Məktəbdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir | |
Bakıdakı 251 nömrəli tam orta məktəbdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Roza Rüstəmova, 70, 220, 250, 277 nömrəli tam orta məktəblərin direktorları iştirak edib.
Dövlət himni ilə başlanan tədbiri məktəbin direktoru Aygün Əzizova açaraq ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib və bu sənədə əsasən məktəbdə silsilə tədbirlərin- şeir müsabiqəsi, rəsm və kitab sərgiləri, viktorinalar, bilik yarışmaları, inşa yazı müsabiqələrinin və s. keçirildiyini və bugünkü tədbirin də onların yekunu olaraq təşkil edildiyini qeyd edib. Bildirib ki, AXC müsəlman Şərqində ilk parlamentli respublika olaraq xalqımızın qədim dövlətçilik ənənələrini yaşadıb, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. 100 il əvvəl, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət öz müstəqil dövlətinə sahib olmuşdu. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlaq ideyaları bu gün də yaşamaqdadır. Direktor Müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən-günə inkişaf etdiyini diqqətə çatdırıb.
Sonra söz məktəbin şagirdlərinə verilib. 3-cü “a” sinfinin şagirdlərinin ifasında bayraq, Vətən haqqında şeirlər, mahnılar səslənib, milli rəqslərimiz nümayiş olunub. Yuxarı sinif şagirdlərinin ifasında isə Cəlil Məmmədquluzadənin “Kamança” pyesindən bir parça təqdim olunub. Tamaşa tədbir iştirakçılarında xoş ovqat yaradıb. Tədbirdə AXC-nin yaranması, fəaliyyəti, süqutu, ölkəmizin müstəqillik qazanması, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin siyasəti nəticəsində regionun lider dövlətinə çevrilməsi, inkişafı barədə videoçarxlar, şlaydlar nümayiş olunub. Şagirdlərdən Cəmilə Muradova (xanəndə), Bəhram Şirəliyev (kamança), Kamal Məmmədov (tar) “Heyratı” muğamı ilə tədbiri daha da rövnəqləndirib.
Çıxış edən qonaqlar məktəb rəhbərliyinə bu möhtəşəm tədbiri keçirdiyinə görə təşəkkürlərini ifadə edərək bildiriblər ki, Azərbaycanın gələcək qurucuları bu gün başlanan işlərin sabahkı davamçılarıdır. Təhsil ocaqlarında belə tədbirlərin keçirilməsinin şagirdlərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyi vurğulanıb.
Sonda direktor Aygün Əzizova tədbirlərin təşkilində fəallıqlarına görə müəllimlər Gülnarə Bədəlovaya, Afət Zamanovaya sertifikatlar, YAP-ın sıralarına yeni qəbul olunmuş 10 nəfər müəllimə isə partiyanın üzvlük vəsiqələrini təqdim edib.
Sifai SƏFƏROVA
|
|
27.05.2018 | 10:33 | |
|
|
|