb.
İki hissədə maliyyələşmə həyata keçirilir
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üzrə 2 hissədə maliyyələşmə həyata keçirilir. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlinin sözlərinə görə, birinci hissə universitetlərə qəbul olan tələbənin təhsil haqqı, ikinci hissə isə tələbənin yaşayış xərcləri üçün ödənilir. İkinci hissənin məbləği tələbənin oxuduğu ölkənin yaşayış standartına uyğun müəyyən edilir. Əgər tələbə oxuyursa, təhsil haqqı proqram tərəfindən veriləcək. Ancaq pandemiya şəraitinə uyğun olaraq dərslər onlayn keçirilərsə və tələbə həmin şəhərdə deyilsə, bununla bağlı ayrıca qərar qəbul ediləcək. Belə ki, təhsil aldığı şəhərdə olmayanların yaşayış xərci ödənilməyəcək.
Nicat Məmmədli xaricdə təhsillə bağlı doktorantura proqramına qəbul olunan şəxslərin ailə üzvlərinin yaşayış xərclərinin ödənilməsi məsələsinə də toxunub. Dünya təcrübəsinə əsaslanan şöbə müdiri fərdə verilən təqaüdün onun bütün xərcləri üçün nəzərdə tutulmadığını deyib: “Bu, əməkhaqqı deyil, ailənin təminatı üçün verilən məbləğ deyil. Dünyanın heç bir yerində belə yanaşma yoxdur. Ona görə yalnız fərdin özünün təhsil haqqı və yaşayış xərci ödənilir. Tələbələr çalışaraq ailə xərclərini ödəyə bilərlər. Təhsil Nazirliyi həmin tələbələrin işləməyinə məhdudiyyət qoymur. Hər hansı məhdudiyyət varsa, bunu onların təhsil aldığı dövlət qoya bilər. Bu qaydalar ölkədən-ölkəyə dəyişir. Məsələn, Amerikada təhsil vizası olanların yalnız 20 saat işləmə icazəsi var. Kanadada işçi vizası da verilir və həmin tələbələr işçi sayılır”.
Pandemiya xaricdə təhsilə marağı azaltmayıb
Azərbaycan gənclərində xaricdə doktorantura təhsili almağa maraq olduğunu deyən Müjdət Həsənovun sözlərinə görə, pandemiya Dövlət Proqramı çərçivəsində təhsilə mane olmayacaq: “Doktoranturada gündəlik dərslər deyil, tədqiqatdır. Dövlət proqramına qəbul olan bəzi gənclər artıq çarter reysləri ilə qəbul olunduqları ölkələrə gedə bilərlər. Digər tələbələr isə pandemiya ilə bağlı hazırda təhsil davam etməyən universitetlərə onlayn formada qoşulacaq, vəziyyət normallaşandan sonra təhsil yerlərinə gedə biləcəklər”.
İkili diplom proqramları
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ikinci komponenti - ikili diplom proqramlarının təşkili üzrə də artıq nəticələr var. Belə ki, təsis edilməsi nəzərdə tutulan 5 ikili diplom proqramından 4-ü üzrə işlər yekunlaşmaq ərəfəsindədir. Azərbaycan Dövlət Pedaqoji və ADA universitetlərinin Amerikanın Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramları artıq yekunlaşıb. Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında aqrar elmlər ixtisasları istiqaməti üzrə, Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universiteti arasında mühəndislik ixtisasları üzrə bakalavriat səviyyəsində ikili diplom proqramları üzrə işlər isə yekunlaşmaq üzrədir.
Sadalanan 4 proqram üzrə 2020/2021-ci tədris ili üçün tələbə qəbulu həyata keçiriləcək.
Növbəti qəbul sistemi aktivləşdirildi
Beləliklə, ölkəmizdə xaricdə təhsili nəzərdə tutan daha bir Dövlət Proqramı start götürdü. Dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq ilk 34 nəfərin müəyyənləşməsindən dərhal sonra 2021-ci ilin yanvar semestri üçün növbəti qəbul sistemi aktivləşdirildi. Avqustun 2-dək sənədləri hazırlayıb müraciət edən hər kəs bu il xaricdə doktorantura təhsili almaq hüququ qazanacaq daha 30, 40, hətta 50 gəncdən biri ola bilər. Təhsil Nazirliyi və Dövlət Neft Fondu elm yolunda çalışmağa hazır gənclərə öz dəstəyini göstərəcək. Odur ki, səhiyyənin, təhsilin, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafında “Mənim də payım olsun”, - deyənlər üçün təhsilini artırmağın, özünü inkişaf etdirməyin tam zamanıdır.
Ruhiyyə DAŞSALAHLI |
|
03.07.2020 | 11:40 | |
|
|
|