İlk təcrübə və böyük uğur | |
Sərgiyə hazırlıq mərhələsi
İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti yuxarı kurs tələbələri və məzunları üçün onlayn formatda VIII Məzun-Karyera sərgisini keçirdi. Bir tədris ili ərzində iki dəfə - dekabr və may aylarında keçirilən, universitetdə artıq ənənəvi hal almış və yüzlərlə tələbənin işə düzəlməsində vasitəçi rolu oynamış Məzun-Karyera sərgilərində həm tələbə və məzunlar, həm də işəgötürənlər böyük həvəslə iştirak edir. ADNSU-nun Məzun-Karyera sərgilərinə marağın yüksək olması onun ötən illər ərzində özünü effektiv platforma olaraq təsdiqləməsi ilə bağlıdır. Koronavirus pandemiyası VIII Məzun-Karyerasının keçirilməsi ilə bağlı planlara bəzi dəyişikliklərin olunmasını zəruri etdi və bu dəfə ilk dəfə olaraq ADNSU tələbə-məzunları və işəgötürənləri onlayn platformada bir araya gətirdi. Onlayn formatda ilk təcrübə olduğu üçün sərginin nə dərəcədə uğurlu olacağı ilə bağlı əvvəlcə şübhələr olsa da, görülən işlər - şirkətlərlə danışıqlar və onların sərgidə iştiraka həvəslə razılıq verməsi, qısa müddət ərzində Məzun-Karyera sərgisinin career.asoiu.edu.az web səhifəsinin hazırlanması, tələbələrin tez-tez maraqlanması və ən əsası Təhsil Nazirliyinin tədbirə dəstəyi sərgi günü - 11 iyun tarixi yaxınlaşdıqca həmin şübhələrin aradan qalxmasına səbəb oldu. ADNSU-nun ənənəvi olaraq keçirdiyi Məzun-Karyera sərgiləri ilə müqayisədə onlayn sərgidə orta hesabla 2-2,5 dəfə az şirkət və vakant yer - 37 dövlət qurumu və özəl şirkət tərəfindən 217 vakant iş yeri təklif olunsa da, koronavirus pandemiyası ilə mübarizə şəraitində bu, çox sevindirici nəticə idi. Bu sevinc üçün əsas səbəblərdən biri də Azərbaycan Prezidentinin humanist siyasəti və bundan qaynaqlanaraq pandemiya şəraitində işəgötürənlərin işçilərlə əmək müqaviləsinə əsassız surətdə xitam verməməsi üçün nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsi idi.
Azərbaycandakı humanist siyasətin Məzun-Karyera Sərgisinə mühüm töhfəsi
Beynəlxalq Əmək Təşkilatının koronavirus pandemiyasının əmək bazarına təsiri ilə bağlı açıqladığı hesabata görə, dünya üzrə təxminən 25 milyon nəfər işsiz qala və əmək böhranı yarana bilər. Hesabatda pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər də qeyd edilib. Bu tədbirlər sırasına sosial müdafiənin gücləndirilməsi, qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməsi göstərilib. Azərbaycan Respublikasında pandemiyanın əmək bazarına təsiri özünü xüsusilə iki sahədə - turizm və ictimai iaşə sektorlarında göstərsə də hökumətin elan etdiyi 3,5 milyon manatlıq sosial paket bu mənfi təsirin xeyli dərəcədə azalmasına səbəb olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər, bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular. “Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub. Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 85,4 min artıb”, - bunu isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev videobağlantı formasında keçirilən kollegiya iclasında deyib. Bu artım, əsasən, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olub. “Yeni müqavilələrin hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılması, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsi tapşırılıb.
Azərbaycan dövləti regionun lideridirsə, Azərbaycan xalqı da bölgəmizin ən mütərəqqi milli dəyərlərə sahib olan toplumudur. Minilliklərdən bəri dar gündə bir-birinə əl tutan xalqımız Azərbaycan Prezidentinin “Biz Birlikdə Güclüyük!”çağırışı ilə səfərbər olub. Bu səbəbdəndir ki, əksər dövlət qurumları və özəl şirkətlər koronavirus pandemiyası ilə bağlı yaranmış həssas şəraitdə əsl vətəndaş mövqeyindən çıxış edərək nəinki əməkdaşlarını ixtisar etmədilər, əksinə, işə yeni əməkdaşlar cəlb etməyə hazır olduqlarını bəyan etdilər. Məzun-Karyera sərgisinə hazırlıq mərhələsində şirkətlərlə təmasımız zamanı demək olar ki, bütün şirkətlərin reaksiyası belə idi. Bu, həmin şirkətlərin ölkədə keçirilən islahatları sadəcə dəstəklədiyinin deyil, həmin prosesin iştirakçısı olduqlarının, dövlətlə sosial məsuliyyətini daim bölüşmüş və hazırda da bunu davam etdirdiyinin nümayişi idi. Bütün bu müşahidə etdiklərimiz ADNSU-nun kollektivinə böyük ruh yüksəkliyi ilə onlayn Məzun-Karyera Sərgisinə start verməyə əsas verirdi.
Təhsil Nazirliyi: Məzun-Karyera sərgisi tələbə, ali məktəb və işəgötürənlər üçün səmərəli platformadır
Məzun-Karyera sərgisinin açılışında ilk çıxış edən Təhsil nazirinin müavini İdris İsayev dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə şəraitində ADNSU-nun onlayn formatda Mazun-Karyera sərgisi keçirmək təşəbbüsünü alqışlayıb. O, Beynəlxalq Əmək Təşkilatının statistikasına əsasən tələbələrin ali təhsildən əmək bazarına keçid müddətinin təqribən 1 il 4 ay təşkil etdiyini, bəzi ixtisaslar üzrə isə bu keçidin daha uzun zaman tələb etdiyini bildirib. “Çox sevindirici haldır ki, bizim elə ali məktəblərimiz vardır ki, onun sonuncu kurs tələbələrinin iş yerləri artıq bəllidir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bu siyahıda yer alan ali məktəblərdəndir. Universitetin məzunlarının böyük bir qismi qısa zamanda əmək fəaliyyətinə başlayır. Bu bir səmərəlilik, proqramların əmək bazarının tələblərinə uyğunluğunun göstəricisidir”, - deyə İdris İsayev bildirib. O müasir dövrdə gənclərin əmək bazarında iş yeri uğrunda daha böyük rəqabətlə rastlaşdıqları ilə əlaqədar gənclər arasında isizlik səviyyəsinin dünyada olduğu kimi, Azərbaycanda da işsizlərin ümumi orta göstəricisindən yüksək olduğunu qeyd edib. Bunun da əsas səbəbi müəssisələrin iş təcrübəsinə və stajına malik olmayan tələbələri adətən işə götürməkdən çəkinmələridir. Tələbələrin əldə etdikləri bilik və bacarıqların əmək bazarının kompetensiyalarına uyğun olmamasının bu prosesi bir qədər də çətinləşdirdiyini söyləyən İdris İsayev burada günahın tək tələbələrdə olmadığını və təhsil müəssisələrinin də müəyyən öhdəlikləri olduğunu vurğulayıb. Universitetlər, ali təhsil müəssisələri tələbələrə sadəcə təhsil verməli deyil, elə tədris aparmalıdır ki, onun verdiyi bilik, bacarıq və səriştələr əmək bazarının tələblərinə uyğun olsun. “Əslində bu sərgi, həm tələbələr, həm təhsil müəssisələri, həm də işəgötürənlərimiz üçün bir fəaliyyət qiymətləndirmə platformasıdır. Təhsil müəssisələri bu platformaya tələbələri qismində öz məhsulunu çıxarmış olur. Ona görə də bizim təhsil müəssisələrimiz bu diaqnostikadan düzgün istifadə etməli, əmək bazarının tez dəyişən tələblərinə uyğun təhsil proqramlarına müvafiq dəyişiklik etməlidirlər, yeni ixtisaslar tətbiq etməlidirlər. İşəgötürənlərimiz üçün də böyük platformadır, çünki onlar bu platformadan istifadə edərək əmək bazarının tələblərini ortaya qoymuş olurlar. Tələbələr üçün isə ona görə səmərəli platformadır ki, onlar sərgidə iştirak edərək əmək bazarının müasir tələbləri barədə məlumat almış olurlar”, - deyə İdris İsayev vurğulayıb. Təhsil nazirinin müavini sərgi iştirakçılarına təşəkkürünü bildirib, onlara ADNSU ilə bu sahədə əməkdaşlıq etməklə yanılmadıqlarını qeyd edib. Azərbaycan Prezidentinin Sərəncamı ilə noyabr ayında ADNSU-nun 100 illik yubileyinin qeyd olunacağını söyləyən Təhsil nazirinin müavini uzun onilliklər ərzində ölkənin iqtisadiyyatı, sənayesi və cəmiyyəti üçün yüksək ixtisaslı kadrlar yetişdirən qocaman ali məktəbin gələcək yüzilliklər ərzində də bu prosesi yüksək əzmlə davam etdirəcəyinə inandığını bildirib, sərginin işinə uğurlar arzulayıb.
Professor Mustafa Babanlı: əmək bazarında ADNSU-nun məzunlarına maraq xeyli artıb
ADNSU-nun rektoru, professor Mustafa Babanlı Təhsil nazirinin müavini İdris İsayevə məzmunlu çıxışına görə təşəkkürünü bildirib. Tədbirə qatıldıqları üçün dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələrinə minnətdarlığını bildirən rektor son illər ərzində Təhsil nazirliyinin dəstəyi ilə ADNSU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin sayəsində əmək bazarında universitetin məzunlarına tələbin xeyli artdığını vurğulayıb. Hazırda bütün ixtisaslar üzrə təhsil proqramlarının yenidən hazırlanması prosesinin başa çatmaq üzrə olduğunu qeyd edən rektor M.Babanlı artıq ixtisasların siyahısının Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini söyləyib. “Bu gün texniki-texnoloji ixtisasların sayı bütün dünyada olduğu kimi yığcamlaşdırılır, siniflənir və bu baza əsasında mövcud 40 ixtisas bütün əmək bazarının tələblərini ödəmək iqtidarındadır. Bu prosesdə Təhsil nazirliyinin dəstəyini xüsusi qeyd etmək istəyirəm ki, bu çətin və mürəkkəb prosesi mümkün edir. İstənilən tədris proqramının böyük bir hissəsi kompetensiyalarla bağlıdır. Biz mütəxəssis hazırlayarkən kompetensiyaları işəgötürənlərlə razılaşdırmalı, və həmin kompetensiyaların hans fənlər üzərindən verilməsini müəyyənləşdirməliyik. Proses artıq tam yekunlaşmaq üzrədir və yeni tədris ilinə yeni tədris proqramları ilə başlayacağıq”, - deyə rektor M.Babanlı vurğulayıb. Koronavirus pandemiyası ilə əlaqədar ADNSU-da ənənəvi Məzun-Karyera sərgisinin bu dəfə onlayn formatda keçirilməsinə baxmayaraq tədbirə istər dövlət qurumları, istərsə də özəl şirkətlər tərəfindən böyük maraq olduğunu qeyd edən professor M.Babanlı bu platformanın tələbə və məzunların birbaşa şirkət nümayəndələri ilə təmas qurmasında və işlə təmin olunmasında mühün rol oynadığını vurğulayıb. Ötən illər ərzində ADNSU-nun dövlət təşkilatları, sənaye müəssisələri, özəl şirkətlərlə əlaqələrinin genişləndiyini, universitetin tələbələrinin istehsalat təcrübəsi keçməsi, təlim və treninqlərin təşkili və Məzun-Karyera sərgilərində iştirakla bağlı 200-dən artıq qurumla sıx əməkdaşlıq etdiyini söyləyən rektor M.Babanlı bu prosesin hazırda da davam etdiyini bildirib.
Sərgi çərçivəsində Socar-STP ilə əməkdaşlıq müqaviləsi
Sərgilər həmişə yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platforma qismində çıxış edib. ADNSU-nun VIII Məzun-Karyera sərgisi də bu baxımdan istisna hal təşkil etmədi. Tərəflər arasında bir neçə aydır ki, davam edən danışıqların nəticəsi olaraq rektor M.Babanlı və Socar-STP-nin baş icraçı direktoru Fərid Ağayevin imzaladıqları sənəd ADNSU tələbələrinin bu müəssisədə geniş tərkibdə təcrübə, o cümlədən ödənişli təcrübə keçmələrində, eləcə də gələcəkdə işlə təmin olunmalarında mühüm rol oynayacaq. Socar-STP-nin əsas fəaliyyəti qazma ləvazimatları, quyu tamamlanması, quyuiçi əməliyyatlar, fırlanan və təzyiq altında olan avadanlıq, fontan armaturu, APS (Advanced Parts Solution), ağır kranlar üçün texniki xidmət və təmir işlərini həyata keçirməkdən ibarətdir. Ən müasir texniki avadanlıq və cihazlarla təchiz olunmuş müəssisə qısa müddət ərzində istehsalın həcminin artırılmasını hədəfləyir. Bu isə yeni kadrlara təlabatın artacağı deməkdir. Ölkədə tədris aparılan texniki-texnoloji ixtisasdan 23-ü üzrə ADNSU-da tədrisin aparıldığını nəzərə alsaq, məhz universitetin məzunlarının yüksəliş hədəfləyən müəssisə üçün kadr potensialı rolu oynayacağı şübhə doğurmur.
İş tapmaq üçün bir klik yetər - career.asoiu.edu.az
Sərgidə Azərbaycan Respublikası Energetika Nazirliyinin şöbə müdiri Əsəd İsmayılov, “Azərişıq” ASC-nin Tədris və İnnovasiya Mərkəzinin direktoru Araz Məmmədzadə, “AzerGold” QSC-nin İnsan Resursları üzrə aparıcı mütəxəssisi Valid Əliyev ADNSU ilə uzunmüddətli uğurlu əməkdaşlıq, tələbələrin istehsalat prosesində iştirakı və təmsil etdikləri qurumların kadr potensialında Azİİ məzunlarının ümumi çəkisi barədə məlumatlarından sonra tədbirin kulminasiya nöqtəsi olub. ADNSU-nun tələbə və məzunlarına ayrı-ayrı müəssisə və şirkətlərin təqdim etdikləri vakant iş yeri elanlarını vahid platformada birləşdirən - career.asoiu.edu.az saytı təqdim olunub. Mütəmadi olaraq yenilənəcək və daimi əsasda fəaliyyət göstərəcək sayt istifadədə özünün sadəliyi və funksionallığı ilə fərqlənir. Hər bir ADNSU tələbəsi və məzunu arzuladığı müəssisənin iş elanını seçərək özünün CV-sini oraya göndərə bilər. Saytın üstün cəhətlərindən biri də ADNSU-nun tələbə və məzunlarının iş müraciətlərini, tələbənin işə götürülüb-götürülməməsini, götürülməyibsə səbəbini öyrənmək kimi imkanlar təqdim etməsidir.
#BizBirlikdəgüclüyük!
Sərginin keçirildiyi tarixdən qısa müddət keçməsinə baxmayaraq universitetin tələbə və məzunları tərəfindən saytda yerləşmiş iş elanları üçün 1260 ədəd CV göndərilib və artıq onlarla məzunumuzun işlə təmin olunması barədə məlumat da daxil olub. İyunun 25-də ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin rəsmi facebook səhifəsində canlı rejimdə tələbələrə VIII Məzun-Karyera sərgisinin nəticələrini elan edib, “Bakı Abadlıq” MMC, “Azərişıq” ASC kimi qurumların onlarla məzunumuzu işə götürmək barədə qərar verdiyini, digər qurumların isə müsahibələri tamamladıqdan sonra nəticələri açıqlayacağını bildirib. Rektor M.Babanlı koronavirus pandemiyası şəraitində, onlayn formatda keçirilməsinə baxmayaraq, istər Təhsil Nazirliyinin, istərsə də sərgidə iştirak edən digər dövlət və qeyri-dövlət qurumlarının yaxından və fəal iştirakı sayəsində VIII Məzun-Karyera sərgisinin uğurla başa çatdığını bildirib. O, həmçinin fasiləsiz olaraq ADNSU-nun tərəfdaşı olan müəssisələrin iş elanlarının saytda yerləşdiriləcəyini qeyd edərək, tələbə və məzunları saytın aktiv istifadəçiləri olmağa səsləyib. Tələbələrin suallarını cavablandıran rektor M.Babanlı ADNSU-nun nəticəyə köklənmiş ali məktəb olduğu və nəticənin məzunlarımızın işə düzəlmə faizi, şəxsi biznesini və ya startap layihəsini yaratması, eləcə də hansı qisminin elmi fəaliyyətə başlaması kimi göstəricilərlə ölçüldüyünü vurğulayıb. Koronavirus pandemiyası şəraitində tələbələrə özlərini və yaxınlarının sağlamlıqlarının qayğısına qalmalarını, hökumətin tövsiyələrinə əməl etmələrini tövsiyə edən rektor M.Babanlı qeyd edib ki, əgər hamı birlik nümayiş etdirib karantin rejimi qaydalarına əməl edərsə, həyat bir o qədər tez özünün normal axarına dönər.
Bəhruz NƏZƏROV |
|
26.06.2020 | 14:27 | |
|
|
|