İstedadlar elm, bilik sınağında

Azərbaycanda daha bir olimpiada hərəkatı başa çatmaq üzrədir. 33 mindən artıq biliyinə, ağlına güvənən şagirdin qoşulduğu  bu yarışda ən çətin tapşırıqların öhdəsindən gəlməyi bacaranlar finala çıxdı.  Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparıldı. Həmin mərhələdə hər fəndən aşağı yaş qrupu üzrə ən yaxşı 24 və 24-cü ilə eyni balı toplayan şagirdlər, yuxarı yaş qrupu üzrə isə ən yaxşı 48 və 48-ci ilə eyni bal toplayan şagirdlər mübarizə apardılar. Fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən uğur qazanan şagirdlər final turunda iştirak etdilər. Bu mübarizənin də qalibləri artıq bəllidir.

 

Olimpiadaya qoşulanların sayı 33 mini keçdi

 

Getdikcə böyüməkdə olan olimpiada hərəkatı bu il də artım dinamikasını davam etdirdi. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevin fikrincə, hər il olduğu kimi,  bu il də olimpiada hərəkatında fəallıq müşahidə olundu. Ancaq olimpiada qaydalarına uyğun olaraq, iştirakçıların sayı nə qədər artsa da, final mərhələsinə qatılanların sayı, demək olar ki, eyni qaldı: “Qaydalar sabit olduğundan olimpiadalara qatılanların sayının çoxalması final turunun iştirakçılarının sayına təsir etmir. Ona görə də bu mərhələnin iştirakçılarının sayı hər il təxminən eyni olur”.

 

Beləliklə, martın 28-29-na planlaşdırılsa da, karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq təxirə salınan fənn olimpiadalarının final turu nəhayət, iyun ayının birinci yarısında baş tutdu. İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika, iyunun 9-da Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, kimya və biologiya fənləri üzrə final turu keçirildi. İnformatika fənni üzrə isə final turu gələn həftəyə planlaşdırılır.

 

Ümumilikdə 588 şagirdin iştirak etdiyi final turuna hər bir fənn üzrə 72 şagird qatıldı.

 

Şərait dəyişdi

 

F.Qarayev deyib ki, yeni növ koronavirus  (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində şagirdlərin sağlamlığı məqsədi ilə final mərhələsinin iştirakçıları Bakıya gətirilməyib: “Onlar olimpiadaya yaxın rayonlarda müəyyən edilmiş mərkəzlərdə qatıldılar. Olimpiadaların keçirilməsi üçün Bakı, Mingəçevir, Qəbələ, Şirvan, Biləsuvar, Quba, Xaçmaz və Naxçıvan Muxtar Respublikası olmaqla  müxtəlif mərkəzlər müəyyənləşdirildi”.

 

Bununla da kifayətlənməyən təşkilat komitəsi iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə  koronavirusa qarşı qabaqlayıcı tədbirlər görüb. Olimpiadanın keçirildiyi mərkəzlərdə dezinfeksiya işləri aparılıb: “Mövcud vəziyyətlə əlaqədar olimpiadaların keçirildiyi məkanlar bir gün əvvəl dezinfeksiya edildi, COVID-19-a qarşı bütün qabaqlayıcı tədbirlər görüldü. Şagirdlərə maska və əlcəklər verildi, otaqlara spirtlər qoyuldu. Binaya daxil olan hər kəsin hərarəti ölçüldü. İstənilən mərkəzdə bir sinifdə maksimum 9 şagird əyləşdirildi. Şagirdlər arasında məsafə qorundu”.

 

Qaydalar dəyişmədi

 

Olimpiada qaydalarına uyğun olaraq hər fənn üzrə sualların sayı da, tapşırıqların həllinə verilən  vaxt da fərqlənib. Belə ki, münsiflər heyəti verdikləri sualların sayına və ağırlıq dərəcəsinə müvafiq olaraq vaxt təyin edib. Olimpiadaya riyaziyyat, fizika və kimya fənləri üzrə qatılan şagirdlərin tapşırıqları həll etməsinə 4, digər fənlər üçün isə 3 saat vaxt ayrılıb.

 

Sualların məzmununa gəlincə, olimpiada tapşırıqları kifayət qədər çətin, maraqlı və qeyri-standart olub. Fuad Qarayev məktəblərdə tədrisi karantin dövrünə düşən mövzuların olimpiada suallarına salınmamasına diqqət edilsə də, bunun şagirdlər üçün elə bir əhəmiyyətinin olmadığı qənaətindədir: “Olimpiadalarda kifayət qədər bilikli uşaqlar iştirak edir. Onların qarşısına karantin dövrünə düşən mövzuların gəlməsi problem yaratmayacaqdı. Olimpiadada, tutaq ki, riyaziyyat fənni üzrə IX sinfin proqramını əhatə edən elə sual salınar ki, tərtibatı, təqdim  edilməsi, məzmunu, qeyri-standartlığı ilə seçilən həmin tapşırıqları yuxarı sinif şagirdləri həll etməkdə çətinlik çəkə bilər. Ona görə də sualların proqram üzrə düşməsi əhəmiyyət kəsb etmir. Ancaq humanitar fənlər üzrə müəllimlər tədrisi karantin dövrünə düşən mövzular üzrə suallar salmamağa diqqət ediblər”.

 

Olimpiada nəticələrindən narazı qalanlar

 

Nəticələr artıq elan olunub. 2019-2020-ci dərs ili üzrə keçirilən respublika fənn olimpiadalarının finalçıları olimpiada.edu.az saytından öz nəticələrini öyrəniblər. Gözlənildiyi kimi, qərarla razılaşmayanlar da var. F.Qarayevin sözlərinə görə, öz nəticələrindən narazı qalan şagirdlər bununla bağlı müraciət edə bilərlər. 5 nəfərdən ibarət münsiflər heyəti ərizə əsasında yazı işlərinə yenidən baxır və müvafiq cavab verilir: “Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydasına əsasən olimpiadadan bir gün sonra şagirdlər münsiflər heyətiylə görüşərək yazı işinə birgə baxış keçirirlər. Biz buna “koordinasiya” deyirik. Bu il şərait imkan vermədiyindən nəticələrindən narazı qalan, yaxud hər hansı sualı yaranan şagirdlərin münsiflər heyəti ilə onlayn görüşünü təmin edəcəyik”.

 

Koordinasiya münsiflər heyətinin qərarına təsir edirmi?

 

Olimpiadanın çox önəmli hissəsi sayılan koordinasiya ona görə keçirilir ki, obyektivlik qorunsun, şagirdin yazı işlərinin düzgün qiymətləndirilməsi təmin edilsin: “Olimpiada bir elm müsabiqəsidir, test yarışı deyil. Elm müsabiqəsi ilə əlaqədar olan hər hansı qiymətləndirmə müəyyən sağlam, elmi, dürüst, obyektiv yanaşma və müzakirələrin nəticəsi olmalıdır. Şagirdlərlə münsiflər heyətinin görüşü, yazı işlərini birgə müzakirə etmələri məhz obyektiv qiymətləndirməyə xidmət edir. Olimpiada üçün koordinasiya şagirdlərin verilən tapşırığı tələb edilən müddət ərzində həll etməsi qədər önəmlidir”.

 

Bu önəmli prosesin nəticəsi əksər hallarda dəyişməsə də, şagirdin öz yazı işini elmi dəlillərlə münsiflər heyəti qarşısında sübut edib balını yüksəltmək şansı da çox olur. Fuad Qarayev belə faktlarla bağlı beynəlxalq olimpiadalardan nümunə çəkib: “Məsələn, 2009-cu ildə Almaniyada keçirilən beynəlxalq riyaziyyat olimpiadasında Azərbaycan məktəblisi həndəsədən sualın cavabını tam yazsa da, münsiflər heyəti onun cavabını 2 bal ilə qiymətləndirmişdi. Halbuki biz tam bal - 7 bal gözləyirdik. 2 balla qiymətləndirilməsinə səbəb isə bu idi ki, şagirdimiz iki fərqli üçbucağın təpə nöqtələrini adlandırarkən tələskənliyə yol verib hər iki üçbucağı “A” adlandırmışdı. Nəticədə münsiflər heyəti onun bir üçbucaqda həmin təpə nöqtə ilə əlaqədar tətbiq etdiyi teoremin digər üçbucağa aid olduğunu sanmışdı. Həmin yanaşma digər üçbucaqda ödənmədiyi üçün, sadəcə 2 bal vermişdilər. Birgə müzakirələrdə tətbiqin bu yox, digər üçbucağa aid olduğunu izah etdik. Şagirdimizlə bağlı qərar dəyişdirildi və o gözlədiyimiz kimi 7 bal ilə qiymətləndirildi. Ya da tam fərqli situasiya çıxır qarşımıza. Şagirdin yazısına müvafiq olaraq gözlədiyimiz baldan daha aşağı qiymətləndirmə ilə qarşılaşırıq. Nəticədə koordinasiya zamanı münsiflər heyətinin doğru qiymətləndirdiyinin şahidi oluruq”.

 

F.Qarayevin sözlərinə görə, respublika fənn olimpiadalarında apelyasiya yoxdur: “Final turunun nəticələri ilə bağlı münsiflər heyətinin fikri son qərardır. Düzdür, şagirdlər münsiflər heyəti ilə görüşə, yazı işini onlarla müzakirə edə bilərlər. Ancaq bu görüş “Qərarla razılaşmıram, bununla bağlı kimə şikayət edim?” xarakteri daşıya bilməz. İstənilən beynəlxalq olimpiadada da qayda belədir. Ümumiyyətlə, olimpiadalardan söhbət gedirsə, burada münsiflər heyətinin rəyi son qərardır”.

 

Olimpiada obyektivlik, şəffaflıq qorunmaqla həyata keçirilib. Yazı işləri kodlaşdırılıb. Münsiflər heyəti yoxladığı yazının kimə aid olduğunu bilməyib. F.Qarayevin sözlərinə görə, bu, onlar üçün heç maraqlı da deyil. Onlar düzgün qiymətləndirməyə və ən yaxşı işi müəyyənləşdirməyə çalışırlar. Təbii ki, münsiflər heyətinin də gözündən qaçan ola bilər: “Bu, beynəlxalq olimpiadalarda da baş verir. Yazı işlərinə baxış məhz bu məqsədlə həyata keçirilir. Hər hansı nüansın  unudulması, nəzərdən qaçırılması, yaxud şagirdin xəttinin başa düşülməməsi,  nə yazdığının anlaşılmaması ehtimalına qarşı şagirdlə bərabər yazının müzakirəsi aparılır. Şagirdlər və onların valideynləri unutmamalıdır ki, yazı işinə baxış prosesi bir apelyasiya deyil. Şagird və valideynlər elə hesab edirlər ki, münsiflər heyətinin qiymətləndirməsi ilə razı deyilsə, apelyasiya verə bilər. Ancaq bu, belə deyil. Münsiflər heyətinin verdiyi qərar əsasında təşkilat komitəsi medalçıları müəyyənləşdirir. Bu, kifayət qədər önəmli məsələdir”.

 

Münsiflər heyətinin rəyi, sadəcə bir yazının taleyini, bir iştirakçının olimpiadadakı yerini deyil, bütövlükdə  olimpiadanın nəticələrini, mükafatçılarının sayını müəyyənləşdirir. Belə ki, qoyulan qaydaya görə, final turunun nəticələrinə əsasən  iştirak edənlərin 50 faizi müvafiq medallarla təltif edilir. Ancaq nəticələr qaneedici deyilsə, iştirakçılar tapşırıqları düzgün yerinə yetirə bilməyibsə, uğursuz nəticə göstərənlər kifayət qədər çoxdursa, verilən medalların sayı nəzərdə tutulduğundan az da ola bilər: “Yəni, medalların hamısının mütləq veriləcəyi anlayışı yoxdur. Olimpiadada uğur qazananların sayı azdırsa, medal  verilmir. Münsiflər heyəti fikir və rəylərini təqdimat şəklində təşkilat komitəsinə bildirəcək. Yazı işlərinin müzakirəsi bitdikdən sonra 2019-2020-ci il respublika fənn olimpiadalarının nəticələrini elan edə biləcəyik”.

 

Hələlik, sırada İnformatika fənninin məktəbli biliciləri üçün son final yarışıdır. Sonra qaliblər mükafatlandırılacaq. Mükafatlandırılmayan, ya da mükafatlandırılan  50 faiz arasında qazandığı yerlə razılaşmayanlara da rast gələcəyik. Bunun təbii olduğunu deyən F.Qarayevin fikrincə, olimpiadada istedadlı şagirdlər iştirak edir, finala onların ən istedadlıları vəsiqə qazanır: “Şagirdlərin sağlam rəqabətə meyilli olması önəmlidir. Yaxşı xəbər ondan ibarətdir ki, medal qazana bilməyən şagirdlər arasında başqalarından daha zəif çıxış etdiyini anlayanların sayı olduqca çoxdur”.

 

Olimpiada təcrübəsi

 

Bir yarışda iştirak etmək, başqaları ilə mübarizədə zəif olduğunu anlamaq və bunu etiraf etməyi öyrənmək də olimpiadanın məktəblilərə qazandırdıqlarındandır. Bu mübarizədə zəif olduğunu anlayanlar da olacaq, zəif olmadığını münsiflər heyətinin qarşısında sübut etməyə çalışanlarda. Məktəblilərin respublika fənn olimpiadalarında mübarizəyə qoşulması və var gücü ilə yarışması onların elm yolunda ilk addımlarıdır. Bu addımların iti, qətiyyətli olması isə bir yarışın nəticəsi ilə hesablanmır. Bir yarış və onun nəticəsi məktəblilər üçün, sadəcə təcrübədir. Bir  çoxu bu təcrübədən çıxardığı “dərs”dən növbəti olimpiadalarda istifadə edəcək. Ancaq bu yarışın ən böyük qalibləri olimpiada təcrübəsini həyat təcrübəsinə çevirməyi bacaranlar olacaq.

 

Ruhiyyə DAŞSALAHLI

 



12.06.2020 | 11:03