“Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMЕA) Naxçıvan Bölməsində muxtar respublikanın ali təhsil müəssisələri, Naxçıvanşünaslıq Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev adına Hərbi Lisey və Heydər Əliyev adına tam orta məktəbin iştirakı ilə “Qurtuluşdan intibaha” mövzusunda onlayn konfrans keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider müstəqil Azərbaycan dövlətinin xilaskarıdır” mövzusunda məruzə ilə çıxış edib. O, 1990-cı illərin əvvəllərində ölkənin üzləşdiyi siyasi böhrandan, Ulu öndərin xilaskarlıq missiyasından danışıb. Alim bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud ictimai-siyasi vəziyyət gərgin idi; bütün sahələrdə xaos, hərc-mərclik baş alıb gedirdi; vətəndaş müharibəsi təhlükəsi yaranmışdı:”Məhz ağır ictimai-siyasi dövrdə bütün həyatını doğma Vətəni Azərbaycana həsr etmiş Ümummilli lider Heydər Əliyev xalqın təkidi, tələbi və xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdı, beləliklə milli qurtuluşumuzun əsasını qoydu”.
Akademik İ.Hacıyev 15 iyundan başlanan ölkəmizin hərtərəfli və sürətli inkişafından, xarici siyasətdəki uğurlardan, vətəndaşların rahatlığı naminə həyata keçirilən qlobal layihələrdən söz açıb. Vurğulayıb ki, Heydər Əliyevin milli maraqlar əsasında çoxşaxəli siyasəti Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin etməsi ilə yanaşı, ictimai-siyasi sabitliyi, ərazi bütövlüyünü qorudu, ordu möhkəmləndirildi. “1993-cü ildən sonra Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etdi, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdı, yeni iş yerləri yaradıldı, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edildi, ölkənin hər yerində tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirildi. Bütün sahələrlə yanaşı, tarixə, mədəniyyətə, elm və təhsilin inkişafına da diqqət artırıldı”-deyə Bölmə sədri bildirib.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Ulu öndər Heydər Əliyev və Azərbaycan tarixi məsələləri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycanın təhsili”, Naxçıvan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Müasir tariximizin dönüş nöqtəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Heydər Əliyev Muzeyinə virtual səyahət olub.
|
|
14.06.2020 | 16:20 | |
|
|
|