“Kimya həyatdır"

Mayın 21-də paytaxtın Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinin bir qrup IV kurs tələbələrinin pedaqoji təcrübənin yekununa dair “Kimya həyatdır” adlı tədbiri keçirilib. Tədbirdə ADPU-nun əməkdaşları ilə yanaşı, tədris ocağının müəllim-şagird kollektivi, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan ADPU-nun ümumi kimya və KTM kafedrasının müəllimi, pedaqoji təcrübə rəhbəri Rumiyyə Camalova tədbirin əhəmiyyətindən söz açıb. Tədris ocağında 14 həftə müddətində həyata keçirilən pedaqoji təcrübədən, təcrübə zamanı tələbələrin əldə etdikləri bilik və bacarıqlardan danışıb. Qeyd edib ki, universitetlə məktəbin səmərəli əməkdaşlığı nəticəsində pedaqoji təcrübədə olan tələbələr bu müddətdə təkcə bilik və bacarıqlar qazanmayıb, həmçinin məktəb həyatı və məktəbşünaslıqla yaxından tanış, pedaqoji prosesin tam iştirakçısı olub.

 

ADPU-nun istehsalat və pedaqoji təcrübə rəhbəri Solmaz Məmmədova çıxış edərək tədris ocağında pedaqoji təcrübə keçən tələbələrə məktəb rəhbərliyi tərəfindən yaradılan şəraitdən danışıb. Kadr hazırlığında pedaqoji təcrübənin çox vacib bir proses olduğunu bildirən S.Kərimova ADPU-nun bu işə xüsusi diqqət yetirdiyini və ilbəil bu sahə üzrə yeniliklərin tətbiq edildiyini nəzərə çatdırıb.

 

Tədbirdə tələbələrin nümayiş etdirdikləri kimyəvi reaksiyalar iştirakçıların böyük marağına səbəb olub. Tələbələrin müəllim haqqında söylədikləri şeirlər, oxuduqları nəğmələr  iştirakçılarda xoş ovqat yaradıb.

 

Niyazi RƏHİMOV



25.05.2018 | 18:47