Ekoloji tarazlığın qorunub saxlanmasına dair elmi konfrans | |
Naxçıvan Dövlət Universitetində “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış : Problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
Univеrsitеtin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə, o cümlədən ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Rektor deyib ki, bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb.
E.İsayevin sözlərinə görə, Azərbaycanda, eləcə də muxtar respublikanın ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Universitetdə Ekologiya mühəndisliyi, Meliorasiya və su təsərrüfatı mühəndisliyi ixtisasları üzrə bakalavr, magistr, doktorant hazırlığının həyata keçirilməsindən danışan ali məktəbin rəhbəri qeyd edib ki, təhsil ocağında yaradılan müasir tədris şəraiti gələcək təcrübələrin, tədqiqatların aparılması üçün mühüm elmi, təcrübi əhəmiyyətə malikdir.
“Azərbaycanın su ehtiyatlarının və iqlim dəyişmələrinin dayanıqlı inkişafa təsiri” adlı çıxışında AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov qeyd edib ki, Azərbaycan da iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır. Su ehtiyatlarının azalmasının iqlim dəyişmələrinə təsiri olduğunu qeyd edən akademik gələcəkdə bu amilin çaylara öz təsirini göstərəcəyini söyləyib. O vurğulayıb ki, hər bir vətəndaş sudan düzgün istifadə etməli, su ehtiyatının tükənməsinə yol verməməlidir. Bunun üçün çayların ekoloji axını bərpa olunmalı, eyni zamanda suya qənaətedici texnologiyalardan istifadə edilməlidir.
AMEA-nın Torpaq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev “Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarından istifadə zamanı suvarma su problemləri” adlı çıxışında qeyd edib ki, burada relyefin cənuba doğru meylliyi, günəş radiasiyasının çox olması, buludsuz günlərin çoxluğu, fəal temperaturun yüksəlişi, yağıntının azlığı suvarmanın daha çox istifadə edilməsinə gətirib çıxarır. Bütün bunlar isə Naxçıvanda su ehtiyatlarından son dərəcə diqqətlə istifadəni, hər damcı suyu dəyərləndirməyi tələb edir. Vurğulanıb ki, muxtar respublikada sudan səmərəli istifadə olunması, torpaqların münbitliyinin qorunması, şoranlaşma və erroziyaya qarşı mübarizə aparılması, relyefi müxtəlif olan ərazilərdə düzgün suvarma tədbirlərinin icra edilməsi məqsədilə 2007-ci ildən damcı üsulu ilə suvarma sisteminə üstünlük verilir.
Tədbirin sonunda digər alimlərin də mövzu ilə əlaqəli çıxışları dinlənilib.
|
|
01.07.2020 | 14:29 | |
|
|
|