Təmayülləşmə-uğura gedən optimal yol | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetinin birgə təqdim etdiyi “Mənim məktəbim” layihəsinin məqsədi məktəb direktorlarının rəhbərlik etdikləri təhsil müəssisələri haqqında qələmə aldığı uğur hekayəsini, tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi müvafiq düşüncələrini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Layihədə idarəedənin pedaqoji və ictimai-fəlsəfi baxımdan məktəbin əsas hədəflərinə və özünəməxsusluğuna dair yanaşmasına da xüsusi yer verilir. Layihə çərçivəsində mövcud reallığı əks etdirən, təhsil müəssisələrinin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal şəxsi fikirlərin və dünya təcrübəsinə əsaslanan faktların yer aldığı məqalələr təqdim olunur.
Beləliklə, məktəbdə təhsilverənlərin və təhsilalanların birgə fəaliyyətinin düzgün qurulması və əlaqələndirilməsinə xüsusi önəm verilmiş olur və bu, təhsilin keyfiyyətinin yüksəlməsində mühüm əhəmiyyət kəsb edir.
Müvəffəqiyyətin əsası məktəbdaxili icra intizamıdır
Ümumi təhsil müəssisəsinin idarə edilməsində məktəb rəhbəri əsas fiqur kimi qəbul olunur. Bununla belə, məktəbin müvəffəqiyyətini yalnız direktorun adı ilə bağlamaq düzgün deyil. Çünki məktəbdə böyük pedaqoji kollektiv çalışır və onlara təlim-tərbiyə işləri üzrə direktor müavinləri rəhbərlik edir. Bu baxımdan direktorla yanaşı, direktor müavinlərinin də məktəbdaxili icra intizamına ciddi əməl etməsi, tapşırıqları vaxtında yerinə yetirməsi, müəllimlərə nümunə olması vacibdir.
Ümumilikdə, məktəb rəhbərliyinin peşəkarlıq səviyyəsinin yüksək olması (bu, onlardan daim öz üzərlərində çalışmalarını tələb edir) müəllimlərin əsl dostuna çevrilməsi, daim yanlarında olması və onlara zəruri kömək göstərməsi, tövsiyələr verməsi, mühüm qərarların qəbulu zamanı məsləhətləşmələrin aparılması nailiyyətlərin əldə edilməsinə zəmin yaradır. Lakin məktəb rəhbəri təkbaşına qəbul edilən qərarların icrasının bəzi hallarda müsbət nəticə vermədiyini nəzərə almalı və o, bir lider olaraq fəaliyyət istiqamətlərini düzgün müəyyənləşdirdiyi halda belə onların müzakirə edilməsinə, qərarın kollegial qəbuluna nail olmalıdır.
Fəaliyyətin monitorinqinin aparılması zərurəti
Məktəbin fəaliyyəti qəbul olunan plan əsasında həyata keçirilir. Bütün hallarda bu planın əsasını şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi təşkil edir. Bu isə müəllim və şagirdlərin fəaliyyətinin monitorinqinin aparılmasını tələb edir.
Məktəbdə tədris ili ərzində bir neçə dəfə monitorinq aparılır, nəticələri təhlil edilir, müəllim, şagird və valideynlərlə müzakirə olunur. Üstün tərəflər, çatışmazlıqlar müəyyənləşdirilir, planlaşdırmaya düzəlişlər və əlavələr edilir, onlar yeni yanaşma baxımından həyata keçirilir. Yenidən monitorinq aparılır və onun nəticələri əvvəlki monitorinqin nəticələri ilə müqayisə olunur, müvafiq qərar qəbul edilir. Monitorinqlərin aparılması zamanı obyektivlik və şəffaflıq təmin edilir, nəticələrindən asılı olaraq bu və ya digər fənlərin tədrisinə xüsusi diqqət yetirilir. Həmçinin, müəllimlərin dərsləri dinlənilir, müzakirə olunur, şagird və valideynlər arasında anonim sorğu keçirilir, çatışmazlıqları yaradan səbəblər aydınlaşdırılır, onların aradan qaldırılması üçün tədbirlər görülür. Bu tədbirlərin önündə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və valideynlərin maarifləndirilməsi dayanır. Müəllimlərin öz üzərlərində ciddi çalışmasının nəticəsi olaraq onların şagird fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün rubrik nümunələri və formativ qiymətləndirmə vasitələrindən dərsdə istifadə olunur. Valideynlərin yeni təhsil proqramları əsasında hazırlanmış dərsliklərlə, yeni qiymətləndirmə sistemi ilə bağlı məlumatlar əldə etməsi də təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi təsir edən amillərdəndir.
Öyrədici mühitin üstünlükləri
Təhsil müəssisəsinin vəzifəsi gənc nəsli gələcək həyati fəaliyyətə hazırlamaqdan ibarətdir. Məktəbdə bu iş bir neçə istiqamətdə həyata keçirilir.
Belə ki, şagirdlər təhsil alır, müəyyən bilik və bacarıqlar əldə edir, cəmiyyət üçün faydalı insan və vətənpərvər vətəndaş kimi formalaşırlar. Şagirdlərin yüksək təhsil almasında, cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasında onlar üçün öyrədici və sosial mühitin yaradılması mühüm rol oynayır.
Bu baxımdan məktəb-liseyimizdə şagirdin təhsil alması üçün öyrədici mühit yaradılıb. Kompüter, linqafon, gənclərin çağırışaqədərki hazırlığı kabinetləri şagirdlərin istifadəsinə verilib, istedadlı və göstəriciləri zəif olan şagirdlər dərsdənkənar məşğələlərə cəlb edilib. Şagirdlərin cəmiyyət həyatına hazırlanması, Vətənini sevən insanlar kimi yetişməsi üçün onların tədris ili ərzində məktəbdə və məktəbdənkənar tədbirlərdə iştirakı təmin olunur.
Məktəbdə şagirdlərin mütaliə mədəniyyətinin formalaşdırılmasına ciddi önəm verilir, bədii əsərlərin müzakirəsi keçirilir, ədəbi-bədii gecələr, “dəyirmi masa”lar təşkil olunur, onların rayon və şəhər səviyyəsində müxtəlif yarışlarda, o cümlədən, idman yarışlarında, olimpiadalarda, inşa yazı, rəsm müsabiqələrində iştirakı təmin olunur. Bu və ya digər qabiliyyəti ilə seçilən məktəblilərdən ibarət istedadlı şagirdlər bankı yaradılır.
Şagirdlərin fərdi qabiliyyətlərini inkişaf etdirmək üçün onlar müxtəlif əlavə məşğələlərə cəlb edilir, digər lazımi dəstək göstərilir. Bunun nəticəsi olaraq ildən-ilə olimpiadalarda iştirak edən və müəyyən mərhələləri keçən məktəblilərin, həmçinin, ali məktəbə qəbul olunan məzunların sayında və onların orta balında artım müşahidə edilir. Bu nəticələrin qazanılmasında şagirdlər üçün sağlam öyrədici mühitin yaradılmasının və onların inkişafı naminə fərdi keyfiyyətlərinin nəzərə alınmasının rolu danılmazdır. Hər il tarixi günlərlə, eləcə də ordumuzun əldə etdiyi zəfərlərlə bağlı tədbirlərin hazırlanması və keçirilməsi, elm və mədəniyyət xadimləri, veteranlarla görüşlərin təşkili şagirdlərdə doğma Vətənimiz Azərbaycana məhəbbət hissi aşılayır, onların vətəndaş-şəxsiyyət kimi formalaşmasına xidmət edir.
Təhsilin təmayüllər üzrə təşkili
Tam orta təhsil səviyyəsində təhsilin təhsilalanların meyil və maraqları nəzərə alınmaqla qurulması onların inkişafını təmin etmək baxımından çox faydalıdır. Təhsil Nazirliyinin bu istiqamədə atdığı addımlar təqdirəlayiqdir və bu, müəllim, şagird və valideynlər tərəfindən yüksək qiymətləndirilir.
Bu addım təhsil müəssisəsində uğura gedən ən optimal yol hesab olunur. Məktəb-liseyimizdə tam orta təhsil səviyyəsində 2015-2016-cı tədris ilindən təhsilin təmayüllər üzrə təşkili həyata keçirilir. 2017-ci ildə məzunların 87 faizi, riyaziyyat-iqtisadiyyat təmayül sinfi bitirənlərin isə hamısı ali məktəblərə qəbul olunublar.
Həmçinin, şagirdlərin ali məktəblərdə “Açıq qapı” günlərində iştirakı təmin olunur. Bu işin müvəffəqiyyətli olması üçün kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməsi məqsədəuyğun hesab edilir.
Göstərilənlərə əsasən, məktəb-liseyin kollektivi pilot layihə olaraq Bakı şəhərində bir-birinə yaxın məsafədə yerləşən məktəblərin təmayüllər üzrə ixtisaslaşmasını, həmçinin, ibtidai, ümumi orta, tam orta və ya ümumi orta, eləcə də tam orta təhsil səviyyəsi üzrə təşkilini təklif edir. Bununla yanaşı, açılmış müxtəlif təmayül siniflərdə təhsilalanların sayında obyektiv səbəblərdən azalma baş verdikdə onların birləşdirilməməsini, təmayül siniflərdə dərs yükünün maksimum 30 saat olmasını, kombinativ siniflərdə ortaq olmayan təmayül fənlərin tədrisi zamanı sinfin iki yarımqrupa ayrılmasını, təmayül siniflərin təşkilində (şagirdlərin qəbulunda) mərkəzləşdirilmiş elektron qəbul sisteminin tətbiqini, bu siniflərdə təmayül fənləri üzrə xarici monitorinqlərin aparılmasını və müvafiq qərarların qəbulunu məqsədəuyğun hesab edir.
Bütün bunlar təhsil sahəsində islahatların uğurla həyata keçirilməsində, məktəbin qarşıya qoyulmuş hədəflərə çatmasında, yəni təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynaya bilər. Hədəfimiz təhsilin keyfiyyətini yüksəltmək, məqsədimiz isə şəxsiyyət-vətəndaş yetişdirmək, xalqımızın gələcəyinə xidmət etməkdən ibarətdir.
Nəbi MAHMUDOV, 83 nömrəli məktəb-liseyin direktoru |
|
25.05.2018 | 15:47 | |
|
|
|