“Mir Cəlal - yazıçı, alim və müəllim”

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş “Mir Cəlal - yazıçı, alim və müəllim” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış və nüfuzlu alimləri, ziyalıları, filologiya fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Konfrans iştirakçıları öncə professor Mir Cəlal Paşayevin əsərləri ilə tanış olublar.

 

Konfransı açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu günlər respublikamızda professor Mir Cəlal Paşayevin anadan olmasının 110 illiyinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. ADPU-da keçirilən konfrans da həmin tədbirlərdən biridir.  Rektor deyib ki, böyük alim, örnək pedaqoq, tanınmış yazıçı olan Mir Cəlalın yaradıcılığında insan və zaman haqqında düşüncələr xüsusi yer tutur. Rektor çıxışının sonunda konfransın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib və konfransın işinə uğurlar arzulayıb.

 

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü,  professor Təhsin Mütəllibov “Mir Cəlal xatirələrdə” mövzusunda məruzə edib. T.Mütəllibov qeyd edib ki, nəcib və xeyirxah insanların əməlləri onların özlərindən sonra da yaşayır.  Bu baxımdan xatirələr insanın ikinci ömrüdür. Professor Mir Cəlal Paşayev zəngin, mənalı, şərəfli bir müəllim-alim-yazıçı ömrü yaşayıb. Müəllimlik onun fəaliyyətində aparıcı yer tutub. Professor Mir Cəlal Paşayev əsl şəxsiyyət idi. Səbirli, müdrik, alicənab, həssas, sadə və səmimi  bir insan olan  professor Mir Cəlal Paşayev həmişə tələbələrin mövqeyindən çıxış edər, onların qayğısına qalardı.

 

Professor Buludxan Xəlilov “Yazıçı-alimin və müəllimin manifesti”   mövzusunda məruzə edib. B.Xəlilov bildirib ki, professor Mir Cəlal Paşayev müəllim, alim və yazıçı kimi cəmiyyətə layiqli bir nümunə olub. Professor Mir Cəlal Paşayev Məhəmməd Füzulini böyük lirik şair kimi təqdim etməyi bacarıb, ədəbi məktəblərin tədqiqində bir ardıcıllıq yaradıb. Onun sadə, səlis dili, özünəməxsus yaradıcılıq üslubu, insanlara və hadisələrə aydın yanaşma tərzi olub. Dil, Vətən, ana,  klassiklərlə müasirlərin varisliyi, vəhdəti məsələlərini gündəmə gətirib. “Bir gəncin manifesti” romanı yazıçının yaradıcılığında xüsusi yer tutur. Bütövlükdə professor Mir Cəlal Paşayev ədəbiyyatşünaslığın inkişafında mühüm xidmətlər göstərib.

 

Konfransda professorlar Asəf Zamanov, Qəzənfər Paşayev, Şirindil Alışanlı,  Cəlil Nağıyev, Təyyar Cavadov, Abdulla Abbasov, dosent Məti Osmanoğlu, yazıçı Elçin Hüseynbəyli çıxış edərək professor Mir Cəlal Paşayevi XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndələrindən biri kimi səciyyələndirib və onun roman yaradıcılığını yüksək qiymətləndiriblər.

 

 



25.05.2018 | 18:21