“Məktəblilər üçün onlayn Mədəni İrs platforması”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Məktəblilər üçün onlayn Mədəni İrs platforması” layihəsinə start verilib. Proqramın interaktiv onlayn ekskursiyası ilk olaraq Qobustan Milli Tarixi-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Layihənin məqsədi COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri dövründə, həmçinin karantin rejimindən sonra da davamlı olaraq məktəbliləri onlayn platformada ölkəmizin tarixinin, mədəniyyətinin və incəsənətinin daha dərindən öyrənilməsinə cəlb etməkdən ibarətdir.

 

Platformanın  rəsmi açılışında Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev, Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, beynəlxalq mədəni irs üzrə mütəxəssislər, xarici arxeoloqlar və Azərbaycan məktəbliləri iştirak ediblər.

 

Respublika Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə bu layihənin ölkəmizin tarixi və mədəniyyəti ilə virtual əlaqə yaratmağa, milli və mənəvi dəyərlərlə yaxından tanış olmağa imkan verdiyini qeyd edib. Layihənin mütəmadi olaraq keçiriləcəyini, beynəlxalq və Azərbaycan muzeylərinin, tarixi abidələrin, qoruqların təbliğ edilməsinin əhəmiyyətini  bildirib. 

 

Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktoru Vüqar İsayev Azərbaycan ərazisində ən qədim mədəniyyət ocaqlarından olan Qobustanın UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilməsindən və xalqımızın tarixindən bəhs edib. Bildirib ki, qədim tarixi özündə əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir.

 

Daha sonra Qobustan Milli Tarixi-Bədii Qoruğunun direktor müavini Fikrət Abdullayev, Ukrayna Tarixi-Arxeoloji Qoruğunun direktor müavini Olqa Penyova, Stenford Universitetinin professoru Sergiu Musteata (Moldova), Tusi Bohm planetariumun direktoru Famil Mustafa, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin ekoloqu Abdin Abbasov çıxış ediblər.

 

Layihə iştirakçılarına virtual olaraq qoruq əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Qobustanın arxeoloji, mədəni, təbii abidələri haqqında, həmçinin qədim rəqs,  musiqi mədəniyyətinin formalaşdığı ərazilər və  "Qavaldaş" haqqında videoçarxlar təqdim olunub.

 



11.06.2020 | 15:13