Xalq Təhsili Muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı sərgi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar  2018-ci il tarixli Sərəncamlarına əsasən  Xalq Təhsili Muzeyində tədbir keçirilmiş, “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı sərgi təşkil edilmişdir. Tədbirdə Azərbaycan  Respublikası Təhsil Nazirliyi və tabeliyində olan müəssisələrin nümayəndələri, respublikanın tanınmış pedaqoq-alimləri, Bakı şəhər  məktəblilərinin şagird və müəllimləri, ictimaiyyət təmsilçiləri iştirak etmişlər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, əməkdar mədəniyyət işçisi L.Bayramova  müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu qeyd edərək, milli şüurun formalaşmasında əhəmiyyətindən, fəaliyyətdə olduğu 23 ay ərzində dövlət  quruculuğunun, milli təhsil və mədəniyyətin  inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı. Azərbaycan Xalq Cümhuriyyəti  qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Tədbirdə Xalq Təhsili Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Q.Qafarova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” adlı məruzə ilə çıxış etdi. Çıxış edənlərdən Əməkdar müəllim N.Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin  İbtidai təhsil  fakültəsinin  dekanı, professor  Fərrux  Rüstəmov, Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru H.Əhmədov Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və mədəniyyət sahəsində görülən işlərdən danışaraq, ölkəmizin   müstəqillik yolu ilə tərəqqisinə böyük dəyər verdilər.  

 

Tədbir  zamanı Bakı şəhər “Ankara məktəbi” məktəb-liseyin, Sabunçu rayon 252 nömrəli tam orta və 4 nömrəli uşaq musiqi məktəblərinin şagirdlərinin  ifasında vətənpərvərlik mövzusunda  şeir və mahnılar dinlənildi .

 

Tədbirin sonunda qonaqlar Xalq Təhsili Muzeyinin fond materialları əsasında  təşkil edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti - 100” adlı  sərginin açılışında iştirak etdilər.



28.05.2018 | 10:17