MDU-da iki həftədə 301 imtahan keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestrinin online imtahan sessiyasının ikinci həftəsi də uğurla yekunlaşıb.

 

Universitetdən verilən məlumata görə, 8-19 iyun tarixlərini əhatə edən ilk 9 imtahan günündə bakalavriat və magistratura səviyyələrində keçirilən 301 imtahanda, ümumilikdə 1874 tələbə və magistrant iştirak edib. Bildirilib ki, iki həftə ərzində keçirilən imtahanlarda faktiki olaraq bütün tələbələr müvəffəq qiymət alıblar.

 

Karantin dövrünün reallıqları nəzərə alınmaqla çoxsaylı güzəştlərin tətbiqi ilə müşayiət olunan imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi təmin olunub. Belə ki, İmtahan Qərargahının, “Qaynar xətt”in və Appelyasiya Komissiyasının fəaliyyəti məsafədən təşkil olunan imtahanlara adekvat formada həyata keçirilir.

 

Qeyd edək ki, MDU-nun gənc əməkdaşlarından ibarət “Texniki dəstək qrupu” və müəllimlərdən ibarət “İmtahanlara dəstək qrupu” yeni formatda keçirilən imtahan sessiyasında xüsusi fəallıq göstərir. Bundan başqa, ilk dəfə reallaşdırılan MDU-nun könüllü tələbələrindən ibarət “İmtahan könüllüləri” layihəsi imtahan prosesində çevikliyin və səmərəliliyin təmin olunmasında mühüm rol oynayır.



19.06.2020 | 17:26