Regionların innovativ layihələrə marağı artır | |
Son illər təhsil sistemində aparılan keyfiyyət dəyişikliklərinin əyani nümunəsi kimi inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilb. Artıq ikinci dəfə keçirilən təhsildə inkişaf və innovasiyalar qrant layihəsinin təhsil müəssisələri və müəllimlərin bu sahədə xüsusi fəallığına səbəb olduğunu deyə bilərik.
Təhsil Nazirliyində təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin yekunlarına həsr olunmuş brifinqdə də diqqətçəkən əsas məsələlərdən biri layihənin paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarını əhatə etməsi oldu.
Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bildirib ki, müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə (639 fərdi, 211 isə ümumtəhsil məktəbi) təklifi təqdim edilib. Onlardan 823-nün qəbul olunduğunu deyən E.Əmrullayev bəzi statistik məlumatları nəzərə çatdırıb. Bütün 850 layihə ekspertlər tərəfindən qiymətləndirilib. 27 layihə texniki ekspertizadan keçməyib, yəni müsabiqənin şərtlərinə uyğun olmayıb.
Layihələrin coğrafiyasının kifayət qədər geniş olduğunu deyən E.Əmrullayev ümumilikdə Bakı ilə yanaşı, bölgələrdən də layihələrin təqdim olunduğunu bildirib. Qaliblərin 45-i müxtəlif bölgələri əhatə edir. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Müsabiqəyə qatılan iştirakçıların sayında 3 dəfədən çox artımın müşahidə edildiyini deyən E.Əmrullayev bildirib ki, layihənin növbəti mərhələlərində daha çox müəllim və təhsil müəssisəsinin iştirakı gözləniləndir.
İstedadlı şagirdlərin aşkar edilməsi
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ölkəmizdə istedadlı şagirdlərin aşkar edilməsi və onların yaradıcı qabiliyyətlərinin stimullaşdırılması sahəsində məqsədyönlü tədbirlərə müvafiq olaraq II qrant müsabiqəsinə təqdim olunmuş layihələr arasında da bu istiqamət üstünlük təşkil edir. Müsabiqəyə təqdim olunmuş layihələrin mövzularından danışarkən E.Əmrullayev əlavə edib ki, istedadlı uşaqların aşkar edilməsi və dəstəklənməsi ilə bağlı layihələr daha çoxdur. Bu layihələrin maliyyə çəkisi də digərlərinə nisbətən yüksəkdir. Daha çox maliyyə ayrılan digər layihələr təhsil və maarifçiliklə bağlı tədbirlərin keçirilməsi, məktəbdənkənar fəaliyyətin təşkili və s. əhatə edir: “Düzdür, bu layihələrə həddən artıq çox müraciət olunub. Məktəbdənkənar fəaliyyəti əhatə edən layihələr şagirdlərin ekskursiyalara, müzeylərə aparılmasını əhatə edir. Lakin biz çalışırıq ki, 2-ci qrant layihəsinin mahiyyətinə uyğun olaraq daha çox innovativ layihələrə önəm verək. Bundan başqa, xüsusi çəkisi olan layihələr var. Onlardan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yəni təlimlə bağlı layihələr də genişdir”.
E.Əmrullayev bildirib ki, gələcəkdə bəzi xüsusi istiqamətlər üzrə də layihələrin təqdim olunması arzuolunandır. Onların arasında peşə təhsili ilə bağlı layihələrin yer almasını göstərmək olar: “Müxtəlif rayonlardan istər İKT, istər kurikulum, istərsə də beynəlxalq qiymətləndirmələrlə bağlı layihələr də maliyyələşdirilə bilər. Digər istiqamətlərin də adlarını sadalaya bilərəm. Onlardan psixoloji xidmətin təşkili, məktəb idarəetməsi, tədris metodik bazanın və məktəbin idarəedilməsi sisteminin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi, tədrisdə xüsusi STEM texnologiyalarından istifadənin inkişafı, o cümlədən tədrisin keyfiyyətinin idarə olunması ilə bağlı müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması ilə bağlı layihələri göstərmək olar”.
Yaxşı fikirlər olsa da, layihələr yaxşı yazılmır
E.Əmrullayev qeyd edib ki, qrant layihələri ilə bağlı bəzi müsbət meyillər müşahidə olunur: “Yaxşı hal odur ki, biz layihə təqdim edənlərin sayının 3 dəfə artdığını müşahidə edirik. Müəllimlərimiz bu cür layihələr verməkdə həvəslidirlər, maraqlıdırlar. Layihələrin təqdim olunması gedişində müşahidə olunan müsbət məqamlardan biri odur ki, müəllimlərimizin layihə işləmək səriştələri artıb. Biz müəllimlərimizə layihələrin işlənməsi qaydaları barədə təlimlər keçmək istəyirik. Bəzən problemli vəziyyətlər də yaranır. Problemli situasiyalardan biri odur ki, çox yaxşı fikirlər irəli sürülür, lakin layihələr sadəcə yaxşı yazılmır”. E.Əmrullayevin sözlərinə görə, layihənin büdcəsi çox düzgün, əsaslandırılmış və səmərəli yazılmalıdır. Bəzən müəllimlər ərizə formalarını götürüb məktub formasında müraciət edirlər: “Məsələn, mənim ideyam var, onun maliyyələşməsini istəyirəm. Təbii ki, bu layihələr qəbul olunmur. Yenə də deyirəm, layihə hazırlamaq, onu əsaslandırmaq özü də bir bacarıqdır. Təhsil Nazirliyi tərəfindən davamlı şəkildə maliyyələşdirildiyi halda məktəblərdə, müəllimlərdə də bu cür bacarıq və vərdişlər formalaşacaq və biz daha çox daha yaxşı yazılmış layihələr görəcəyik”.
Mükafatlandırma
E.Əmrullayev bildirib ki, bu il ərzində baş tutacaq layihələrə ayrılan vəsait 1 milyon manat dəyərindədir. Bu məbləğin yarısı məktəblərin, yarısı isə ayrı-ayrı təhsil müəssisələrində işləyən müəllimlərin təqdim etdikləri və qalib hesab olunmuş layihələrinin maliyyələşdirilməsinə sərf olunur.
Müsabiqə ancaq müəllimlər və məktəblər üçündür
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, çox zaman bu müsabiqəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi barədə yanlış düşüncələr olur: “Bir daha xatırladırıq ki, qeyri-hökumət təşkilatları bu müsabiqəyə cəlb edilmir. Müsabiqə ancaq tam orta təhsil müəssisələrində çalışan müəllimlər və məktəblər üçün nəzərdə tutulub”. Onun sözlərinə görə, adından da göründüyü kimi, təhsil qrantları ümumtəhsil müəssisələrində çalışan müəllimlərə və institusional olaraq məktəblərin özünə verilir.
Oruc MUSTAFAYEV |
|
25.05.2018 | 10:30 | |
|
|
|