Qarşıya qoyulan məqsəd və hədəflərə doğru | |
Koronavirus pandemiyası (COVID-19) dünyanı vahimədə saxlamaqda davam edir. Pandemiya insanları yalnız sağlamlıqları ilə təhdid etmir, həm də iqtisadi, mədəni, sosial sahələrə zərbə vurur. Hətta inkişaf etmiş ölkələri belə maddi və mənəvi sıxıntı ilə üz-üzə qoyur, yeni yaşam tərzlərinin formalaşmasına səbəb olur. Bütün ölkələr bu vəziyyətdən daha az itki ilə çıxmaq üçün xüsusi strategiyalar işləyib hazırlayır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəfələrlə vurğulandı və beynəlxalq aləmdə də qəbul olundu ki, Azərbaycan pandemiya dövründə ən uğurlu strategiya irəli sürən dövlətlərdən biri oldu. Dövlətin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və eləcə də postpandemiya dövrü üçün nəzərdə tutulmuş proqramlar dünya mətbuatında təqdir olunur.
Koronavirus pandemiyası dövründə ölkəmizdə sosial sahədə görülən işlər prioritet təşkil edir. Bu sahədə genişmiqyaslı işlər aparılır, müxtəlif qabaqlayıcı addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Görülən bütün tədbirlər Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, fikrinin bariz təzahürü kimi dəyərləndirilməlidir.
Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müdrik kəlamına sadiq qalan ölkə rəhbəri İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırdı. Təhsilin fasiləsizliyinin təmin edilməsi məqsədilə bir çox tədbirlər həyata keçirildi.
Təhsil Nazirliyinin “Evdə qal, təhsildən qalma!” çağırışına bütün ali təhsil müəssisələri kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən ADPU-nun Şamaxı filialı da tam qüvvəsi ilə qoşuldu.
Qısa müddət ərzində yüksək peşəkarlığa malik müəllimlərdən ibarət heyət məsafədən təhsilin şərtlərinə uyğun təlimatlandırıldı, texniki təchizat məsələləri həll edildi. Bütün ixtisaslar və fənlər üzrə tədrisin qaldığı yerdən online rejimdə davam etdirilməsinə başlanıldı.
Qeyd edək ki, filialda bir fakültə - Pedaqoji fakültə, 3 kafedra - Pedaqoji və təbiət fənləri, İctimai və xüsusi fənlər kafedrası və Ədəbiyyat və dillər kafedrası fəaliyyət göstərir. Kafedralar, eləcə də digər strukturlara məxsus otaqlar sürətli internetə qoşulmuş texniki avadanlıqlarla təchiz olunub.
Filialın qarşısında qoyulan əsas məqsəd ölkənin və regionun sosial-iqtisadi inkişafının tələblərinə uyğun müasir çağırışlara cavab verən bilik və bacarığa malik mütəxəssislər yetişdirmək və ADPU-nun Şamaxı filialını təhsil-tədqiqat-innovasiya mərkəzinə çevirməkdir. Filialda dövlət təhsil standartlarının tələblərinə əsasən bakalavr təhsil pilləsində “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.
Filialın maddi-texniki bazası gündən-günə gücləndirilir (İKT-nin multimedia və internet imkanlarının zənginləşdirilməsi və onlardan səmərəli istifadənin təşkili), elektron dərslik, dərs vəsaitlərinin hazırlanması həyata keçirilir, təcrübə mübadiləsinin və qabaqcıl təcrübənin yayılması məqsədilə kafedralar tərəfindən “açıq dərs”lər və onların müzakirəsi təşkil edilir, filial əməkdaşlarının müxtəlif təlim kursları və seminarlarda iştirakı təmin olunur. Tədrisin keyfiyyətini daha da artırmaq məqsədilə ixtisaslara uyğun olaraq tarix, coğrafiya, riyaziyyat, informatika, ədəbiyyat kimi müxtəlif fənn kabinetlərindən istifadə olunur. Mövcud 24 auditoriyanın 5-i kompüterlə tamamilə təchiz olunmuş, 4-ü elektron lövhəli, 6-sı isə proyektorlu otaqlardır. Auditoriyalardan 14-ü sürətli internetlə təchiz olunmuşdur. Bundan başqa filialda Azərbaycan Təhsil İnformasiya Sisteminin fəaliyyəti üçün də sürətli internetlə təchiz olunmuş otaq fəaliyyət göstərir.
Hazırda filialda 37 müəllim, o cümlədən 3 dosent, 8 fəlsəfə doktoru, 4 baş müəllim, 22 siravi müəllim fəaliyyət göstərir. Həmçinin ölkənin nüfuzlu ali təhsil müəssisələrindən yüksək elmi potensiala malik 14 müəllim (1 professor, 12 dosent, 1 fəlsəfə doktoru) dəvət olunmuşdur.
Pandemiya dövründə 518 nəfərdən ibarət tələbə kontingentinə daxil olan və respublikanın əksər bölgələrindən olan 400-dən artıq tələbə (buraxılış qrupları istisna olmaqla) elektron formada mühazirə materialları ilə təmin edildi. Zamanla yaranan bütün çətinliklər aradan qaldırıldı və daha geniş təlim imkanları yaradıldı. Təhsil Nazirliyinin təqdim etdiyi “Microsoft Teams” platformasından ödənişsiz formada istifadə olundu.
Respublikanın ucqar kəndlərində yaşayan tələbələrin dərslərə qoşulmasında bəzi problemlər yaranmasını nəzərə alaraq, həmin tələbələrlə zəng və ya elektron poçt ünvanı vasitəsilə əlaqə saxlanıldı. Ümumilikdə, 350 tələbə mütəmadi online dərslərdə iştirak etdi.
Əminliklə qeyd etmək olar ki, ADPU-nun Şamaxı filialının əməkdaşları online təhsil prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsini tədqiq etməklə səmərəli olan bütün yanaşmaları qəbul etməkdədir. Filialın kollektivi yaranan vəziyyətin öhdəsindən uğurla gəlir və tələbələrin təhsildən geri qalmamaları üçün əllərindən gələni edir.
Bütün ixtisaslar üzrə fənlərin tədrisi 31 may 2020-ci il tarixinə qədər başa çatdırılıb.
Hazırda ADPU-nun Şamaxı Filialında Universitetin 2019/2020-ci tədris ilinin yaz semestri yekunlaşdırılaraq təhsil proqramları üzrə nəzərdə tutulan təcrübələrin, semestr imtahanlarının, Buraxılış Yekun Dövlət Attestasiyasının formatı və qaydalarına uyğun olaraq yaz semestrinin imtahan sessiyası obyektiv və şəffaf qaydada həyata keçirilir.
Pandemiya dövründə Filialın Elmi Şurasının iclasları, kafedraların iclasları online şəkildə təşkil edilir.
Qeyd edək ki, 2018-ci ildən Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində filialda fəaliyyət göstərən İnklüziv təhsil üzrə resurs mərkəzi də pandemiya dövründə fəaliyyətini davam etdirir. Bu dövrdə mərkəz tərəfindən onlayn formada keçirilən təlimlərdən 100 müəllim, vebinarlardan isə 50 valideyn keçmişdir.
Həmçinin, tədrislə yanaşı mədəni kütləvi tədbirlərin də online qaydada həyata keçirilməsi prosesi uğurla baş tutur.
Bununla yanaşı filialın ictimai təşkilatları tərəfindən mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. “Evdə qal, təhsildən qalma”, “Həkimlərə dəstək” adlı videoçarxlar hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.
Tarixi günlərin qeyd olunması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı “Bir millətin xilaskarı” adlı videoçarxın hazırlanması və elmi-praktik konfransın, 28 may Respublika Gününə və Milli Qurtuluş Gününə həsr olunmuş online konfransın keçirilməsi və videoçarxın hazırlanması təqdirəlayiq hal olaraq qeyd olunmalıdır.
ADPU-nun Şamaxı filialının tələbələri könüllülük fəaliyyətinə də fəal şəkildə qoşulmuşdur. Belə ki, Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq şəraitində “bizbirlikdəgüclüyük.az” portalına və 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan vətəndaşlara dəstək göstərilməsi istiqamətində işlərdə könüllü kimi fəal iştirak ediblər. Həmçinin Azərbaycan Respublikası Könüllülərin Əlaqələndirmə Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Mehriban qonşu” layihəsinə qoşulublar.
Həm filial əməkdaşları, həm də tələbələri online maarifləndirmə tədbirlərinin təşkilatçısı və iştirakçısı qismində çıxış etmişdir. Filial TGT-si “Gəncsən başla!” portalı ilə əməkdaşlıq edərək təlimçi Nihad Quliyevin, filialın 100-ə yaxın tələbəsinin iştirakı ilə “Müsahibələrdən necə keçək”, “Development Pover” təşkilatı ilə birgə “İnklüziv cəmiyyətə gedən yol inklüziv təhsildən keçir” və “Bərabərliyə çağırış” mövzularında vebinarların təşkilatçısı, eyni zamanda ATGTİ-nin təşkil etdiyi təlimlərin iştirakçısı olmuşdur. Filialın ictimai təşkilatlarının ənənəvi iclasları da online şəkildə təşkil olunur. Eyni zamanda online intellektual yarışlar da təşkil edilmişdir.
Bu müddət ərzində müsabiqələrə də qatılaraq ADPU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən mahnı müsabiqəsində birinci tədris ili tələbəsi Aytac Quliyeva I yerə, Şamaxı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii qiraət müsabiqəsində IV tədris ili tələbəsi Günay Məmişova I yerə layiq görülmüşlər.
Təqdirəlayiq haldır ki, sosial baxımdan həssas ailələrin üzvü olan tələbələr də diqqət mərkəzində saxlanılır. 13 aprel 2020-ci ildə verilən qərara əsasən filialın xeyli tələbəsi təhsil haqqı xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi güzəştindən istifadə edəcək.
Ölkə Prezidentinin “Biz birlikdə güclüyük” çağrışına qoşularaq ADPU-nun Şamaxı filialının kollektivi tərəfindən ölkədə elan olunmuş xüsusi karantin rejimində aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, əlilliyi olan uşaqlı ailələrə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə sosial aksiya keçirilmişdir.
Aydındır ki, pandemiya insanların həyatına, davranışına, psixologiyasına da müəyyən qədər təsir etmişdir. Doğrudan da, belə bir situasiyada təhsil sisteminə diqqətin artırılması və pedaqoji fəaliyyətin gücləndirilməsi ən ümdə məsələlərdəndir. Tədris prosesinin gündən-günə yeni məzmunda qurulduğu ADPU-nun Şamaxı filialı qarşısına qoyduğu təhsil və tərbiyə məqsədlərinin öhdəsindən gəlir və bu istiqamətlərdə işlər davam etdirilir.
Tünzalə YUSİFOVA, ADPU-nun Şamaxı filialının direktoru |
|
26.06.2020 | 15:27 | |
|
|
|