Kollec tələbələrinin bayram töhfəsi | |
Mayın 23-də YAP-ın Yasamal Rayon Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri, ali məktəb müəllimləri, tanınmış ziyalılar və başqa qonaqlar iştirak ediblər.
Tədbirdə YAP-ın Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov öncə qonaqları salamlayıb və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının tarixindən və fəaliyyətindən danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Həmin tarix ölkəmizdə Respublika Günü kimi hər il təntənə ilə qeyd edilir.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan müstəqil dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Cümhuriyyət 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə xalqımız və dövlətçiliyimiz üçün çox işlər həyata keçirildi.
Sonra bir qrup YAP üzvü Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə fəxri fərmanla təltif olunub. Onların arasında ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov da vardır.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Xor” və “Rəqs” ansambllarının maraqlı çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Kollecin tələbələri qarşıdan gələn bayram münasibətilə hazırladıqları ədəbi- bədii kompozisiyanı nümayiş etdiriblər. Tələbələr şeir söyləyib, mahnı oxuyub və rəqs ediblər.
Şakir CƏFƏROV
|
|
25.05.2018 | 17:56 | |
|
|
|