“İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri”

Bakı Dövlət Universitetində (BDU) hüquq və beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaranmasının 90-cı ildönümünə həsr edilən “İqtisad elminin təşəkkülü və inkişafının iqtisadi-hüquqi aspektləri” mövzusunda virtual elmi konfrans keçirilib.

 

Konfrans BDU, UNEC, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU),  eləcə də digər ali təhsil ocaqlarından olan professor-müəllim heyəti, alimlər və gənc tədqiqatçıların iştirakı ilə baş tutub.

 

BDU-nun rektoru Elçin Babayev Azərbaycan Dövlət İqtisad Universitetinin tarixi və inkişaf yolu haqqında məruzə ilə çıxış edib. O, son illərdə ölkəmizdə aparılan elm və təhsil sahəsində islahatlardan, həyata keçirilən uğurlu tədbirlərdən, cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətindən danışıb. 

 

Rektor Azərbaycanda ali təhsil sistemində iqtisadiyyat sahəsində özünəməxsus yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin geniş profilli, yüksək peşəkarlıq qabiliyyətinə malik iqtisadçı kadrların hazırlanmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.  

 

Sonra UNEC-in elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov təmsil etdiyi elmi qurumun tarixi, keçdiyi mürəkkəb yol barəsində danışıb, iqtisad təhsilinin yaranmasında və inkişafında BDU-nun fundamental baza olduğunu bildirib. UNEC-in müasir dövrdə əldə etdiyi uğurlardan danışan prorektor  akademik kollektivin situmullaşdırılması, universitetin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində aparılan işlərdən də bəhs edib .

UNEC-in strateji inkişaf üzrə prorektoru Mirdaməd Sadıqov isə elmi konfransın universitet həyatında əlamətdar hadisəyə həsr olunduğunu deyib, Azərbaycanda ali təhsil sistemində mühüm xidmətləri olan BDU kollektivinə təşəkkür edib.

 

BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyev və hüquq fakültəsinin dekanı Əmir Əliyevin universitetdə iqtisadiyyat sahəsində aparılan tədris prosesi, beynəlxalq iqtisadi hüquq, magistratura ixtisaslaşması üzrə tədris prosesinin təşkili mövzularında məruzələri iştirakçıların marağına səbəb olub.

 

Konfrans digər alimlərin məruzələri, iqtisad elminin müxtəlif aspektlərinin elmi müstəvidə müzakirəsi ilə başa çatıb.

 

 



18.06.2020 | 11:17