100 yaşlı universitetin əfsanəvi məzunu

Hər bir universitet öz tarixi ərzində yetişdirdiyi yüksək səviyyəli, doğma  ali məktəbi,  həm də ölkəsinə şöhrət  gətirən, dünyaya töhfələr verən məşhur məzunları ilə tanınır. Hər hansı bir universitetin imici, onun milli, beynəlxalq nüfuz göstəricisi də məşhur məzunları ilə birbaşa bağlıdır.  Universitetin imicini məhz onun yetirdiyi məzunlar formalaşdırır. Və bir çox hallarda məhz bu məzunların tarixi xidmətləri tələbəsi olduğu ali təhsil müəssisəsinin, onun müəllim və tələbələrinin sonrakı nəsilləri üçün qürur mənbəyinə çevrilir.

 

100 illiyinə hazırlaşan Azərbaycan Dövlət Neft və Sənaye Univesiteti də çoxillik uğurlu tarixə malikdir. Ali məktəbin bir əsrlik tarixi ərzində yetişdirdiyi dünya şöhrətli məzunları xidmətləri ilə təhsil aldığı ali məktəbinə, təmsil etdiyi ölkəsinə başucalığı gətirmişlər.

 

Universitet öz tarixində minlərlə tələbənin həyatına işıq saçıb.  Müəllimlərin təcrübəsi və istedadı, tələbələrin təhsilinə diqqətli münasibət, ənənələrə sadiqlik - bütün bunlar bir çox məzunların gələcək taleyini müəyyən edib.

 

Universitetin məşhur məzunları arasında 1944-1949-cu illərdə ali məktəbin  neft-mədən fakültəsində təhsil almış  akademik  Azad Mirzəcanzadənin,  ilk qadın kimyaçı alimimiz, ilk milli kinoaktrisamız  İzzət Orucovanın,  1932-ci ildə “neft yataqlarının işlənilməsi və istismarı” ixtisası üzrə bitirmiş Nikolay Baybakovun,  1947-1952-ci illərdə geoloji-kəşfiyyat fakültəsinin məzunu Xoşbəxt Yusifzadənin,  1954-cü ildə geoloji-kəşfiyyat fakültəsini bitirmiş Fərman Salmanovun, 1956-cı ildə geoloji kəşfiyyat fakültəsini bitirmiş akademik Akif Əlizadənin, 1959-cu ildə avtomatika və telemexanika fakültəsində təhsil almış Sovet İttifaqı Qəhrəmanı kosmonavt Vitaliy Jolobov və onlarla digər şörkəmli insanların adlarını çəkmək olar.

 

Heç şübhəsiz ki, ADNSU-nun görkəmli məzunlarının uğur hekayələri bugünkü tələbələr və abituriyentlər üçün ilham mənbəyidir. Universitetin onlarla məzunu ölkəmizdə və xaricdə təhsil, elm, idarəçilik, sənaye və istehsal sahələrinin aparıcı şəxslərindən olmuşdur.

 

Ölkəmizin qocaman ali məktəblərindən olan ADNSU-nun 100 illiyinə həsr olunmuş budəfəki yazımız keçmiş Sovet İttifaqı kimi böyük bir imperiyanın tarixində əfsanəvi şəxsiyyət kimi tanınan sovet kosmik erasının banilərindən və Azərbaycana son dərəcə bağlı olan general Kərim Kərimovun xatirəsinə həsr olunub.

 

Əfsanəvi general

 

Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, general-leytenant Kərim Kərimov bütün həyatını sovet kosmonavtikasına, kosmosa və raket texnikasına həsr etmişdi. Sovet kosmik elmini azərbaycanlı general Kərim Kərimovsuz təsəvvür etmək çox çətindir. 50 il ərzində sovet kosmik aparatlarının və raket texnikasının yaradılması ilə məşğul olmuş Kərim Kərimov bu sahənin pionerlərindən hesab olunur. Onun raket texnikası sahəsində işləri hələ “soyuq müharibə” dönəmində Amerikada da ciddi maraq doğururdu. General K.Kərimov Dövlət Komissiyasının sədri kimi öz həyatında Yuri Qaqarinin kosmosu fəthi, ən mürəkkəb kosmik aparat və stansiyaların yaradılması kimi hadisələr  yaşamışdı...  Həyatının son günlərinə qədər sovet və Rusiya kosmik gəmilərinin uçuşları ilə bağlı ən problemli məsələlər onun yaxından iştirakı ilə həll olunub.

 

O, öz əməyinin bəhrəsini sevər, yüksək dəyərləndirərdi. Bütövlükdə isə onun bütün həyatı işə tabe idi.  Generalın sonadək Vətənə sədaqət nümunəsi olan həyatı olduqca gözəl və təəccüb doğuracaq dərəcədə maraqlıdır. 

 

Radiodan kosmonavtikaya

 

Kərim Kərimov  1917-ci il noyabrın 14-də Bakıda neftçi-texnoloq Abbasəli Kərimovun ailəsində dünyaya göz açıb. Onun atası Sankt-Peterburq Texnologiya İnstitutunu bitirərək Bakıya dönüb və Sürəyya xanımla ailə qurub. Yüksək ixtisaslı neftçi-mühəndis olan A.Kərimov tezliklə öz karyerasında irəliləyib. Onun xanımı, Bakıdakı elitar gimnaziyanın məzunu isə ev qayğıları ilə əhatə olunub. Ailədə 3 oğlan uşağı doğulub - Kərim, Süleyman və Mustafa. Lakin tezliklə bədbəxtlik baş verib. 1925-ci ildə Sürəyya xanım qəfil xəstəlik keçirib və tez bir vaxtda dünyasını dəyişib. Ataları ikinci dəfə evlənməyib və uşaqların tərbiyəsi ilə məşğul olub. Ona bu işdə mərhum xanımının valideynləri  də kömək ediblər. Bəlkə də ailədə hökm sürən ümumi səmimi münasibət  və bir çox cəhətdən qarşılıqlı anlaşma və qarşılıqlı yardım gənc Kərimin  xarakterini müəyyən etmişdi.

 

Onda uşaqlıq illərində radioya maraq yaranmışdı. Sonralar general Kərimov öz memuarlarında yazırdı: “Babamın evinin qarşısında, keçmiş kazarmaların binasında yaxşı insanlar  müxtəlif dərnəklər, o cümlədən radiotexnika ilə məşğul olmağa imkanı verən Uşaq Texniki Stansiyası təşkil etmişdilər. Mən məhz onda  texnikanın bu yeni istiqamətinə yönəlməyə başladım. Odur ki, mənim radioya marağım hələ məktəbəqədər uşaqlıq illərimdə başlayıb”.  O, artıq yuxarı siniflərdən işləməyə başlamışdı. Hələ 4-cü sinifdə oxuyarkən o dövrdə həddən artıq sirli və maraqlı hesab olunan  radiotexnika ilə maraqlanır, çoxsaylı kitablar oxuyur, radioqəbuledicilər yaradır  və hətta zavod istehsalı olan radio avadanlıqlarını təmir edirdi.  Orta məktəbi bitirdikdən sonra Novoçerkassk Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuş və 3-cü kursdan sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda (ADNSU) davam etdirmişdir.  Oxumaqla yanaşı, K.Kərimov ailəsini dolandırmaq üçün həm də işləyirdi. Birinci kursda ailə qurmuş,  1937-ci ildə doğulmuş qızına mərhum anası Sürəyyanın adını qoymuşdu.

 

Müharibə başlayan zaman bir çoxları kimi o da ön cəbhəyə can atıb, lakin onu cəbhəyə yaxın buraxmayıblar. O dövr üçün K.Kərimovun seçdiyi ixtisas olduqca nadir və qapalı idi.

 

Sənaye İnstitutunun istedadlı məzunu

 

K.Kərimov 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsini mühəndis-elektromexanik diplomi ilə bitirib.  O, döyüşən orduya yox, artilleriya akademiyasına göndərilir.  1943-cü ilin sonlarında F.Dzerjinski adına Artilleriya Akademiyasına qəbul olub. Çox maraqlıdır ki, Azərbaycan  Sənaye İnstitutunun ən perspektivli məzunu  kimi  yüksək hazırlıq səviyyəsi nəzərə  alınaraq K.Kərimov  Akademiyanın V kursuna (silahlanma fakültəsi) qəbul olunub.   

 

Tezliklə  akademiyanın rəhbərliyi kursantların təhsil müddətini bir il uzadır. 1943-cü ildə K.Kərimov minaların istehsalı üzrə diplom işini “əla” qiymətlərlə müdafiə edir və texnik-leytenant rütbəsində  Baş İdarənin sərəncamına göndərilir. Müharibənin taleyini həll etmiş  məşhur “katyuşa”lar məhz burada istehsal olunurdu. Qeyd olunmalıdır ki, “katyuşa” istehsalı heç də asan başa gəlməmişdi. “Katyuşa”ların vaxtından əvvəl partlayışlar törətməsi onun kütləvi istehsalına başlanmasına imkan vermirdi. Bu problemin həlli çoxlu qurbanlar hesabına başa gəlmişdi. Lakin Kərim Kərimov və onun əməkdaşlarının gərgin əməyi nəticəsində bu problem həll olunmuş, almanların Şərqə doğru irəliləməsinin qarşısı alınmışdı. Bir fakt da qeyd olunmalıdır ki, “katyuşa”   istehsalına Lavrenti Beriyanın idarəsi nəzarət edirdi. K.Kərimovun bu sahədə xidmətləri onunla nəticələnmişdi ki, müharibə qurtaran kimi onun növbədənkənar hərbi rütbəsi artırılmış  və “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdu. Bundan əlavə, sovet hərb sənayesi üçün perspektiv vəd edən K.Kərimov müharibədən dərhal sonra SSRİ Müdafiə Nazirliyinin mərkəzi aparatına göndərilmişdi. Onun bioqrafiyasında əsaslı dönüşün başlanğıcı 1946-cı ildə qoyulub.  Stalinin göstərişi ilə K.Kərimov bir qrup mütəxəssislə alman raket texnikasını öyrənmək üçün Almaniyaya - Nordxauzen şəhərinə ezam olunub. K.Kərimov burada “Fau-2” ballistik raketlər üzərində işləyib. Müharibədən sonra dağıdılmış alman raket texnikasının qalıqları  SSRİ-yə gətirilib və  burada yoxlanılıb.  Lakin Almaniyanın hərbi arsenalında olan raket texnikasını tədqiq etmək üçün xüsusi vasitələr tələb olunurdu. Məhz bu məqamda Kərim Kərimovun uşaqlıqdan maraq göstərdiyi sahə - radiotexnika köməyə gəldi. Heç  30 yaşı belə tamam olmayan, lakin SSRİ  Müdafiə Nazirliyinin ən məsuliyyətli şöbələrindən birinin rəisi olan K.Kərimov tabeliyində olan mütəxəssislərlə birlikdə Dövlət Komissiyasının iclasında o zaman üçün unikal radioteleölçü - “Don” sistemini yaratdı. Bu sistem uzun illər sovet raket texnikasına müvəffəqiyyətlə xidmət etmişdir. Sovet rəhbərliyi  K.Kərimovun zəhmətini yüksək qiymətləndirir - o, 1950-ci ildə  Stalin mükafatına layiq görülüb. 1960-cı ilin sentyabrında K.Kərimov Raket Qoşunları Baş İdarəsinin rəisi təyin olunub. 60-cı illərin ortalarına kimi o, qitələrarası ballistik raketlərin yaradılması üzərində isləyir, günlərlə vaxtını strateji təyinatlı raketlərin sınaq poliqonunda keçirirdi. Tezliklə  general K.Kərimov  strateji təyinatlı raket qüvvələrində ən aparıcı şəxsə çevrilib. General “Zenit” kəşfiyyat peyklərinin buraxılmasına şəxsən nəzarət edib. “Zenit” raket-kosmik kompleksinin tətbiqinə görə K.Kərimov Lenin mükafatına layiq görülüb. Daha sonra ona kosmos sahəsində işləməyi təklif  edirlər. “Bu təkliflə az qala xətrimə dəydilər. Yüksəkməxfi qitələrarası raketlərlə məşğul olurdum və birdən mənə tanış olmayan kosmos barədə təklif aldım”-deyə general sonralar xatırlayırdı. Lakin bir qədər sonra K.Kərimov kosmosun fəthində ilk pionerlərdən biri olmasına görə taleyinə minnətdarlıq edirdi. 1964-cü ildə yenicə yaradılmış Kosmik Vasitələrin Mərkəzi İdarəsinə, 1965-ci ildən isə raket və kosmik texnikanın yaradılması ilə məşğul olan SSRİ Maşınqayırma Nazirliyi Baş Kosmik İdarəyə rəhbərlik edib.  Bu vəzifədə fəaliyyətini davam etdirməklə yanaşı, K.Kərimov  1965-ci ildə pilotlu uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri təyin olunub və bu vəzifədə fasiləsiz olaraq tam 25 il çalışıb. 1975-ci ildə “Soyuz-Apollon” Sovet-Amerika birgə gəmisinin uçuşunu hazırlayıb. 1979-cu ildə pilotlu orbital stansiyanın uğurlu uçuşlarını təşkil etdiyinə görə Dövlət mükafatı alıb,

 

1987-ci ildə “Mir” çoxmodullu orbital  stansiyanın yaradılmasına görə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib. 1991-ci ildə 74 yaşında K.Kərimov istefaya çıxıb, lakin son günlərinə qədər uçuşların həyata keçirilməsi üzrə Dövlət Komissiyasının elmi məsləhətçisi işləyib.  General həftədə 2-3-dəfə mərkəzə baş çəkər, orbital stansiyada baş verənlərlə bağlı məlumatları qəbul edib, onları təhlil və sistemləşdirər, əməkdaşlarına dəyərli tövsiyələrini verərdi. 

 

K.Kərimovun fəaliyyətində planetlərarası stansiyalar, Mars, Venera və kometaların öyrənilməsi kimi xüsusi layihələr də var.  Bütün bunlar sovet kosmonavtikasının 50 illik tarixini əks etdirir və bütün bu layihələr Kərim Kərimovla sıx bağlıdır.         

 

“Yoldaş Dövlət Komissiyasının Sədri!”

 

On illər ərzində general-leytenant Kərim Kərimovu bu cür adlandırıblar.  “Uçuşa icazə verirəm”. Bu əmri verən şəxsin  çiyinlərinə son dərəcə ağır məsuliyyət yükü düşürdü. Yalnız və yalnız o, son qərar qəbul edirdi. Onun iki kəlmə sözü onlarla, yüz minlərlə insanın üzunillik zəhmətinə yekun vurur. İnsan düşüncəsinin taleyi, ağlasığmaz maddi xərclər və hətta insan həyatı  məhz ondan  asılı idi.     Baxmayaraq ki, o, kino-televiziya ekranlarının qəhrəmanı idi, onu çox az adam tanıyırdı. Onu yalnız arxa plandan çəkməyə icazə verirdilər. Onun səsini isə yalnız məşhur Levitanın səsi ilə müqayisə etmək olardı.

Sovet dövründə Baykonurdan  kosmonavtların üçüşundan hazırlanan bütün birbaşa yayımlarda bir azdan kosmosa yollanacaq gəmi heyətinə üz tutan, lakin üzü görünməyən bu general “Sizə uğurlu uçuş proqramı həyata keçirməyi və sağ-salamat doğma Yerə qayıtmağı arzulayıram” deyirdi. Bu səsin sahibi Kərim Kərimov uzun 25 il ərzində fasiləsiz olaraq kosmik, planetlərarası və pilotlu uçuşlar üzrə xüsusi Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb.  Bütün kosmonavtlar kosmosa qalxanda və uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. Həmin dövrdə televiziyada kosmonavtın hansısa bir şəxsə məruzə etdiyi nümayiş olunurdu. Kosmonavtın üzü görünsə də, onun məruzə etdiyi şəxsin televiziyada göstərilməsi qadağan idi. Sonralar məlum oldu ki, həmin şəxs məhz həmvətənimiz K.Kərimovdur.

 

Həyatda olduqca səmimi olan general Kərimovu  “gizli oyunlar”  çox üzürdü. Onlardan biri Aya ilk pilotlu proqram üzrə uçuşun təşkili ilə bağlıdır. O, bu layihənin həyata keçirilməsinə uzun illər bilik, enerji, var-qüvvəsini sərf etmişdi. K.Kərimovun layihəsi uğurlu sonluğunu gözləyirdi. Lakin... Bu barədə K.Kərimov sonralar öz xatirələrində bildirirdi:  -1961-ci ildə  mənim rəhbərlik etdiyim Maşınqayırma Nazirliyinin Baş İdarəsi qarşısında olduqca mürəkkəb və böyükhəcmli vəzifə qoyulmuşdu. Başlıca vəzifə Günəş sistemi planetinə və Aya avtomat və  pilot göndərmək idi.  O vaxt Sergey Korolyovun  rəhbərlik etdiyi konstruktor bürosu digər sifarişlərdən azad olunmuşdu və yalnız raket və kosmik tədqiqatlar üçün gəmilərin yaradılması ilə məşğul olurdu.  Ay və planetlərin  öyrənilməsi üçün ağırlığı 2 min ton  olan güclü N-1 raketinin yaradılmasına çalışırdıq. Lakin Nikita Xruşşov kosmik tədqiqatlar üçün nəzərdə tutulmuş vəsaitləri digər istiqamətlərə xərclədi. Nəticədə bu layihə baş tutmadı...       

 

“Məşğul olduğum işin adını belə söyləyə bilmədim”

 

Əfsanəvi şəxsiyyət, sovet kosmik proqramlarının əsas yaradıcılarından biri, general Kərim Kərimovun bütün həyatı kosmosla bağlı olub. 1966-cı ildən 1991-ci ilə kimi Baykonurdan kosmonavtların uçuşlarına şəxsən xeyir-dua vermiş və onları qarşılamışdır. Uzun illər K.Kərimovun başı üzərində qalın məxfilik pərdəsi asılıb... Yalnız 1987-ci ildən sonra Moskvada nəşr olunan “Pravda” və “Sovetskaya Rossiya” qəzetləri general K.Kərimovun şəxsiyyəti barədə ictimaiyyətə açıqlama vermişdi.  Kərim Kərimov özü məxfilik şəraitində fəaliyyətini belə şərh etmişdi: “Özümü çox pis hiss edirdim. Mən hətta məşğul olduğum işin adını belə söyləyə bilməzdim. Lap gülünc idi. Makinaçı mətni yığırdı, mətndəki “reaktiv” sözünü isə buraxırdı, bu sözü sonradan qələmlə mətnə daxil edirdilər. Çox vaxt lazım olan sənədi əldə etmək üçün nə qədər səy göstərmək tələb olunurdu! Mən hətta bu barədə sakitliklə də danışa bilmirəm. Əminəm ki, bizim məxfilik sistemimiz texnika sahəsində ABŞ-dan geridə qalmağımızın əsas faktorlarından biri idi” (“Novaya qazeta”).

 

Kərim Kərimovun işləri okeanın o tayında - Amerikada da diqqətlə izlənilirdi. Generalın əməyinin bəhrəsi olan “Mir” stansiyası istifadəyə verildikdən sonra Amerika mətbuatı yazırdı ki, ruslar amerikalıları 10 il qabaqladılar və indi kosmosa nəzarət edirlər.    

 

Kərim Kərimovun haqqında “Novıye izvestiya” qəzeti 12 aprel 2005-ci il sayında yazırdı: “Azərbaycanlı general Kərim Kərimovun adı tam 25 il ərzində mətbuat üçün qapalı idi, onu üzdən yalnız keçmiş SSRİ-nin rəhbərliyi tanıyırdı. Bu insanın fəaliyyəti Amerikanın NASA kosmik agentliyinin də diqqət mərkəzində idi, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi K.Kərimovla əlaqə qurmağa uğursuz cəhdlər edirdi”.  

 

Kərim Kərimovun sevincli anları

 

Kərim Kərimovun həyatında bir çox xoşbəxt və sevincli anlar olub. Bunlar təkcə kosmosla bağlı olmayıb. General Kərimov zahirən, ola bilsin, olduqca az diqqət cəlb edirdi, lakin  çox səmərəli ictimai iş aparırdı. O, istedadlı azərbaycanlı gənclərin Rusiyanın ali məktəblərində təhsil almalarına, Azərbaycanda kosmik elmin yaradılmasına kömək edirdi.

 

...K.Kərimov öz arxivindəki şəkillərə baxmağı sevərdi. Bu şəkillər arasında onun üçün ən qiymətlisi generalın xeyir-duası ilə kosmosu ilk dəfə fəth etmiş Yuri Qaqarindən aldığı “kosmosun atasına” yazılı avtoqrafdır.

 

 2001-ci ildə Rusiya prezidenti Vladimir Putin  Rusiya kosmonavtikasının inkişafındakı şəxsi xidmətlərinə görə Kərim Kərimovu “Vətən qarşısında xidmətlərinə görə” 4-cü dərəcəli ordenlə təltif edib.

 

K.Kərimovun yaxından köməkliyi ilə 1975-ci ildə Bakıda təbii ehtiyatların kosmik tətbiqi elmi mərkəzi yaradılıb. 1978-ci ildə bu mərkəz elmi istehsal birliyinə çevrilib və daha sonra onun bazasında milli aerokosmik agentliyi yaradılıb. Kosmik tədqiqatların inkişafında və Azərbaycanda Milli Aerokosmik Agentliyin yaradılmasında böyük xidmətlərinə görə Kərim Kərimov Azərbaycan Respublikasının ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib.

 

General K.Kərimov  Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

 

Sovet və dünya kosmonavtika  tarixində  şanlı  iz  buraxmış, hər bir azərbaycanlının fəxr etdiyi general Kərim Kərimov  2003-cü il martın 29-da vəfat edib. Moskvada azərbaycanlıların  da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilib.

 

Oruc MUSTAFAYEV



12.06.2020 | 12:27