Şamaxı Astrofizika Rəsədxanasının GRANDMA birliyi ilə uğurlu əməkdaşlığı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında  (ShAO) gənc tədqiqatçıların elmin aktual problemləri ilə məşğul olması, habelə rəsədxananın beynəlxalq əməkdaşlıq əlaqələrinin artırılması və dünya elminə inteqrasiyası istiqamətində ciddi işlər görülməkdədir. Bu istiqamətdə rəsədxananın Qalaktikalar və ulduzəmələgəlmə prosesləri  şöbəsinin müdiri, professor Nəriman İsmayılovun rəhbərliyi altında  4 nəfər gənc doktorant və magistrlərdən ibarət təşkil olunmuş qrupun iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanası  “Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts” (GRANDMA) adlı beynəlxalq teleskoplar şəbəkəsinə qoşulub (https://grandma.lal.in2p3.fr/).

 

Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Beynəlxalq konsorsium olan GRANDMA cəmi bir ildir  fəaliyyət göstərir, buna baxmayaraq layihədə 16 müxtəlif ölkəni birləşdirən 25 teleskop spektral və fotometrik müşahidələrlə məşğuldur (https://grandma.lal.in2p3.fr/research/grandma-project/).

 

Müşahidələrin məqsədi səmanın geniş bir hissəsində kainatda qravitasiya dalğaları ilə bağlı baş verən tranzient hadisələri qeyd etmək, onların ilkin baş verdiyi qalıq hadisələri optik diapazonda izləməkdir.  Belə unikal fiziki hadisələrin müşahidə edilməsi və izlənməsi müasir fizika və astrofizika elmində qravitasiya dalğalarının fizikasını başa düşmək üçün çox böyük önəm daşıyır. Məsələn, iki neytron ulduzun və ya neytron ulduz–qara dəlik cütlüyünün qovuşması nəticəsində güclü qravitasiya dalğaları yaranır. Bu hadisə ABŞ və Fransa-İtaliya LİGO və Virgo xüsusi qurğusunda qeyd olunur; GRANDMA teleskoplar şəbəkəsinə hadisənin baş verdiyi yer və dəqiq koordinatlar ötürülür. Bu məlumatı alan kimi teleskoplar işə düşür və optik diapazonda həmin mənbənin verə biləcəyi qalıq hadisələr izlənilir. Şəbəkədə bunun üçün geniş infrastruktur və proqram kompleksi yaradılmışdır.

 

Bildirilib ki, rəsədxananın əməkdaşları GRANDMA şəbəkəsi çərçivəsində İngiltərə Kral Astronomiya Cəmiyyətinin çox nüfuzlu aylıq elmi jurnalında dərc olunmuş iki kollektiv məqalənin həmmüəllifidir (i.f ~ 5.5).  Bu nəşrlərdə rəsədxananın GRANDMA şəbəkəsinə qoşulmuş 2 m və 60 sm-lik teleskopları, işıq qəbulediciləri və müşahidə imkanları haqqında məlumatlar verilib. Həmin məqalələrdə rəsədxanada alınan çox unikal təsvirlərdən də istifadə edilib. Belə təsvirləri əldə etmək üçün rəsədxananın  T60 teleskopunda xüsusi optik reduktor quraşdırılıb.  Onun sayəsində 19-cu ulduz ölçülü parlaqlığa qədər olan obyektləri müşahidə etmək mümkün olub.  

 



30.06.2020 | 15:25