BSU-da “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir | |
Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi, ali təhsil müəssisəsinin Ölkəşünaslıq klubu və Debat klubunun birgə təşkilatçılığı ilə 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Müstəqilliyimiz qurtuluşumuzun simvoludur” adlı onlayn tədbir keçirilib.
BSU-dan bildirilib ki, Zoom platforması üzərindən diskussiya formasında keçirilən tədbirdə tələbələr fəal iştirak ediblər. Onlar tarixi faktlar əsasında çıxış edərək Milli Qurtuluş Günü ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Qeyd edilib ki, 27 il bundan öncə böyük siyasi xadim, Ümummilli lider Heydər Əliyevin zəkası, fədakarlığı, cəsarəti, iradəsi,qətiyyəti, müdrikliyi, uzaqgörənliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində Azərbaycan ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq meyillərindən xilas oldu; Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması təhlükəsi aradan qaldırıldı; 15 iyun tarixə Milli Qurtuluş Günü kimi yazıldı.
Tədbirdə xüsusi vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev böyük fədakarlıqla ölkəmizin dinamik iqtisadi inkişafını, dövlətimizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini uğurla təmin edir və Azərbaycan bu gün ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələrdə böyük nailiyyətlər qazanır. Qeyd olunub ki, uğurla həyata keçirilən dövlət gənclər siyasəti gənclərin yüksək səviyyədə təhsil almalarına, onların ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakına və dövlət idarəçiliyinə geniş cəlb edilmələrinə əlverişli şərait yaradır.
Çıxış edən tələbələr sonda bildiriblər ki, BSU-da yaradılan keyfiyyətli təhsil mühiti ilə yanaşı, həyata keçirilən müxtəlif layihələr onların əsl vətəndaş kimi formalaşmasına, dünyagörüşlərinin genişlənməsinə və sosial fəallıqlarının artmasına müsbət təsir edir. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilmiş xüsusi karantin rejimi şəraitində BSU-da distant təhsilin səmərəli təşkilini və yaz semestrinin imtahan sessiyasında tələbələrə böyük güzəştlər olunduğunu vurğulayan tələbələr bu humanist addım üçün ali məktəbin rəhbərliyinə minnətdarlıq ediblər.
|
|
16.06.2020 | 18:00 | |
|
|
|