“Ən önəmli məsələ məzunun keyfiyyətinin yüksəldilməsidir” | |
II söhbət
Əvvəli: http://www.muallim.edu.az/news.php?id=1077
Müasir təhsil standartları ali təhsil pilləsində sürətlə tətbiq edilir. Bu istiqamətdə Azərbaycan Memarlıq və İnşaat Universitetində vəziyyət necədir? Universitetin rektoru Gülçöhrə Məmmədova söhbətimizin bu hissəsində məhz təhsilin keyfiyyətini artırmaq üçün gördükləri işlərdən danışıb.
- AzMİU-da verilən təhsilin keyfiyyətinə zəmanət verə bilirsinizmi?
- Əlbəttə ki, verdiyimiz təhsilin keyfiyyətini yaxşılaşdırmağı düşünürük. Ancaq məlum olduğu kimi, təhsilin keyfiyyəti çoxşaxəlidir. Bizim üçün hazırda ən önəmli məsələ məzunun keyfiyyətinin yüksəldilməsidir. Bunun bir çox komponenti var. Biz keyfiyyət dəyişikliyinə nail olmaq üçün təhsil sənədlərimizin ekspertizasından başlamışıq. Tədris planları, fənlər üzrə işçi tədris proqramlarının ekspertizası üçün mütəxəssislər dəvət etmişik. Nüfuzlu şəxslər - alimlərdən, istehsalat rəhbərlərindən xahiş etmişik ki, hər biri bir ixtisasla bağlı rəyini bildirsin. Bu proses artıq başa çatıb. Biz indi həmin ekspertiza sənədlərini müvafiq fakültələrlə bir-bir müzakirə edirik. Təhsildə keyfiyyəti artırmaq, onların müasirləşməsi, istehsalatın tələblərinə cavab verməsi üçün tədris sənədlərimizə hansı dəyişiklikləri etməli olduğumuza dair qərar veririk. Bir sözlə, təhsil sənədlərimizi ekspertizadan keçirib onları yeniləşdiririk. Bundan başqa, daimi tədqiqatlar, araşdırmalar həyata keçirilir. Hazırda keyfiyyətə nəzarət qrupu yaratmışıq. Universitetdə təhsilin keyfiyyətini məhz həmin qrup araşdırır və universitet rəhbərliyi, fakültələr qarşısında tövsiyələrlə çıxış edir.
Çoxsaylı laboratoriyalar yaradılıb, həmin laboratoriyaların yaradılmasında bir yandan dövlət kömək edib, büdcədən vəsait ayrılıb, digər yandan isə partnyor təşkilatların köməyindən istifadə etmişik. Məsələn, Holcim (Azərbaycan) ASC ilə birgə beton laboratoriyası yaratmışıq. “Paşa İnşaat” inşaat konstruksiyalarının sınaq laboratoriyası yaradıb. Son əldə etdiyimiz razılaşmaya görə Almaniyanın tanınmış şirkəti universitetimizdə laboratoriya açacaq. Mühəndis sistemləri üzrə tanınmış alman şirkəti olan "Hager-Berker" şirkəti və onun Azərbaycanda rəsmi tərəfdaşı olan “Telecommunication and integration solution” (TİS) şirkətinin nümayəndələri ilə görüşümüz olub. Qeyd edim ki, "Hager-Berker" şirkətinin ölkəmizdəki rəsmi tərəfdaşı TİS şirkəti ilə AzMİU arasında qurulan əməkdaşlıq bir ildən artıqdır ki, davam edir. “Mühəndis sistemləri və qurğularının tikintisi” kafedrası nəzdində “ağıllı binalar” (smart building) üzrə laboratoriyanın yaradılması bu əməkdaşlığın nəticəsidir. Düşünürəm ki, oktyabr ayında “ağıllı binalar” (smart building) üzrə laboratoriyadan tələbələrimiz istifadə edə biləcək. Ümumiyyətlə, istehsalat partnyorlarımızdan, universitet-biznes əlaqələrindən istifadə edərək maddi-texniki bazamızı müasirləşdirməyə çalışırıq.
Laboratoriyalarımızın vəziyyəti hələ üzərində işləməli olduğumuz məsələlər sırasındadır
- Təbii ki, maddi-texniki baza müasir universitet üçün əsas şərtlərdəndir. Kafedralar müasir avadanlıqlarla təchiz olunubmu?
- Universitetimizin tədris sahələri - binalarımız, auditoriyalarımızın vəziyyəti çox yaxşı qiymətləndirilə bilər. Hətta Avropa universitetlərinin heç də hamısında bu cür maddi baza görmürük. Çoxunda müasir tələblərə cavab verməyən şəraitlə qarşılaşırıq. Portuqaliya universitetləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində bir müddət öncə həmin ölkədən gələn bir qrup universitetimizin qonağı oldu. Onların bu barədə fikrini soruşdum. İstədim ki, universitetimizin maddi bazası, tədris sahələrinin vəziyyəti ilə bağlı qənaətlərini desinlər. Hətta öz təhsil müəssisələri ilə müqayisə etmələrini istədim. Etiraf etdilər ki, bu məsələdə universitetimiz onların təhsil müəssisəsi ilə müqayisədə çox irəlidədir. “Biz kasıbıq” dedilər. Uzun sözün qısası, universitetimizin maddi bazasının səviyyəsi kifayət qədər yaxşıdır. Düzdür, mühəndis kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edən laboratoriyalarımızın vəziyyəti hələ üzərində işləməli olduğumuz məsələlər sırasındadır. Biz də bu istiqamətdə cəhdlərimizi davam etdiririk.
Akkreditasiya təşkilatı tələb qoyub ki...
- Xüsusən, memarlar və inşaatçılar auditoriyalarda deyil, tikinti sahələrində yetişir. Tələbələrinizin təcrübə ilə öyrənməsini təmin edə bilirsinizmi?
- Hazırda bütün qüvvəmizi məhz bu istiqamətə yönəltmişik. Memarlıq fakültəsinin beynəlxalq akkreditasiyadan keçməsi üçün bütün imkanlarımızı səfərbər etmişik. Akkreditasiya təşkilatı qarşımızda sahələrin genişləndirilməsi, memar tələbələr üçün sıx auditoriyalar deyil, böyük studiyalar yaratmaq tələbi qoyub. Memar tələbə 2 saat dərs zamanı yox, səhərdən axşama qədər həmin studiyalarda işləmək imkanı qazanmalıdır. Bu tələbləri ödəmək üçün memarlıq fakültəsinin binasına yeni bina artırmağı nəzərdə tutduq. Hazırda həmin binanın tikintisini həyata keçiririk.
- Hansı maliyyə ilə?
- Əsasən öz qüvvəmizlə. Amma dövlət də bir qədər kömək etdi. Həmin tikilidə müasir memarlıq mühiti qurmağı planlaşdırmışıq. Həm təhsil üçün yararlı, işıqlı, böyük, eyni zamanda, interyer baxımından da müasir təhsil mühiti yaradacağıq. Gələcəyin memarları bu mühitdə yetişsin, formalaşsın deyə. Gələcəkdə layihələndirdikləri, tikdikləri binalarda sağlam yaşam mühiti yaratsınlar deyə.
- Həmin binada sağlamlıq imkanları məhdud şəxslərin hərəkəti üçün uyğun şəraitin yaradılması da nəzərdə tutulubmu? Hər halda belə tələbələriniz var...
- Bəli, sağlamlıq imkanları məhdud tələbələrimiz var. Yeni binada onlar da nəzərə alınıb.
Pul qazanmaq imkanına malik laboratoriyalar var, ancaq...
- Sabit maliyyə mənbələri formalaşdırmaq mümkün olubmu? Bu şərtin yerinə gətirilməsi üçün nə edirsiniz?
- Ən sabit maliyyə mənbəyi bir büdcədən ayrılan vəsaitdir, bir də tələbələrin təhsil haqqıdır. Bundan başqa sabit heç nə yoxdur. Universitetin özünün, müəllimlərinin həyata keçirdiyi elmi tədqiqatların, ekspertizanın hesabına qazandığı vəsaiti nəzərdə tutursunuzsa, o, sabit deyil. Bu gün var, sabah yoxdur. Bunlar müvəqqəti gəlir mənbələridir. Universitetimizdə Layihə İnstitutu var. Həmin institut müxtəlif tenderlərdə iştirak edir, layihələr udur, işləyir və pul qazanır. Orada əsasən müəllimlərimiz çalışır. Amma bəzən tələbələrimizi də işə cəlb edirik. Sınaq laboratoriyamız, ekspertiza laboratoriyalarımız var. Hansı ki, pul qazanmaq imkanına malikdir. Ancaq qazana bilmir. İnşaat materialları ekspertizası laboratoriyamız bir zamanlar çox yaxşı qazanırdı. İnşaatın zəifləməsi ilə əlaqədar olaraq, onlar da daha qazana bilmirlər. Müəllimlərimizin bir hissəsi universitetdəki fəaliyyəti ilə yanaşı, istehsalatda da ekspert, konstruktor, memar kimi fəaliyyət göstərirlər. Ancaq onların bu fəaliyyəti universitetlə bağlı deyil. Türkiyə universitetlərinin bir müəlliminə hər hansı şirkət iş təklif etmək niyyətindədirsə, mütləq universitetlə müqavilə bağlayır. Gələn gəlirdən müəllimin haqqı ödənir. Həmin gəlirdən universitetə də pay qalır. Təəssüf ki, bu, bizdə formalaşmayıb. Biznes qurumları birbaş mütəxəssisin özü ilə əlaqə qururlar. Bu əməkdaşlıqdan universitet heç nə udmur. Yeganə qazancı o olur ki, müəllimi sosial cəhətdən təmin olunur. Bu, bizim sistemli problemimizdir və həll olunması çox yaxşı olardı. Onda Memarlıq və İnşaat Universitetinin əlavə gəlir mənbəyi formalaşardı. İnşaatçı, memar, texnoloq müəllimlərimiz bir çox şirkətdə də fəaliyyət göstərir. Universitet onların fəaliyyətindən qazanc əldə edə bilərdi.
- Bunu reallaşdırmağa nə mane olur?
- Bu, universitetin həll edə biləcəyi məsələ deyil. Universitet heç bir biznes qurumunu müəllimiylə əməkdaşlığından ona da pul ödəməyə məcbur edə bilməz. Müəllimini də məcbur edə bilməz ki, boş vaxtında əlavə işlə məşğul olmasın. Bilirsiniz, müəllim qanunvericiliklə müəyyən olunan dərs saatlarında universitetdə olmalıdır, qalan vaxtlarda isə istədiyi işlə məşğul olmaqda sərbəstdir. Bunu biz ona qadağan edə bilmərik.
- Bayaq Portuqaliya ilə əməkdaşlıqdan danışdınız. Rəhbərlik etdiyiniz universitetin başqa universitetlərlə əlaqələri necə qurulub?
- Keçmiş sovet respublikaları - Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Latviya, Litva və Estoniya universitetləri ilə əməkdaşlıq qurmuşuq. İran, Cənubi Koreya, Misir, İtaliya, İngiltərə, Avstriya, Fransa, Çexiya, İspaniya, Polşa, Belçika, İsveç ilə müxtəlif mübadilə proqramları, layihələr həyata keçiririk. Türkiyə ilə əlaqələrimiz xüsusilə yaxşıdır. 10-dan artıq universitet ilə həm əməkdaşlıq müqaviləsi, həm də Mövlana Mübadilə Proqramı çərçivəsində qarşılıqlı əlaqələr yaratmışıq. Məsələn, ötən ay Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin və Tətbiqi elmlər fakültəsinin dekanı, professor Sezgin Bakırdere Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı oldu. Bizim təşəbbüsümüz və dəvətimiz ilə reallaşan bu görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələri inkişaf etdirmək məqsədi ilə universitetlərimizin ikitərəfli əməkdaşlığını, gələcək perspektivlərini, istiqamətlərini, uğurlu nəticələrini müzakirə etdik. Yıldız Texniki Universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzaladıq. Müqaviləyə əsasən, hər iki universitet arasında qarşılıqlı maraq doğuran təhsil və tədqiqat sahələrində əməkdaşlıq gerçəkləşdiriləcək.
- Ümumi statistikaya görə, ölkəmizdə 5410 əcnəbi tələbə var. Maraqlıdır, onların neçəsi Memarlıq və İnşaat Universitetinin payına düşür?
- Əcnəbi tələbələrimiz 700 nəfərdən çoxdur.
- Bəs, müəllimlərinizin arasında necə, əcnəbi var?
- Var. Ancaq bizdə uzun müddətə dəvət olunan müəllimlər olmur. Hazırda Köln Universitetinin müəllimi fəaliyyət göstərir. Artıq 1 ildir ki, bizim universitetdədir və çox güman ki, gələn il də fəaliyyətini burada davam etdirəcək. Müəllimləri əsasən bir neçə günlük, bir həftəlik dəvət edirik. Mühazirə oxumağa, master-klass, vökşop keçməyə dəvət etdiklərimiz çox olur. Bir az da dəqiqləşdirsək, il ərzində 7-10 belə qısamüddətli dəvətlər gerçəkləşdiririk.
- Universitetdə Prezident təqaüdçüsü varmı?
- 1 nəfər var. Bizdə, demək olar ki, Prezident təqaüdçüsü olmur.
70 faizə yaxın məzunumuz iş tapır
- Məzunlarınızın keyfiyyəti sizi qane edirmi? Keyfiyyəti onların iş tapmasının da müəyyən etdiyini nəzərə alsaq, keyfiyyət göstəriciniz neçə faiz təşkil edər?
- Doğrudur, keyfiyyətin əsas göstəricisi məhz məzunların neçə faizinin iş tapması ilə ölçülür. Sizə onu deməliyəm ki, Qərb universitetlərinin ən vacib reytinq göstəricilərindən biri elə budur. Onlar hətta məzunlarının hansı əməkhaqqı ilə işə götürüldükləri ilə bağlı göstəricini də hesablayırlar. Çoxdan olmasa da, son 3-4 ildə biz də bununla məşğul olmağa başlamışıq. Məzunlarımızla mütəmadi əlaqə saxlayıb işləyib-işləmədikləri, harada işlədikləri barədə məlumat almağa çalışırıq. Burada bir faktoru da nəzərə almaq lazımdır. Tələbələrimizin əksəriyyəti oğlanlar olduğu üçün bu faiz bəzən reallığa uyğun olmur. Yəni, bu il məzunlarımızın neçə faizinin iş tapdığını müəyyənləşdirə bilmirik. Çünki bakalavrı bitirən kimi oğlan məzunlarımızın böyük əksəriyyəti hərbi xidmətə gedir. Onlarla əlaqəmiz bir il tamamilə kəsilir. Qayıtdıqdan sonrakı bir neçə ay ərzində də onlarla əlaqə yaratmırıq. İş tapmaq imkanları olsun deyə, bir müddət gözləyirik. Bütövlükdə hər oğlan məzunumuz barədə o, universiteti bitirdikdən il yarım sonra maraqlanırıq. Nəticələrə əsasən deyə bilərəm ki, 70 faizə yaxın məzunumuz iş tapır. Amma onlardan neçə faizi öz ixtisasına uyğun işləyir, bu rəqəm qeyri-dəqiqdir. Bizim hesablamalarımıza görə, öz ixtisası üzrə iş tapan məzunlarımız 50 faizə yaxındır. Bəzən belə də olur. İnşaatda iş daimi deyil. Tutaq ki, bir obyektin tikintisi üçün bir qrup yaradılır. Tikinti başa çatdıqdan sonra həmin qrup müəyyən müddət ərzində işsiz qala bilir. Bu amil də bəzən iş tapanların sayı ilə bağlı dəqiq rəqəmlər söyləməyə imkan vermir. Odur ki, apardığımız hesablamalar sadəcə universitetin keyfiyyəti ilə bağlı ortaya çıxan rəqəmlər deyil, həm də iqtisadiyyatın inkişaf göstəricisidir. Deyək ki, 3-4 il əvvəl inşaat sahəsində çox böyük hərəkətlilik müşahidə olunurdu. Həmin illərdə məzunlarımızın da daha çox hissəsi işləyirdi. Hazırda inşaatın sürəti azaldığından məzunlarımızın iş tapması baxımından da müəyyən ləngimələr müşahidə olunur.
Davamı: http://muallim.edu.az/news.php?id=1296
Ruhiyyə DAŞSALAHLI
|
|
25.05.2018 | 11:48 | |
|
|
|